Əmək müfəttişliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı qanunvericiliyə dəyişikliklər ediləcək2018-04-17 | Kadr işi | 2633Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı, sosial tərəfdaşların iştirakı ilə "Əmək müfəttişliyinin səmərəliliyinin artırılması üçün strategiyanın hazırlanması və müasir texnologiyaların tətbiqi sahəsində beynəlxalq təcrübə" mövzusunda seminar keçirilir. ƏƏSMN-dən Trend-ə verilən məlumata görə, seminarın açılışında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn öhdəliklərin icrası sahəsində də ölkəmizdə mühüm irəliləyişlərə nail olunmasına imkan verdiyini vurğulayıb. O bildirib ki, bütün əhali üçün layiqli əməyin təmin olunması və qeyri-bərabərliyin aradan qaldırılması da məqsədlərdəki hədəflərdəndir: "BƏT-lə birgə icra olunan "2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı"nda əksini tapan məsələlər sırasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) fəaliyyətinin gücləndirilməsi məqsədilə BƏT-lə birgə fəaliyyət hədəflərinin müəyyən olunması, bu hədəflərə çatmaq üçün əmək müfəttişliyinin və sosial tərəfdaşların potensialının artırılması da mühüm yer tutur. Həmçinin DƏMX-in işində yeni metodların daxil edilməsi, əmək müfəttişliyində məsləhət və peşəkar xidmətlərinin gücləndirilməsi məqsədilə əməyin təftişi ilə bağlı BƏT-in Konvensiyalarının praktiki tətbiqi, qabaqlayıcı və nəzarət tədbirlərinin tarazlaşdırılmış formada istifadəsinə dair siyasətin formalaşdırılması, institusional bazanın artırılması və s. də proqramda əksini tapır". Nazir müavini vurğulayıb ki, əmək müfəttişlikləri iş yerlərində əmək normalarına nə dərəcədə əməl olunmasına nəzarət etməklə yanaşı, bu sahədə, xüsusilə də əmək şəraiti, iş vaxtı, əmək haqqı, əməyin mühafizəsi və digər istiqamətlər üzrə işəgötürənlərə və işçilərə öz dəyərli tövsiyələrini verirlər. Eyni zamanda, onlar öz fəaliyyətlərində qarşılaşdıqları problemləri araşdırır, səbəblərini müəyyən edir, əmək qanunvericiliyinin təkmilləşdirilməsi məqsədi ilə təkliflərini təqdim edirlər: "Təsadüfü deyil ki, ölkəmiz BƏT-in prioritet konvensiyalarından olan "Sənayedə və ticarətdə əməyin təftişi haqqında" 81 nömrəli və "Kənd təsərrüfatında əməyin təftişi haqqında" 129 nömrəli Konvensiyaları ölkəmiz tərəfindən ratifikasiya olunub". Əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən orqan olaraq DƏMX-in fəaliyyətinin gücləndirilməsi, maddi-texniki təminatlarının artırılması istiqamətində ötən dövrdə görülən işləri, icra olunan layihələri diqqətə çatdıran İ.İsayev hazırda xidmətin 100-dən artıq üzvü özündə əhatə edən "Beynəlxalq Əmək Müfəttişliyi Assosiasiyası"nın üzvü olduğunu, bu Assosiasiyada 12 ölkəni birləşdirən regional "Cənub-şərqi Avropa, Azərbaycan və Ukrayna Əmək Müfəttişlərinin Alyansı"nda təmsil olunduğunu qeyd edib. İ.İsayev bildirib ki, qloballaşan və sürətlə dəyişən dünyamızda yeni çağırışlara uyğun olaraq bütün fəaliyyət sahələri təkmilləşdirilir və belə yanaşma əmək müfəttişliklərinə də aiddir. Eyni zamanda, əmək bazarının çevikliyinin artdığı və informasiya texnologiyalarının əmək bazarına təsirinin gücləndiyi bir şəraitdə əmək normalarına əməl edilməsində əmək müfəttişliklərinin rolu daha da artır: "Əmək bazarındakı mövcud neqativ amillərin aradan qaldırılması üçün ölkədə qeyri-rəsmi məşğulluğun və qeyri-rəsmi əmək ödənişlərinin qarşısının alınması, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşdırılması və iqtisadi fəallığın yüksəldilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarında tələb və təklif arasında dinamik uyğunluğun yaxşılaşdırılmasına yönəlmiş institusional mühitin təkmilləşdirilməsi istiqamətində tədbirləri davam etdirmək zəruridir". Nazir müavini diqqətə çatdırıb ki, Prezidentin 2017-ci il 9 oktyabr tarixli 3287 