Bina tikən şirkətlər üçün məlumat forması təqdim edilib2019-12-25 | Vergilər | 3397Vergi Məcəlləsinə edilən dəyişikliklərdən biri də bina tikintisi fəaliyyətinin vergiyə cəlb olunması ilə bağlıdır. 1 yanvar 2020-ci ildən bu fəaliyyətlə məşğul olan şəxslərin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnun ləğv edilməsi nəzərə tutulub. Gələn ildən həmin şəxslər vergi öhdəliklərini vahid metodla - ƏDV və mənfəət vergisinin ödəyicisi kimi yerinə yetirmələri planlaşdırılıb. Həmin tarixədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlayan və sadələşdirilmiş vergitutma metodunu tətbiq edən vergi ödəyiciləri tikinti-quraşdırma işləri üzrə vergiləri əvvəlki qaydada ödəyəcəklər. Həmin şəxslərin dairəsini dəqiqləşdirmək üçün Vergilər Nazirliyi bu günlərdə 2019-cu ilin dekabrında tikintiyə başlayan fiziki və hüquqi şəxslərə müraciət edərək bu barədə vergi orqanlarına məlumat vermələrini tövsiyə edib. Məsələyə aydınlıq gətirən iqtisadçı ekspert Radil Fətullayev bildirib ki, bina tikintisi ilə məşğul olan şirkətlər indiyədək sadələşdirilmiş vergi ödəyiciləri olublar: "Dəyişikliklərdə qeyd olunub ki, onlar yanvar ayının 1-dək tikintisinə başladıqları bina haqqında məlumat verməlidirlər. Dekabr ayında yeni binanın tikintisinə başlayıblarsa, binanın özülü tökülməyə başlayanda növbəti hesabat dövrü üzrə sadələşdirilmiş bəyannamə göndərməlidirlər. Əgər həmin şəxslər bina tikintisinə başlayıblarsa, onlar yanvarın 1-dək bu barədə vergi orqanlarına məlumat göndərməlidirlər. Məhz həmin məlumat əsasında tikintisinə başlanan bina sadələşdirilmiş vergi obyekti olaraq qeydə alınacaq. Hesablaşmalar da buna uyğun aparılacaq". Yanvarın 1-dən sonra həmin müəssisələrin tikdikləri binanı sadələşdirilmiş vergi rejimində vergiyə cəlb olunması mümkün olmayacaq. Onlar yeni qayda ilə ƏDV və mənfəət vergisi metodunu tətbiq etməli olacaqlar. Buna görə bina tikintisi fəaliyyəti ilə məşğul olan sahibkarlar 2019-cu ilin dekabr ayında tikinti-quraşdırma işlərinə başladıqları binalara görə vergi metodu barədə 2020-ci il 1 yanvar tarixinədək məlumat verilməsi əsas şərtdir. Onu da deyək ki, bina tikintisi ilə məşğul olan şəxslər tikinti-quraşdırma işləri üzrə seçdikləri vergitutma metodu barədə məlumat formasını Vergilər Nazirliyinin rəsmi saytından əldə edə bilərlər. Fərqanə ALLAHVERDİQIZI |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.