Vergilər Nazirliyi ödəyicilərə müraciət edib2018-05-18 | Vergilər | 2659"Vergilər Nazirliyi uzun illərdir ki, müasir informasiya texnologiyalarından istifadə etməklə vergi inzibatçılığında rəqəmsal modernləşdirmə prosesini inkişaf etdirir". Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, Vergi sistemində Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS) tətbiq edilməsi daxili sənəd dövriyyəsinin, hesabat-məlumat sisteminin tam elektronlaşdırılmasına, elektron xidmətlərin, xüsusilə də e-kargüzarlığın inkişafına təkan verib. Elektron vergi-hesab fakturalarının, e-bəyannamə və "onlayn kargüzarlıq" sistemlərinin və digər xidmətlərin tətbiqi vergi ödəyicisinə bəyannaməni internet vasitəsilə təqdim etmək, onun tərtibinə və düzgünlüyünə nəzarət etmək, öz şəxsi vərəqəsinə "real vaxt" rejimində baxmaq imkanları verib. Bütün bu elektron xidmətlərin mahiyyətini qıcasa olaraq belə ifadə etmək olar: Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı istənilən məlumatı istənilən yerdən əldə etmək və ötürmək imkanına malik olmalıdır. Vergi orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması yeni rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsini tələb edir. Vergi inzibatçılığının rəqəmsallaşdırılması kumulyativ effektə malikdir. Texnologiyalar vergi qanunvericiliyinə könüllü əməl etmə səviyyəsinin yüksəltməyinin əsasıdır. Bu cəmiyyət və dövlət arasında qarşılıqlı etimadı artırmağa, vətəndaş məmnunluğunu yüksəltməyə, bütün tərəflər üçün şəffaflığı təmin etməyə xidmət edir. Vergi ödəyiciləri ilə vergi orqanı əməkdaşları arasında birbaşa fiziki təmasların minimumlaşdırılması bu siyasətin mühüm tərkib hissəsidir. Vergilər Nazirliyinin "onlayn kargüzarlıq" sistemi vergi orqanı ilə sahibkar arasında məsafədən ünsiyyəti qurmaq baxımından xüsusilə əhəmiyyətlidir. Məlum olduğu kimi, hər bir vergi ödəyicisinə bu sistemdən yararlanmaq imkanı yaradılıb. Vergilər Nazirliyi ilə e-sənəd mübadiləsinə qoşulan hər bir vergi ödəyicisinə İnternet Vergi İdarəsində fərdi elektron qutu (e-qutu) yaradılır və ona qapalı zərfdə müvafiq istifadəçi kodu, parol və şifrə təqdim olunur. Fərdi elektron qutu vergi ödəyiciləri ilə vergi orqanları arasında elektron sənəd mübadiləsinin effektivliyini artırır. Fərdi elektron qutuya malik vergi ödəyicisi nə əldə edir: Birincisi, vergi orqanı ilə elektron yazışmalara keçən ödəyici üçün ənənəvi üsulla kağız daşıyıcılarında sənədlərin göndərilməsinə zərurət qalmır, sahibkar vaxt və resurs itkilərinə məruz qalmır. İkincisi, e-qutunun tətbiqi sayəsində vergi ödəyiciləri vergi sisteminə aid istənilən məlumat tipli sənədi tez bir zamanda əldə edə bilmək imkanı qazanır. Üçüncüsü, vergi ödəyicilərinə göndəriləcək sənədlər (uyğunsuzluq məktubları, bildirişlər, xəbərdarlıqlar, məlumatlar və s.) imzalanan kimi avtomatik olaraq onun fərdi elektron qutusuna göndərilir. Dördüncüsü, bu sistem üzərindən edilən bütün müraciətlər rəsmi sənəd statusuna malik olur. Vergi orqanından vergi ödəyicilərinə, eləcə də vergi ödəyicilərindən vergi orqanına ünvanlanan müraciətlər və verilən cavablar arxivləşdirilərək vergi ödəyicisinin fərdi e-qutusunda toplanır. Sahibkar istənilən vaxt bu cavablardan rəsmi statuslu sənəd olaraq istifadə edə bilər. Beşincisi, vergi ödəyiciləri onlayn kargüzarlıq vasitəsilə etdikləri müraciətlərinin vergi orqanı daxilində hərəkətini "real vaxt" rejimində izləyə və icraçının telefonunu öyrənərək onunla birbaşa telefon əlaqəsi yarada bilər. Altıncısı, vergi ödəyiciləri öz aralarındakı yazışmalarda da e-qutudan istifadə edə bilərlər. Vergi orqanlarının istifadəçilərə və vergi ödəyicilərinin bir-birinə ünvanladıqları məktublar və cavablar həmin anda ünvana çatır, istifadəçilərə məxsus olan qutuya toplanır və məktublara internet vasitəsilə istənilən yerdə baxmaq mümkün olur. Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin əməkdaşı Şahin Musabəyov vergi ödəyicilərinə mütəmadi olaraq "onlayn kargüzarlıq" sistemi vasitəsilə elektron qutularını yoxlamalarını tövsiyə edir: "Vergi ödəyicisinin İnternet Vergi İdarəsinin "Onlayn Kargüzarlıq" bölməsinə vergi orqanı tərəfindən göndərilən sənədin göndərilmə tarixindən 5 təqvim günü keçdikdə və sənəd oxunulmamış qalarsa, növbəti gün ona məktubun oxunulması barədə SMS göndərililir. Beləliklə, vergi ödəyicisi fərdi e-qutuda oxunulmamış məktubun olması barədə məlumatlandırılır. Vergilər Nazirliyi ilə e-sənəd mübadiləsinə qoşulan şəxslərlə yanaşı, gücləndirilmiş elektron imza, o cümlədən ASAN imza sahibləri də onlayn karguzarlıq sistemindəki fərdi e-qutularından yararlana bilərlər". Ş. Musabəyov elektron qutudan istifadənin vacibliyini belə izah edir: "Məsələn, vergi borcu barədə ödəyiciyə adi poçt vasitəsilə göndərilən bildiriş onun ünvanına vaxtında yetişməyə və bununla da vergi öhdəliklərinin vaxtında yerinə yetirilməsində müəyyən ləngimələr yarana bilər. Həmin bildirişin e-qutuya göndərilməsi və vergi ödəyicisinin onu oxuması üçün isə cəmi bir neçə saniyə lazımdır. Bundan əlavə, bu sistemə müraciət edən bütün vətəndaşlar Vergilər Nazirliyinə göndərdikləri sənədin vergi orqanı daxilində hərəkətini "real vaxt" rejimində izləyə və icraçının telefonunu öyrənərək onunla birbaşa əlaqə yarada bilərlər. Xüsusi qeyd edim ki, həmin sistem vasitəsilə vergi orqanına göndərilən bütün müraciətlər rəsmi status alır". Vergilər Nazirliyi yanında Kiçik Sahibkarlıqla iş Departamentinin Vergi ödəyicilərinin qəbulu və xidmət şöbəsinin rəhbəri Məmməd Quliyev son dövrlərdə fərdi elektron qutulardan istifadənin artdığını bildirir. Bununla belə, vergi ödəyicilərinin ümumi sayına münasibətdə proses qaneedici səviyyədə deyil. Onun sözlərinə görə, təcrübədə, bəzən, elə vergi ödəyicilərinə rast gəlmək olur ki, onlar elektron qutudan istifadəni mürəkkəb bir proses hesab etdiklərinə görə bu xidmətdən istifadə etmirlər: "Halbuki elektron qutudan istifadənin əsas prinsiplərini izah etdikdən sonra onların böyük əksəriyyəti bu xidməti artıq özlərinin vərdiş etdikləri elektron məktublarla müqayisə edərək bu sistemin sadəliyini başa düşürlər. Fərdi elektron qutular müasir zamanda hər kəsin istifadə etdiyi məktublaşma servisləri qədər sadədir". M.Quliyev bildirir ki, internetə çıxışı məhdud olan ödəyicilər Vergilər Nazirliyinin müxtəlif bölgələrdə yaratdığı vergi ödəyicilərinə xidmət terminallarından e-qutuya məlumat göndərə bilərlər: "Biz, həmçinin müxtəlif üsullarla vergi ödəyicisinin e-qutusunda oxunmamış məktubların olması ilə bağlı məlumatın ona ötürülməsinə çalışırıq. Məsələn, vergi ödəyicisinin mobil telefonuna bu barədə mesajın göndərilməsi, yaxud onun elektron ünvanında xəbərdaredici işarənin yerləşdirilməsi və s. Başlıcası odur ki, vergi ödəyicilərinin artıq böyük bir qismi e-qutunun üstünlüklərindən xəbərdardırlar və biz bu istiqamətdə məlumatlandırma və izahat işlərini hər gün davam etdiririk". Beləliklə, vergi ödəyicilərinin fərdi elektron qutusunda oxunmamış sənədlər varsa, "onlayn kargüzarlıq" sisteminə daxil olaraq onlara göndərilmiş sənədlərlə tanış olmaları zəruridir. Bu sənədlərlə tanışlıq sahibkarların qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələrinin həyata keçirilməsində olduqca faydalıdır. Fərdi elektron qutudan istifadə etməklə sahibkar vergi orqanı əməkdaşları ilə təmas etmədən, onlayn qaydada vergi öhdəlikləri ilə bağlı yaranmış bütün suallara cavab tapa, vergi orqanlarının suallarını cavablandıra, hər hansı uyğunsuzluqları dərhal aradan qaldıra bilər və beləliklə də, vaxt və resurs itkilərinə məruz qalmaz. Mənbə: http://apa.az/maliyye_xeberleri/vergiler-nazirliyi-odeyicilere-muraciet-edib-1186.html |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.