e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Maliyyə lizinqi

2019-11-21 | Vergilər | 3845

Əmlak sahibi həmin əmlakı icarəyə götürən şəxsə 2 formada - əməliyyat icarəsi və maliyyə icarəsi qaydasında icarəyə verə bilər. Əməliyyat icarəsi qaydasında icarəyə götürən icarə obyektini icarəyə götürür, müqavilə üzrə aylıq icarə haqqlarını icarəyə verənə ödəyir və müqavilənin sonunda icarə obyektini yenidən obyektin mülkiyyətçisinə geri qaytarır. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Əgər icarəyə götürən icarə obyektini maliyyə icarəsi qaydasında götürürsə, belə müqavilə maliyyə lizinqi müqaviləsi adlanır və müqavilənin şərtinə uyğun olaraq müqavilə müddətinin sonunda icarə obyekti icarəyə götürənin mülkiyyətinə keçə bilər. Ümumiyyətlə, əmlak icarəsi o zaman maliyyə lizinqi sayılır ki, icarə müddətinin sonunda əmlak icarəyə götürənə keçsin və ya əvvəlcədən müəyyən edilmiş qiyməti ödəməklə onu almaq hüququ olsun.

İcarə müddəti əmlakın istismar müddətinin 75 faizindən artıq olarsa, ödənilən icarə haqqı məbləğlərinin cəmi əmlakın icarənin əvvəlinə olan bazar qiymətinin 90 faizindən çox olarsa, icarə müddəti bitdikdən sonra əmlakın qalıq dəyəri icarənin əvvəlinə bazar dəyərindən 20 faizindən az olarsa və müqavilədə bu şərtlərdən biri nəzərdə tutularsa, o zaman bu müqavilə maliyyə lizinqi müqaviləsi hesab edilir və Vergi Məcəlləsinin 140-cı maddəsinin və Mülki Məcəllənin 747-ci maddəsinin tələbləri əsas götürülür. Şərtlərdən də göründüyü kimi, bəzən maliyyə lizinqi müqaviləsi üzrə əmlak müqavilə müddətinin sonunda icarəyə götürənin mülkiyyətinə verilməyə də bilər. Lakin şərtlərə diqqət yetirsək, görərik ki, icarəyə götürən icarə müddəti ərzində əmlakdan maksimum dərəcədə faydalanır.

Qeyd edək ki, Vergi Məcəlləsinin 01 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən maliyyə lizinq müqaviləsi üzrə lizinq alan mütləq fərdi sahibkar və hüquqi şəxs olmalıdır. Maliyyə lizinqi müqaviləsinin predmeti isə mütləq əsas vəsait kateqoriyasına aid edilən daşınan və daşınmaz əmlak olmalıdır.

Maliyyə lizinqi əməliyyatları Vergi Məcəlləsinin 13.2.14-cü maddəsinə əsasən maliyyə xidməti əməliyyatlarıdır, bu əməliyyatları həyata keçirən şəxslər sadələşdirilmiş vergi ödəyici ola bilməzlər. Maliyyə lizinqi əməliyyatları Vergi Məcəlləsinin 164.1.2-ci maddəsinə əsasən ƏDV-dən də azaddır.

Misal.

Tutaq ki, lizinq şirkəti dəyəri 100.000 manat olan əsas vəsait kateqoriyasına aid edilən əmlakı aylıq 10.000 manat məbləğində 12 aylıq digər şəxsə icarəyə verir. Müqavilənin şərtinə əsasən müqavilə müddətinin sonunda əmlak icarəyə götürənin mülkiyyətinə keçir. Nəzərə alsaq ki, əmlak müqavilə müddətinin sonunda icarəyə götürənin mülkiyyətinə keçir, o zaman bu icarə əməliyyatı maliyyə lizinqi əməliyyatı sayılır. Müqavilə üzrə lizinqə alanın 12 ay ərzində ödədiyi 120.000 manat məbləğin 100.000 manatı əmlakın öz dəyəri, 20.000 manat isə mükafat, faizdir.

Əmlak müqavilə müddətinin sonunda lizinq alanın mülkiyyətinə keçdiyi üçün müqavilə müddəti bittikdən sonra lizinq verən təqdim etdiyi əmlaka görə 100.000 manat məbləğində elektron qaimə-fakturanı lizinq alana təqdim edir. Lakin ödəniş cədvəlinə uyğun olaraq faiz, mükafat məbləğləri üçün hər ay üçün elektron qaimə-faktura göndərir. 20.000 manat faiz, mükafat məbləği lizinq verənin bu lizinq əməliyyatından gəliri sayılır və mənfəət vergisinə cəlb edilir. Həmçinin lizinq alan da lizinqə verənə ödədiyi 20.000 manat faiz, mükafat məbləğini öz gəlirindən çıxılan xərclərinə aid edir və əldə etdiyi əmlakı öz balansında əsas vəsait kimi əks etdirir.

Vergi Məcəlləsinin 123.1-ci maddəsinə əsasən, lizinqə alan ödədiyi 20.000 manat faiz üzrə ödəmə mənbəyində vergini tutmur və tam olaraq həmin məbləği lizinq verənə ödəyir. Qeyd etdiyimiz kimi, lizinq əməliyyatları ƏDV-dən azad olduğu üçün lizinq verənin lizinq əməliyyatı üzrə 100.000 manat dəyərində təqdim etdiyi əmlak və əldə etdiyi faiz məbləğləri ƏDV-yə cəlb edilmir.

Hazırladı:

Fəxriyyə İKRAMQIZI

Mənbə: https://vergiler.az/news/taxes/5687.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.