e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Natiq Şirinov: Vergi Məcəlləsinə dəyişiklik sahibkarlara fəaliyyətlərini uzunmüddətli proqnozlaşdırmaq imkanı verəcək

2018-12-13 | Vergilər | 2305

"2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək Vergi Məcəlləsinə dəyişikliklərdə qeyri-neft sektorunun özəl bölməsində çalışan fiziki şəxslərin muzdlu işdən gəlir vergisi üzrə müddətli güzəştin verilməsi xüsusi əhəmiyyət kəsb edir. Həmin sahədə baş verən dəyişikliklər, əmək bazarında müşahidə olunan proseslər bu islahatı zəruri edib".

"Report" xəbər verir ki, bunu Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin baş direktoru Natiq Şirinov Vergi Məcəlləsinə dəyişikliklərə aydınlıq gətirərəkən deyib.

Onun sözlərinə görə, hazırda aylıq məbləği 2 500 manatadək olan əməkhaqqı üzrə işçi və işəgötürənin toplam vergi yükü (əmək vergisi xərcləri) 40% (14% gəlir vergisi + 25% sosial sığorta haqqı + 1% işsizlikdən sığorta haqqı); 2 500 manatdan yuxarı məbləğ üzrə isə 51% (25% gəlir vergisi + 25% sosial sığorta haqqı + 1% işsizlikdən sığorta haqqı) təşkil edir.

"Təhlillər göstərir ki, bu dərəcələr nəticəsində yaranan yüksək fiskal yük qeyri-neft sektorunun özəl bölməsində işəgötürənlər tərəfindən işçi sayının və real əməkhaqqının məbləğinin gizlədilməsinin və beləliklə, əmək bazarının "kölgələşməsinin" əsas səbəblərindən biridir. Keçən il Azərbaycanda muzdlu işçilərin məşğul əhalidə xüsusi çəkisi 31,5%, əməkhaqqı fondunun (sosial sığorta ayırmaları ilə birlikdə) ÜDM-ə nisbəti 17-18%, əhalinin gəlirlərində əmək ödənişlərinin payı 25,2% təşkil edib ki, bu da bir sıra postsovet və digər ölkələrin göstəriciləri ilə müqayisədə qənaətbəxş hesab oluna bilməz. Problemin əsasən qeyri-neft sektorunun özəl bölməsində müşahidə edildiyini və hazırda əməkhaqqı üzərindəki fiskal yükün gəlir vergisi və sosial sığorta haqlarından formalaşdığını nəzərə alaraq, onun həlli məqsədilə bu istiqamətdə əmək­haqlarına gəlir vergisi üzrə əhəmiyyətli güzəştin verilməsi nəzərdə tutulur. İşəgötürənlər arasında aparılan sorğular göstərir ki, yeni şərtlər daxilində onlar əmək­haqlarını və iş yerlərini rəsmiləşdirmək üçün güclü stimul əldə etmiş olacaqlar. Bu, nəticə etibarilə işəgötürənlərin işçi üzrə əmək vergisi xərclərini azaltmaqla qeyri-rəsmi əmək­haqlarının və iş yerlərinin leqallaşdırılmasına imkan verəcək".

Qeyd edək ki, dəyişikliklərə görə, 2019-cu il yanvarın 1-dən 7 il müddətində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8 000 manatadək olduqda gəlir vergisindən azad olunur, 8 000 manatdan artıq olan hissəsindən 14% dərəcəsi ilə vergi tutulacaq. Bu sahədə fəaliyyət göstərən işəgötürənlər növbəti ildən etibarən aylıq əməkhaqqı 200 manatadək olan işçilərin gəlirlərindən ödəmə mənbəyində 3% sosial sığorta haqqı və 0,5% həcmində işsizlikdən sığorta haqqı (cəmi 3,5%), aylıq əməkhaqqı məbləğinin 200 manatdan çox olan hissəsindən isə 10% sosial sığorta haqqı və 0,5% işsizlikdən sığorta haqqı (cəmi 10,5%) tutacaqlar. İşəgötürənlər özləri isə əmək­haqqı fondundan əməkhaqqı 200 manatadək olan işçilərə görə 22% sosial sığorta haqqı və 0,5% həcmində işsizlikdən sığorta haqqı (cəmi 22,5%), aylıq əməkhaqqı 200 manatdan yüksək olan işçilərə görə isə 15% sosial sığorta haqqı və 0,5% işsizlikdən sığorta haqqı (cəmi 15,5%) hesablayıb ödəyəcəklər. Yalnız aylıq gəliri 8000 manatdan yuxarı olan işçilərin gəlirlərindən ödəmə mənbəyində yuxarıda qeyd olunanlardan əlavə olaraq 14% muzdlu işlə əlaqədar ödəmə mənbəyində gəlir vergisi tutulacaq.

"Beləliklə, növbəti ildən 2 500 ma­na­ta­dək olan aylıq əməkhaqqı üzrə işçi və işəgötürənin toplam vergi, sosial sığorta və işsizlikdən sığorta yükü 40%-dən 26%-ə, 2 500 manatdan 8 000 manatadək əməkhaqqı üzrə 51%-dən 26%-ə, 8 000 manatdan yuxarı əməkhaqqı üzrə isə 51%-dən 40%-ə enəcək. Güzəştin 7 il müddətində tətbiqi nəzərdə tutulur ki, bu da sahibkarlara öz fəaliyyətini uzunmüddətli proqnozlaşdırmaq imkanı verəcək", - deyə N.Şirinov vurğulayıb.

Mənbə: https://report.az/maliyye/natiq-sirinov-vergi-mecellesine-deyisiklik-sahibkarlara-fealiyyetlerini-uzunmuddetli-proqnozlasdirmaq-im


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.