Sənaye sektorunda çevik qərarların qəbulu və uçot sisteminin yaradılması mühüm vəzifələrdəndir2019-07-26 | Mühasibat uçotu | 4681Azərbaycanda həyata keçirilən islahatlarda sənayenin həm ümumi iqtisadiyyatda, həm də qeyri-neft ixracatında payının artırılması əsas hədəflərdən biri kimi müəyyənləşdirilib. "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin baş direktoru, millət vəkili Kamran Nəbizadə ilə söhbətimizin başlıca mövzusu da sənaye sahəsində gedən proseslərdir. - Kamran müəllim, ölkədə aparılan institusional islahatlar çərçivəsində 2017-ci il noyabr ayının 6-da dövlət başçısının fərmanı ilə Azərbaycan Sənaye Korporasiyası ASC yaradılıb. O vaxtdan bəri hansı işlər görülüb? - Azərbaycanda qlobal sənayeləşmə dövründə bizim korporasiyanın yaradılmasının əsas səbəbi "toksik aktivlər" adlandırılan problemli sənaye müəssisələrinin birləşdirilməsi, onların mərkəzləşdirilmiş qaydada idarə olunması idi. Bu sektorda korporativ inzibati idarəetmə üsulu, müasir iqtisadi idarəetmə və uçot qaydaları tətbiq olunmalı idi ki, müəssisələr rentabelliyə, səmərəliliyə nail olsunlar. Digər tərəfdən, iqtisadi siyasətimizdə qeyri-neft sektorunun sürətli inkişafı prioritet məsələ kimi qoyulub. "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin yaranması bu amillərlə bağldır. Atdığımız ilk addımlar qəbul olunan müəssisələrin və aktivlərin qiymətləndirilməsi oldu. Tender üsulu ilə məşhur "Ernst & Young" və KPMG audit şirkətləri ilə müəssisələri qiymətləndirdik. Korporasiyaya ötürülən 52 müəssisədən restrukturizasiya nəticəsində 19 müəssisə formalaşdırdıq. Bu gün 19 müəssisə üzrə "Azərbaycan Sənaye Korporasiyası"nın əsas vəsaitlərinin balans dəyəri 524 milyon manat təşkil edir. Nizamnamə kapitalının dəyəri isə 669 milyon manatdır. - Bu cür təcrübə dünya praktikasında necə tətbiq olunur? - Post-krizis situasiyaları yaşayan hər bir ölkədə bu praktika tətbiq olunur. Məsələn, Almaniyada İkinci Dünya müharibəsindən sonra dövlət bu qaydada bir çox müəssisələri və səhmləri öz üzərində cəmləşdirərək, onların idaərəetmə qaydalarını dəyişib, daha sonra sağlamlaşdırılmış şəkildə özəlləşdirməyə çıxarmışdı. Bu "toksik aktivlər" vahid və uçotu düzgün təşkil olunmuş bir mərkəzdən idarə olunmasa, müəssisələr ya bağlanma ilə üzləşəcək, ya da öz fəaliyyətlərini neqativ göstəricilərlə davam etdirəcəkdi. Dövlətimiz sosial yönümlü siyasət aparır. Bu siyasətdə əsas amil insan faktorudur. Bizim fəaliyyətimizdə də sosial faktor ən önəmli əhəmiyyət kəsb edir. İşçilərin əmək qabiliyyətini attestasiya ilə qiymətləndirərək, onları işlə təmin etmişik. Dövlət uçot və idarəetmə sistemini qurmağı bizə həvalə edib. Gələcək strateji hədəfimiz müəssisələrin rentabelliyinin təmin edilməsidir. - Korporasiyanın tərkibində aqrar sahədən tutmuş, ağır metallurgiya, tikinti sənayesinədək müxtəlif sahələr, hər cür fəaliyyət istiqaməti var. Yəqin ki, bu, korporasiyadan xüsusi idarəetmə modeli tələb edir... - Ən ümdə hədəfimiz sistemli praktiki addımlar ataraq strateji hədəflərə çatmaqdır. Çevik qərarların qəbulu və uçot sisteminin yaradılması bu hədəflərə daxildir. Hər iki hədəf üzrə iş aparılır. Korporasiya üzrə birgə, vahid elektron kargüzarlıq sistemi yaradılıb, bunun sayəsində müəssisələrarası