e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Riskli vergi ödəyicisi siyahısına daxil edilmə və həmin siyahıdan çıxarılma qaydası müəyyənləşib

2024-11-24 | Vergilər | 39

Vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydası və şərtləri müəyyənləşib.

APA-nın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na dəyişiklik edib.

Beləliklə, riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarından ən azı birinə cavab verən əməliyyat üzrə vergi ödəyicisinə, habelə müvafiq əməliyyat üzrə həmin şəxsin təqdim etdiyi elektron qaimə-faktura üzrə malların (iş və xidmətlərin) alıcısına əməliyyatın aparıldığı (elektron qaimə-fakturanın təsdiq edildiyi) tarixdən 15 iş günü ərzində aparılmış əməliyyatın riskli olması barədə bildiriş-xəbərdarlıq göndərilir. Bildiriş-xəbərdarlıq elektron üsulla həmin şəxslərin elektron kabinetinə göndərilir. Bildiriş-xəbərdarlıqda əməliyyatların riskli hesab edilməsinə əsas yaradan halların aradan qaldırılması, əməliyyat üzrə təqdim edilmiş elektron qaimə-fakturanın ləğv edilməsi, əlavə izahat, əməliyyatın həqiqiliyini təsdiq edən məlumat və sənədlərin təqdim edilməsi tələb olunur.

Bildiriş-xəbərdarlıq göndərildikdən sonra 5 (beş) iş günü ərzində qeyd olunan hallar bütövlükdə aradan qaldırılmadıqda, əməliyyat üzrə təqdim edilmiş elektron qaimə-faktura ləğv edilmədikdə, habelə tələb olunan əlavə izahat, əməliyyatın həqiqiliyini təsdiq edən məlumat və sənədlər təqdim edilmədikdə Dövlət Vergi Xidməti tərəfindən vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilərək 1 (bir) iş günü ərzində elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərilir və əmtəəsiz əməliyyatla bağlı Vergi Məcəlləsinin 58.15-1-ci maddəsinə uyğun olaraq maliyyə sanksiyası tətbiq edilir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qərar həmin qərarın qəbul edilməsinə əsas olan əməliyyatın aparıldığı tarixdən qüvvəyə minir. Vergi ödəyicisinin mövcud resurslarının müvafiq işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün yetərli olmaması halı üzrə vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi müəyyən edilmiş müddətdə vergi orqanı tərəfindən cəlb edilmiş mütəxəssisin yazılı şəkildə bildirdiyi fikri və ya ekspertin rəyi əsasında həyata keçirilir. Aparılmış əməliyyat üzrə barəsində riskli vergi ödəyicisi elan edilməsi ilə bağlı qərar qəbul edilmiş vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması tələblər nəzərə alınmaqla, vergi ödəyicisinin elektron qaydada təqdim etdiyi ərizəsi əsasında həyata keçirilir. Vergi ödəyicisinin ərizəsinə əməliyyatların riskli hesab edilməsinə əsas yaradan halların aradan qaldırılması ilə bağlı və ya əməliyyatın həqiqiliyini təsdiq edən məlumat və sənədlər əlavə edilir.

Digər dövlət orqanından (qurumundan) daxil olan məlumata və ya vergi nəzarəti tədbirinin nəticəsinə əsasən riskli vergi ödəyicisi elan edilməsi ilə bağlı qərar qəbul edilmiş vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması vergi orqanının təşəbbüsü ilə həyata keçirilə bilər.

Aşağıdakı hallarda vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısından çıxarılması ilə bağlı qərar qəbul edilir:

- vergi ödəyicisinin təqdim etdiyi əlavə izahat, əməliyyatın həqiqiliyini təsdiq edən məlumat və sənədlər, keçirilmiş xronometraj müşahidələrin nəticələri barədə məlumatlar əsasında, habelə vergi nəzarəti ilə rəsmiləşdirilmiş əməliyyatlar, əməliyyatların həqiqiliyini təsdiq edən dövlət orqanlarının (qurumlarının) təsdiqedici sənədləri və ya məlumatları ilə əməliyyatların riskli hesab edilməsinə əsas yaradan halın olmadığı aşkar edildikdə;

- aparılmış əmtəəsiz əməliyyata münasibətdə riskli vergi ödəyicisi tərəfindən maliyyə sanksiyası tam həcmdə ödənildikdə.

Ərizə daxil olduğu tarixdən etibarən 20 iş günü müddətində vergi orqanı tərəfindən baxılaraq vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısından çıxarılması və ya bundan imtina olunması barədə qərar qəbul edilir və 1 (bir) iş günü müddətində vergi ödəyicisinin elektron kabinetinə göndərilir. Müəyyən edilmiş şərtə əməl edildikdə ərizənin daxil olduğu tarixdən 3 (üç) iş günü müddətində vergi ödəyicisinin aparılmış əməliyyat üzrə riskli vergi ödəyicisi siyahısından çıxarılması barədə qərar qəbul edilir və 1 (bir) iş günü müddətində vergi ödəyicisinin elektron kabinetinə göndərilir.

Tələblərə tam və ya qismən əməl edilməməsi aparılmış əməliyyat üzrə vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısından çıxarılması ilə bağlı müraciətinə imtina edilməsi üçün əsasdır. Bu Sənəddə nəzərdə tutulmuş hallarda vergi ödəyicisindən sənədlərin və məlumatların tələb edilməsi Vergi Məcəlləsinin tələbi nəzərə alınmaqla həyata keçirilir.

Firuzə Vahid

Mənbə: https://apa.az/sahibkarliq/riskli-vergi-odeyicisi-siyahisina-daxil-edilme-ve-hemin-siyahidan-cixarilma-qaydasi-mueyyenlesib-877311


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.