e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Rəqəmsal iqtisadiyyat nağdsız ödənişləri inkişaf etdirəcək

2017-12-27 | İqtisadiyyat | 2511

Elektron xidmətlərin tətbiqinin genişləndirilməsi, Dövlət-vətəndaş mğnasibətlərinin müasir əsaslar üzərində qurulması, rəqəmsal iqtisadiyyatın formalaşdırılması kimi məsələlər Azərbaycanda aktuallıq kəsb etməkdədir. Mövzunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunun şöbə müdiri Aqil Əsədov şərh edir.

- Aqil müəllim, Azərbaycanda elektron xidmətlərin tətbiqi ilə bağlı indiyə qədər görülmüş işlərin səviyyəsini qaneedici hesab etmək mümkündürmü?

- Elektron xidmətlər müasir dövrümüzün, gündəlik həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilib. Qloballaşma və inteqrasiya prosesləri ilə xarakterizə olunan indiki dövrdə hər hansı sahədə davamlı və dinamik uğurları elektron xidmətlərsiz təsəvvür etmək qeyri-mümkündür.Qlobal məkana sürətlə inteqrasiya olunan Azərbaycanda da elektron xidmətlərin tətbiqi və genişləndirilməsi istiqamətində ardıcıl addımlar atılıb və atılır.Artıq bu sahədə müvafiq normativ-hüquqi baza formalaşdırılıb.Müxtəlif dövlət qurumları tərəfindən ümumilikdə 500-ə yaxın xidmət elektron formada həyata keçirilir. Dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsinin təşkilinə və vətəndaşların bu elektron xidmətlərdən «bir pəncərə» prinsipi əsasında istifadəsinə şərait yaratmaq məqsədilə «Elektron hökumət» portalı yaradılaraq istifadəyə verilib.

Dövlət orqanları tərəfindən əhali ilə bilavasitə təmasda həyata keçirilən xidmətlərin, o cümlədən fərdi sahibkarların və yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatı, daşınmaz əmlaka dair çıxarışların və arayışların verilməsi, gətirilən və aparılan malların bəyan edilməsi, məcburi dövlət sosial sığortası üzrə hesabatların və sığortaolunanlar barədə məlumatların təqdim olunması, ünvanlı sosial yardım və pensiya təyinatı üçün ərizələrin, telefon çəkilişi və internetə qoşulmaq üçün müraciətlərin qəbulu və s. elektron formada göstərilməsi tam təmin edilib və bu xidmətlərin əhatə dairəsi gündən-günə genişlənir. Dövlət orqanlarında göstərilən xidmətlərə görə nəzərdə tutulan rüsumlar və digər ödənişlər real vaxt rejimində elektron formada ödənilir.

E- xidmətlərin təşkili sahəsində Azərbaycan Avropa İttifaqının ən qabaqcıl ölkələri ilə sıx əməkdaşlıq edir və bu faktor öz mühüm faydasını göstərməkdədir.

- Dövlət qurumlarında e-xidmətlər sahəsində hansı əlavə işlərin görülməsinə ehtiyac var?

- Dövlət qurumlarının əksəriyyəti e-xidmətdən istifadə edir və elektron xidmətlər göstərir. Bir neçə ildir ki, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Mərkəzi Seçki Komissiyası, Təhsil Nazirliyi və s. qurumlar göstərdikləri xidmətlərin böyük bir hissəsini elektronlaşdırıb. Bununla belə, «Elektron hökumət», elektron xidmətlər və elektron kommersiya sahəsində mövcud vəziyyətin təhlili göstərir ki, bu sahədə bəzi təkmilləşdirmələrə ehtiyac var.Bu sahədə həyata keçirilən siyasətin hədəfi vətəndaşların dövlət qurumlarından keyfiyyətli onlayn xidmət almasını təmin etmək, vətəndaş-hökumət, vətəndaş-məmur münasibətlərini daha sağlam və müasir formata gətirməkdir.Yaxşı olardı ki, bütün dövlət qurumları maksimum şəkildə xidmətləri elektronlaşdırsın.Əhalinin istifadəsinə verilən elektron xidmətlərin sayı və keyfiyyəti artırılmalı, xidmətlər vətəndaşlar üçün maksimum əlçatan olmalıdır.Xüsusilə də regionlarda e-xidmətlərin təşkili işinə diqqət artırılmalıdır.

Təəssüf ki, insanların əksəriyyəti hələ də keçmiş düşüncələrdən, kağızla işləmək vərdişlərindən xilas ola bilmir, nəticədə bəzən 3-5 dəqiqəyə görülməli olan iş 3-5 gün vaxt aparır.Xidmətlərin elektronlaşdırılması vaxt itkisini azaltmaqla yanaşı, həm də kağız və digər kargüzarlıq xərclərinə qənaət etməyə imkan verir, şəffaflığı təşviq edir.