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbir planı"na uyğun olaraq normativ hüquqi aktların və habelə inzibatçılığın təkmilləşdirilməsi, nəzarət tədbirlərinin gücləndirilməsi, monitorinq və qiymətləndirmə sisteminin qurulması, məlumatlandırma və təbliğat işlərinin təşkili ilə bağlı 36 tədbirin həyata keçirilməsi nəzərdə tutulub. Bu tədbirlərin müəyyən bir qismi məhz əmək müfəttişliyinin fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edir: "Tədbirlər planının normativ hüquqi aktların təkmilləşdirilməsi bölməsinə uyğun olaraq qanunvericilik aktlarına, o cümlədən Əmək Məcəlləsinə, Mülki Məcəlləyə, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin edilməsi nəzərdə tutulur. Bu dəyişikliklər əmək münasibətləri prosesində mülki-hüquqi münasibətlər formasından sui-istifadə hallarının qarşısının alınmasına, həyata keçirilən nəzarət tədbirlərində videoçəkilişlərin aparılması, elektron protokolların tərtibi imkanlarının reallaşdırılmasına yönəlib. Qeyri-rəsmi əmək münasibətlərinin leqallaşdırılması ilə bağlı əmək müfəttişliklərində hüquqi yardım mərkəzlərinin yaradılması da tədbirlər planına daxildir ki, artıq bununla bağlı fəaliyyətə başlanılıb və hazırda müvafiq əmrlə təsdiq olunmuş alt tədbirlər planı üzrə fəaliyyət davam etdirilir". İ.İsayev bildirib ki, Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminin digər dövlət qurumlarının əmək ehtiyatları ilə əlaqəli olan informasiya ehtiyatlarına inteqrasiyası əsasında ölkə üzrə əmək münasibətlərinə vahid elektron nəzarət informasiya ehtiyatının formalaşdırılması üzrə tədbirlər planının müvafiq bəndinin icrası da elektron nəzarət sahəsində əmək müfəttişliklərinin fəaliyyətini genişləndirəcək. Planda digər bir bəndin isə əmək müfəttişliyinin potensialının və fəaliyyətinin səmərəliliyinin artırılması ilə bağlı olduğunu vurğulayan nazir müavini qeyd edib ki, BƏT-lə əməkdaşlıq müstəvisində təşkil olunan, müvafiq sahədə müzakirələrin aparılmasına və beynəlxalq təcrübəni öyrənməyə imkan verən hazırkı seminar da bu baxımdan faydalı olmaqla, əmək müfəttişliyinin səmərəliliyin artırılması üçün strategiyanın hazırlanmasına öz töhfəsini verəcəkdir. Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov əmək müfəttişliklərinin ümumən əmək bazarının tənzimlənməsi proseslərində rolunu qeyd edərək, əmək bazarının çevikliyinin artdığı şəraitdə onların fəaliyyətinin təkmilləşdirilməsi tədbirlərinin də əhəmiyyətli olduğunu vurğulayıb. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədrinin müavini Cavanşir Alxasov əmək müfəttişliyinin fəaliyyətində səmərəliliyinin artırılmasının işçilərin əmək hüquqlarının təmin edilməsi mexanizminin məqsədyönlü təşkili baxımından xüsusi önəm kəsb etdiyini diqqətə çatdırıb. BƏT-in Layiqli Əmək üzrə Texniki Dəstək qrupunun, Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə ofisinin baş mütəxəssisi Valentin Mokanu layiqli əmək konsepsiyasının icrası ilə bağlı Azərbaycanda aparılan işlərin eyni zamanda əmək müfəttişliyinin fəaliyyətinin təkmil əsaslar üzərində qurulmasına yönələn strategiyanın hazırlanması ilə müşahidə olunmasının təqdirəlayiq olduğunu, hazırkı seminarın da bu işlərə dəstək məqsədi daşıdığını bildirib. Seminarda V.Mokanu tərəfindən "Əmək müfəttişlikləri üçün Strateji Uyğunluq Planlanmasında BƏT-in yanaşması və səmərəliliyin artırılması üçün müasir metodologiyanın tətbiqi sahəsində beynəlxalq təcrübə", Rusiyanın Əmək Müfəttişliyinin eksperti Vera Çuxanova tərəfindən "Rusiya Federasiyasında əməyin təftişinə yanaşmaların hazırlanması. E-təftiş: Müsbət təcrübələr və tətbiq üsulları" mövzularında təqdimatların edilməsi, təqdim olunan müsbət təcrübələrin və ölkəmiz üçün müvafiq sahədə fəaliyyət planının hazırlanması məsələlərinin müzakirəsi nəzərdə tutulub. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.