e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Fiziki şəxslərə dövlətin maliyyə dəstəyi gəlir sayıla bilərmi?

2021-01-15 | Vergilər | 4336

Pandemiya dövründə hüquqi şəxslər üçün dövlət tərəfindən işçilərin əməkhaqqına ayrılmış kompensasiya ilə bağlı vergi məsələlərinə aydınlıq gətirmişik. Bu yazıda isə sərbəst auditor Altay Cəfərov vergi ödəyiciləri olan fiziki şəxslərə dövlətin maliyyə dəstəyinin gəlir kimi nəzərə alınıb-alınmaması sualına aydınlıq gətirir.

Misal: Tutaq ki, fiziki şəxs kimi qeydiyyatda olan sahibkar pandemiyadan zərər çəkmiş vergi ödəyicisidir və büdcədən onun bank hesabına əməkhaqqı məbləğlərinin kompensasiyası çərçivəsində 1000 manat, sahibkarlara maliyyə dəstəyi proqramı çərçivəsində 500 manat - cəmi 1500 manat vəsait köçürülüb.

Sual: Fiziki şəxs 2020-ci ilin gəlir vergisi bəyannaməsini təqdim etdikdə 1000 manatı, 500 manatı və ya bu məbləğlərin cəmini (1500 manatı) gəlir kimi nəzərə almalıdırmı?

Vergi Məcəlləsinin 97-ci maddəsinə diqqət yetirək:

Maddə 97. Gəlir

97.1. Rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir.

97.2. Qeyri-rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikası mənbələrindən əldə etdiyi gəlirlərdən ibarətdir.

97.3. Gəlirlərə aiddir:

97.3.1. muzdlu işlə əlaqədar əldə edilən gəlir;

97.3.2. muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir;

97.3.3. vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər gəlirlər.

Maddədən aydın olur ki, fiziki şəxs sahibkarın muzdlu işdən, muzdlu işə aid olmayan gəlirləri və digər gəlirləri vergiyə cəlb edilən gəlirlərdir. Bəs Məcəllədə gəlir dedikdə nə nəzərdə tutulur?

13.2.12. Gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir.

Fiziki şəxslərin muzdlu işdən, muzdlu işə aid olmayan gəlirlərinin açıqlanması Vergi Məcəlləsinin 98-ci və 99-cu maddələrində verilib. Bu maddələrin müddəalarına əsasən, nəzərdən keçirdiyimiz misaldakı 1500 manat məbləğində maliyyə dəstəyi həmin maddələrdə əhatə olunan gəlirlərə aid deyildir. Odur ki, maliyyə dəstəyi çərçivəsində alınmış məbləğ sahibkarın digər gəlirləri, yaxud satışdankənar gəlirləri hesab edilməlidir.

Satışdankənar gəlirlər - digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəkilində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləridir.

Deməli, malların, işlərin və xidmətlərin təqdim edilməsi ilə bağlı olmayan istənilən digər əməliyyatlardan əldə olunan gəlir satışdankənar gəlir sayılır.

Odur ki, baxdığımız misalda sahibkarın büdcədən aldığı 1500 manat məbləğ onun satışdankənar gəliri kimi uçota alınmalıdır.

Sual: Sahibkarın bu kimi gəliri vergidən azad olunmayan və ya güzəşt məbləği kimi qiymətləndirilirmi?

Bu sualın cavabı üçün Vergi Məcəlləsinin 102-ci maddəsinə nəzər yetirməliyik. Həmin maddədə maliyyə dəstəyi kimi ödənilmiş gəlirlərin vergidən azad olunması ilə bağlı konkret bənd yoxdur. 102.1.3-cü maddədə “ maddi yardım” və 102.1.4-cü maddədə “əvəzsiz dövlət köçürmələri”, “Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar” kimi ifadələrə rast gəlinir.

Bəzi sahibkarlar bunları əsas gətirərək maliyyə dəstəyi çərçivəsində alınmış məbləğlərin vergidən azad olunan gəlir olduğunu iddia edirlər. Onlar maliyyə dəstəyinin maddi yardım kimi qiymətləndirilməsini 102-ci maddənin müddəaları ilə əsaslandırmağa çalışırlar. Əslində isə: - 102.1.3.-cü maddədə “maddi yardım”ların gəlir vergisindən azad edilməsi qeyd edilib, amma növbəti maddələrdə hansı maddi yardımlarım azad edilməsi və hansı məbləğdə azad edilməsi yazılıb. Həmin maddələrdə yalnız müalicə haqlarına görə verilən maddi yardımların azad edilməsi nəzərdə tutulub. Maliyyə dəstəyi kimi verilən maddi yardımların gəlir vergisindən azad edilməsi isə nəzərdə tutulmayıb.

- 102.1.4-cü maddədə göstərilən “əvəzsiz dövlət köçürmələri” pensiya, təqaüdlər, aylıq müavinətlər kimi digər analoji aylıq əvəzsiz ödənişləri nəzərdə tutur.

-“fərdi birdəfəlik ödəmələr və maddi yardımlar” isə birdəflərik və fərdi formada həyata keçirilməlidir. Proqram çərçivəsində verilən maliyyə dəstəyi isə kütləvi ödənişlərdir. Odur ki, proqram çərçivəsində ödənilən maliyə dəstəyini bu hissəyə aid etmək olmaz.

Beləliklə, fiziki şəxs olan sahibkarın maliyyə dəstəyi çərçivsində əldə etdiyi 1500 manat məbləğ gəlir vergisi bəyannaməsində gəlir kimi əks olunmalı, bəyannamənin xərc hissəsində isə əmək və MDSS xərcləri yazılmalıdır.

Fəxriyyə İkramqızı

Mənbə: https://vergiler.az/news/taxes/11293.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.