kargüzarlıq daha çevik icra olunur. Bu, verilən qərarların operativliyinə də təsir edir. Elektron bank sistemi tətbiq olunmağa başlayıb. Əsas vəzifələrimizdən biri səmərəliliyə nail olmaq, korporativ idarəetməni təmin etmək üçün müəssisələr üzrə xərclərə və gəlirlərə nəzarəti təşkil etmək idi. Bunun üçün də mərkəzləşdirilmiş elektron bank sistemini tətbiq etmişik. Bu sahədə xərclərin optimmallaşdırılması üzrə iş aparırıq. Optimallaşmaq sadəcə azalma demək deyil, daha geniş anlayışdır. Hər bir halda, çalışırıq ki, vəsaitlərə qənaət olunsun, xərclər düzgün yönləndirilsin ki, daha şəffaf olsun, daha lazımı yerlərə xərclənsin. Gəlirlərin artımı da mühüm məsələdir. Müəssisələrdə bu istiqamətdə işlər aparılır. ERP 1C sisteminin tətbiqinə başlamışıq. Bu, çox çətin sistemdir, bütün komponentləri və blokları üzrə korporasiyanın mərkəzi aparatında tətbiq edildikdən sonra digər müəssisələrdə tətbiqinə başlanılıb. Proqram həm mühasibat, həm də bütün istehsal proseslərini əhatə edən, təchizat və satış, maliyyə, hüquq və korporativ xidmətləri modullarında əks etdirən genişformatlı uçot proqramıdır. - Müəssisələrdə istehsal həcmi ilə bağlı vəziyyət necədir? Bir il qiymətləndirmə üçün az zaman olsa da, əvvəlki istehsal həcmi ilə müqayisədə hansı nəticələr var və planlarınız nədir? - Strateji araşdırmalar aparırıq. Müəssisələri 4 qrupa bölmüşük: yüksək rentabelli, orta rentabelli, az rentabelli və rentabelsiz. Həm dövriyyəsinə, həm də istehsal həcminə görə "Azəraliminium" MMC, "Azərpambıq" MMC, "Azərtütün" MMC, "ASK-şüşə" MMC, "ASK-ayaqqabı" fabriki bu gün yüksək və orta rentabelli müəssisələr hesab oluna bilər. Alüminium sahəsi irihəcmli sahədir. Son 4 ayın yekunlarına görə, qeyri-neft sektorunda dövlət müəssisələrinin ixracat reytinqində bizim korporasiyanın 3 təşkilatı təmsil olunub. Alüminium sahəsində artıq billet istehsalının başlanmasına nail olmuşuq ki, bu da yeni əlavə dəyər gətirən məhsulun istehsalı deməkdir. Bundan əlavə, 6 strateji istiqamət üzrə strateji plan müəyyənləşib və bu sahədə xarici şirkətlərlərlə ilkin danışıqlar aparılır. Danışıqların mövzusu Gəncə gil-torpaq zavodunun bərpası və xaricdən gələn boksitlərin emalı, yeni anod blokları istehsal edən zavodun tikintisi, istehsal gücünün 50 min tondan 100 min tona çatdırılması, Avropa standartlarına cavab verən soyuq yayma alüminium təbəqələrinin istehsalı, alunit yataqlarının işlənməsi kimi məsələləri əhatə edir. Bu yaxınlarda Daşkəsən alunit yataqlarının işlənməsinə dair beynəlxalq tender elan etmişik. Bizim alunit yataqlarımızdan oksid alüminiumun çıxış faizi və emal prosesi düzgün qurulsa, alüminium sahəsində xaricdən gələn xammalın istifadəsindən tam azad olacağıq və alunit üzrə güclü alüminium məhsullarının daha aşağı maya dəyərinə nail olub, öz məhsullarımızın xarici bazarlara daha rəqabətli çıxışını təmin edə biləcəyik. - Aqrar sahədə ənənəvi olaraq müəyyən müddət istehsal həcmi azalmış sahələrin yenidən dirçəldilməsinin şahidiyik. Bu sahədəki işləriniz barədə nə deyə bilərsiniz? - Pambıqçılığa həsr olunmuş müşavirələrdə ölkə başçımız cənab İlham Əliyev dəfələrlə vurğulayıb ki, ekstensiv qaydadan intensiv qaydaya keçməliyik. Biz keçən il pambıqçılıqda 29 min hektarda əkin aparmışdıqsa, bu il qərar qəbul etdik ki, yenə 29 min hektarda da davam edək və eyni sahədən istehsal həcmini, məhsuldarlığı artıraq. Keçənilki göstəricimiz əvvəlki illərə baxanda daha yüksəkdir. 