Düşünürəm ki, elektron xidmətlər barədə mütəmadi olaraq təşviqedici tədbirlərin görülməsi - maarifləndirici nəşrlərin çapı, «dəyirmi masa»ların təşkili, telemüzakirələrin aparılması zəruridir.Bu işlərə vətəndaş cəmiyyəti qurumlarının cəlb edilməsi də məqsədəuyğundur. Arzu edərdim ki, sahibkar aylar üzrə ödədiyi sosial sığorta haqqına görə şəxsi bazaya (ödənişi edən vətəndaş üçün yaradılan pensiya fonduna) və ya təşkilat və müəssisənin hər bir işçi üçün ödədiyi sığorta haqqından onun pensiya formalaşdıracağı fonda nə qədər vəsait daxil olduğundan vaxtında xəbər tuta bilsin və daxilolmaların nəticəsi müntəzəm olaraq ödəniş edənə və işçiyə elektron formada mesaj kimi göndərilsin. Məsələn, «A» MMC-nin işçisinin mobil telefonuna, yaxud e-mail ünvanına hər ayın sonunda aldığı əməkhaqqından ödədiyi 3% və müəssisənin (sahibkarın) əməkhaqqı fondundan ödədiyi 22% vəsait əsasında yığılan məbləğ barədə məlumat daxil olsun. Düşünürəm ki, bunun tətbiqi müqaviləsiz işləyənlərin azalmasına və əməkhaqqından vergilərin daha yaxşı yığılmasına kömək edə bilər.

- Vergilər Nazirliyinin elektron xidmətlər sahəsində fəaliyyətini necə dəyərləndirmək olar?

- Vergilər Nazirliyi 2006-cı ildən AVİS-i yaratmaqla e-xidmətlər sahəsində fəaliyyət göstərməyə başlayıb və hazırda ən çox və ən keyfiyyətli e-xidmətlər göstərən mərkəzi icra qurumu kimi birinci yerdədir.Təqdirəlayiq haldır ki, vergi ödəyicisi vergi orqanına getmədən vergi orqanı-vergi ödəyicisi platforması çərçivəsində işlərin 90%-ni e-xidmətlər vasitəsilə həyata keçirə bilir.Elektron qeydiyyat («ASAN imza» istifadəçiləri üçün), təsərrüfat subyektinin (obyektinin) qeydiyyata götürülməsi, NKA-nın uçota alınması və çıxarılması, banklarda hesab açmaq üçün şəhadətnamə-dublikatların alınması, bütün növ vergi bəyannamələrinin hazırlanması və göndərilməsi yaxşı təcrübənin nümunələridir.Bunlarla bərabər, bəzi təkmilləşdirici addımların atılması da zəruridir, elektron xidmətlər davamlı olaraq yenilənməlidir.Məsələn, nazirliyin təqdim etdiyi «e-qaimə» sistemi yeni bir xidmətdir və təkmilləşdirilməsinə ehtiyac var.Aydındır ki, bu, elektronlaşdırılan sonuncu xidmət deyil və bu istiqamətdə digər təkmilləşmələrin aparılması da qaçılmazdır.

- AMEA-nın İqtisadiyyat İnstitutu tərəfindən e-xidmətlərin inkişafına dair yeni təkliflər hazırlanıb. Təkliflər sənədində əsas ­istiqamətlər nədən ibarətdir?

- AMEA-nın İqtisadiyyat İnstitutu Azərbaycanda fundamental iqtisadi tədqiqatların real mərkəzinə və əsas əlaqələndiricisinə, o cümlədən hökumətin kollegial ekspertinə və məsləhətçisinə çevrilmək kimi qarşıya strateji məqsəd qoyub və bu hədəflərə uyğun addımlar atılmaqdadır.İnstitutumuz son dövrlər müvafiq dövlət qurumları ilə paralel olaraq müxtəlif istiqamətlərdə, o cümlədən e-xidmətlərin inkişafı istiqamətində müəyyən işlər görür. Strateji yol xəritələri ilə bağlı proqramlardan irəli gələn layihələrin hazırlanmasında və ekspertizasında institut çox yaxından iştirak edir: xidmətlərin elektronlaşdırılması, rəqəmsal iqtisadiyyatın formalaşdırılması, dövlət proqramlarının hazırlanması və icrası istiqamətində müvafiq qurumlarla əməkdaşlığı davam etdirir.

"Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə nağd hesablaşmaların məhdudlaşdırılması, rəqəmsal iqtisadiyyatın formalaşdırılması öz əksini tapıb və bununla bağlı müvafiq qurumlara tapşırıqlar verilib.Mərkəzi Bankın təklifi əsasında AMEA İqtisadiyyat İnstitutu tərəfindən «Master Card»la birlikdə «2018-2021-ci illərdə «Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı» hazırlanıb. Proqramda ölkədə rəqəmsal ödənişlərin və tranzaksiyaların əhəmiyyətli dərəcədə genişləndirilməsi və qeyri-nağd hesablaşmalara keçidin sürətləndirilməsi, nağd ödənişlərin miqyasının minimuma endirilməsi, bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsi, nağd pul tədavülü ilə bağlı yaranan tranzaksiya xərclərinin azaldılması və ümumilikdə qabaqcıl beynəlxalq təcrübə əsasında rəqəmsal ödənişlərin institusional mühitinin daha da yaxşılaşdırılması nəzərdə tutulub.

- Ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə bağlı sistemli islahatlar aparılır. Bu sahədə mövcud vəziyyəti necə qiymətləndirmək olar?

- Xidmət sahələri istər milli iqtisadiyyatın, istərsə də ümumilikdə qlobal iqtisadiyyatın lokomotivinə çevrilməkdədir. Məsələn, ÜDM-in tərkibində xidmət sahələrinin payı bir çox ölkələrdə 55%-dən artıqdır.Təbii ki, bu, xidmət sahələrinin inkişafının zəruri olduğunu göstərən reallıqdır.Bütün bunları nəzərə alan Azərbaycan hökuməti də xidmət sahələrinin inkişafı istiqamətində müəyyən işlər görür.Xüsusilə nəqliyyat sektorunun təkmilləşdirilməsi, turizm xidmətlərinin inkişafı, nəqliyyat-tranzit xidmətlərinin təşkili və təkmilləşdirilməsi buna nümunə göstərilə bilər.Bütün bunlara baxmayaraq, hələlik mövcud potensialların tam şəkildə reallaşdırılmasına nail olunmayıb.Ölkəmizin tranzit imkanları, turizmin müxtəlif növlərinin inkişaf potensialı bu sahələri büdcənin əsas gəlir mənbələrindən birinə çevirməyə imkan yaradır.Hesab edirəm ki, həmin sahələr üzrə sistemli kompleks tədbirlərin görülməsinə ehtiyac var.

- Elektron ticarət və elektron xidmət sahələrinin inkişaf etdirilməsi üçün hansı addımlar atılması zəruridir?

- Elektron ticarətin tənzimlənməsi istiqamətində əhəmiyyətli tədbirlər görülməkdədir. "Elektron ticarət haqqında" Qanun, eləcə də digər normativ hüquqi aktlar bu sahə üçün hüquqi baza yaradır.Amma bu məsələdə hüquqi bazanın daha da təkmilləşdirilməsi zəruridir.Bütün istifadəçilər üçün internet xidmətlərinin keyfiyyəti yüksəldilməlidir.Digər vergilərlə bağlı qanunvericilikdəki boşluqlar aradan qaldırılmalıdır. Üçüncüsü, mentalitet məsələsi var: insanlar nağdı qoyub, nisyə dalınca qaçmaq istəmirlər. Bununla belə, müşahidələr göstərir ki, normal təhlükəsizlik sistemi qurulsa, virtual ticarətin üstünlükləri ənənəvi ticarətdən qat-qat cəlbedicidir.

- Xidmət sektorunda vergi siyasətinin tənzimlənməsi üçün hansı dəyişikliklərin edilməsini vacib hesab edirsiniz?

- Vergi Məcəlləsinə davamlı olaraq edilən dəyişikliklər, vergi qanunvericiliyinin təkmilləşdirilməsi birbaşa biznesin səmərəliliyinin artırılmasına, sahibkarların daha rahat fəaliyyət göstərməsinə xidmət edir və son illərdə bunun mühüm nəticələri müşahidə olunmaqdadır.Vergi sisteminin müasir iqtisadi tələblərin və aparılan ümumi islahatların şərtlərinə uyğun olaraq dəyişməsi labüddür.Bu mənada, ölkədə qeyri-neft sektorunun mühüm bölmələrinin spesifik xüsusiyyətləri nəzərə alınaraq, həmin sahələrdə qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsinə ehtiyac var.Bu gün xidmət sektorunun rolunun artırılması olduqca vacibdir, bu mənada, xidmət sahələrindən əldə edilən gəlirin vergi baxımından uçotunun aparılması və dəqiqləşdirilməsi istiqamətində iş aparılmalıdır.Məsələn, yaz-yay mövsümündə minlərlə ev müxtəlif regionlarda 40-60 manat müqabilində bir günlük kirayəyə verilir.Lakin həmin kirayə sahələrinin uçotu aparılmır və nəticədə turizm xidmətlərindən olan milyonlarla manat (təqribi hesablamalara görə, bu rəqəm 15-18 milyon arasında dəyişir) vəsait uçotdan kənarda qalır.Bu baxımdan, tənzimləyici-stimullaşdırıcı addımların atılması zəruridir.Vergini ödəyən vətəndaşın gələcək həyatı üçün səmərəli sosial mexanizm yaradılmalıdır ki, onun vergi verməyə həvəsi artsın.Misal üçün, ödəyici vəsaitin bir hissəsinin öz pensiya fonduna yığıldığına əmin olmalıdır.Bu halda ödəmələrə meyil artacaq və digər sahələrdə də buna bənzər stimulverici mexanizmlər tətbiq etmək olar.

Müsahibəni hazırladı: Elbrus CƏFƏRLİ

Mənbə: http://vergiler.az/art-view/6684/


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.