3-4 il əvvəl 1 hektardan məhsuldarlıq 14, 15, 16 sentner idisə, keçən il 1 hektardan 19,5 sentner məhsuldarlığa nail olduq. Builki hədəf 22-25 sentnerdir. Ümumilikdə keçən il 29 min hektardan 56 min ton pambıq yığdıq. Bu il 70-75 ton pambıq yığmağı planlaşdırmışıq. Burda da xərclərin tam şəffaf və rasional olmasına nəzarət edirik. Xərclərin əvvəlki illərlə müqayisəsini aparırıq. Dünya təcrübəsindən yararlanırıq. Ən əsas amil odur ki, fermerlərlə əlaqəli işləyirik, hər an onlarla ünsiyyətdə olub qayğıları ilə maraqlanırıq. Su, texnika və s. problemlərimiz olur ki, korporasiyanın işçi heyəti bu problemləri diqqətdə saxlayır, aqronomlarımız mütəmadi olaraq sahələri baxışdan keçirirlər. Korporasiya üzrə ştatda olan işçilərin sayı 5.500-ə yaxındır. Fermerlər üzrə əmək resursu 14.000 təşkil edir. Multiplikativ olaraq nəzərə alsaq ki, hər fermer işləri görmək üçün ən azı 3-4 nəfər muzdlu işçi cəlb edir, korporasiyanın əmək resursunun təxminən 58.000 nəfərə çatdığını deyə bilərik. Çalışırıq ki, kənd təsərrüfatı şirkətləri üzrə korporativ xidmətlər sahəsini gücləndirək. Kənd təsərrüfatı emalı müəssisələri sırasında böyük işlər görülüb. 2015-ci ildə cəmi 236 ton yaş barama təhvil alınmışdısa, keçən il bu rəqəmi 514 tona çatdırdıq. Bu il isə 634 ton yaş barama istehsal olunub. Artım üç dəfəyə yaxındır. Burda da bir sıra problemlər mövcud idi. Çindən yeni baramaboğan avadanlıq alınıb, qazanxana yenidən qurulub. Bu gün digər emal avadanlıqları da yenidən qurulmalıdır. Məqsədimiz avadanlığı modernləşdirməklə emal prosesinin 6-7 aya başa çatdırılmasıdır: bununla həm maya dəyəri aşağı, həm də keyfiyyəti yüksək xam ipəyin istehsalına nail olmaq mümkündür. Hər bir sahə üzrə istehsal həcmini dövlət proqramlarına uyğun planlaşdırırıq. Gələn ildən barama istehsalının həcmini 1.000 tona çatdırmağı nəzərdə tuturuq. Bu sahəni gücləndirmək üçün xüsusi dövlət dəstəyi var. Onu da xüsusi vurğulamaq istərdim ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səylərinin nəticəsində kəlağayının UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə reprezentativ siyahısına daxil edilməsi bizim də üzərimizə milli irsimiz olan kəlağayının istehsalının qorunub saxlanılması və xaricdə satışı və təbliği üzrə yeni vəzifələr qoyur. - Yerli kadrların bu işlərə cəlbi məsələsində Sənaye Korporasiyası hansı işləri görür? - İqtisad Universiteti,Texniki Universitet, Diplomatiya Akademiyası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə sıx əməkdaşlıq edirik. Bu, nəzəri biliklərə əlavə dəyər verilməsi deməkdir. Çalışırıq ki, əməkdaşlıq kağız üzərində qalmasın. Yeni yaranan iş yerlərində öz yerli mütəxəssislərimizi, işçi qüvvəmizi görmək istəyirik. Texniki Universitetlə əməkdaşlığımız artıq praktiki şəkil alıb. Tələbələr alüminium zavodunda təcrübə keçiblər. "Azəralüminium" MMC-nin nəzdində tələbələr üçün təcrübə-sınaq mərkəzi yaratmaq istəyirik. Yalnız elm ilə istehsalatın, nəzəriyyə ilə təcrübənin birləşməsi hər sahədə uğur gətirə bilər. Fəxriyyə İKRAMQIZI |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.