e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Vergilər Nazirliyinin mətbuat konfransından çıxışlar

2018-12-25 | Vergilər | 2416

Mühasibat uçotunu elektron formada aparan vergiödəyicilərinə maliyyə sanksiyaları 50 faizdən 25 faizə endirilib

Mühasibat uçotunu elektron formada aparan vergiödəyiciləri əlavə stimullaşdırmaq məqsədilə qanunvericilikdə dəyişikliklər edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 25-də Vergilər Nazirliyində keçirilən mətbuat konfransında Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin Vergi qanunvericiliyi idarəsinin direktoru Əvəz Quliyev bildirib.

Onun sözlərinə görə, mühasibat uçotunu elektron qaydada aparan və elektron məlumatları vergi orqanlarına təqdim edən vergiödəyiciləri ilə bağlı vergidən yayınma halları aşkar olunarsa, onlara tətbiq edilən maliyyə sanksiyaları 50 faizdən 25 faizə endirilib. Nəticədə mühasibat uçotunu elektron formada aparan vergiödəyiciləri digərləri ilə müqayisədə üstünlük əldə etmiş olacaqlar.

Ə.Quliyev qanunvericilikdə edilmiş digər bir dəyişikliklə bağlı açıqlama verərək deyib ki, müvafiq maddələrin tələblərini ilk dəfə pozan vergiödəyicisinə maliyyə sanksiyası tətbiq olunmazdan əvvəl, ona rəsmi (yazılı) xəbərdarlıq ediləcək.

1000 manat gəlirə görə, 50 manat vergi ödəniləcək

"Bu gün bir çox xidməti müqavilə əmək münasibətlərinin pərdələnməsi statusundadır. Bunu da nəzərə alaraq qanunvericiliyə dəyişiklik edilir. Gələn ildən xidməti müqavilə ilə işləyənlər sadələşdirilmiş verginin ödəyicisi ola bilməyəcəklər".

Bunu Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı mətbuat konfransında Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin baş direktoru Natiq Şirinov bildirib.

"Tutaq ki, VÖEN-i olan fiziki şəxs müqavilə əsasında hüquqi şəxsə xidmət göstərir. Həmin fiziki şəxs 2019-cu ildən sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərə bilməyəcəkdir. 2019-cu ilin yanvar ayının 1-dən müqavilə ilə xidmət göstərən sadələşdirilmiş vergi ödəyiciləri gəlir və ya mənfəət vergisi rejiminə keçməli olacaqlar. Gəlir vergisi rejiminə keçdikdə, tutaq ki, VÖEN ilə işləyən fiziki şəxsin ayda 1000 manat gəliri varsa və xərci yoxdursa 200 manat vergi hesablayacaqdır (gəlirinin 20%-i, 1000x20%). Dövlət də hesblanmış verginin 75%-ni güzəşt edir. Yəni, xidməti müqavilə ilə işləyib 1000 manat qazanan ayda 50 manat gəlir vergisi ödəyəcəkdir",- Natiq Şirinov deyib.

Qeyd edək ki, hazırda sadələşdirilmiş vergi ödəyicisi Bakı şəhərində 1000 manat gəlirə görə 40 manat, regionlarda isə 20 manat vergi ödəyir.

Əgər VÖEN-i olan ödəyici xərclərini gəlirindən çıxarsa daha aşağı vergi ödəyə bilər. Məsələn, 1000 manat aylıq gəliri əldə etmək üçün 300 manat xərc çəkilirsə, bu zaman qalan 700 manatın 20%-i (140 manat) gəlir vergisi olaraq hesablanacaqdır. Qanunla gəlir vergisinin 75%-i mikro sahibkara güzəştə gedildiyindən cəmi 35 manat vergi ödəniləcəkdir (140x75%=105 manat).

Sadə şəkildə qeyd etsək, heç bir xərci olmayan mikro sahibkarlar gəlirinin 5%-i qədər vergi ödəyəcəklər. Xərci olanlar isə, cəmi gəlirlərdən cəmi xərcləri çıxacaq və qalan xalis gəlirinin 5%-ni gəlir vergisi olaraq ödəyəcəklər.

Qeyd edək ki, illik 200 min manat dövriyyəsi olan sahibkarlar mikro-sahibkar qəbul edilir. 75% güzəşt, 200 min manatdan yüksək dövriyyəyə malik olanlara şamil edilmir.

Yeni nəsil kassa aparatlarına keçidlə bağlı - AÇIQLAMA

Ticarət və xidmət obyektlərində yeni nəsil kassa aparatlarının mərhələli şəkildə tətbiqi nəzərdə tutulur.

Bunu Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva bildirib.

Onun sözlərinə görə, onlayn kassa aparaktlarına keçid birdən-birə bütün ölkə ərazisini əhatə etməyəcəkdir:

"Texniki həllər ilə bağlı ayrıca normativ-hüquqi akt olacaq. Kassa aparatı hər vurulan əməliyyatı avtomatik vergi orqanına ötürməlidir. Ola bilsin mövcud kassa aparatlarına kiçik qurğu əlavə edilsin, ola da bilər ki, aparatlar dəyişdirilsin".

Samirə Musayeva əlavə etdi ki, onlayn kassa aparatlarının tətbiqi üçün Nazirlər Kabineti tərəfindən Vergilər Nazirliyinə maliyyə ayrılıb:

"Hökumət bu növ qurğuların alınması və quraşdırılması üçün ilkin vəsait ayırmışdır. Lakin sahibkarın onlayn kassa aparatının tətbiqinə görə necə ödəniş edəcəyi qanunvericilik ilə tənzimlənəcəkdir".

Vergilər Nazirliyi: Bir dəfə möhlət verəcəyik

01 Yanvar 2019-cu il tarixindən etibarən vergi qanunvericiliyinə edilmiş dəyişikliyi ilk dəfə pozduqda vergi ödəyicisinə qarşı maliyyə sanksiyası və ya cərimə tətbiq edilməyəcəkdir.

"Marja"nın məlumatına görə, bunu Vergilər Nazirliyinin Vergi qanunvericiliyi idarəsinin rəhbəri Əvəz Quliyev bildirib.

O qeyd edib ki, əgər vergi ödəyicisi qanunvericiliyə təkrar pozarsa maliyyə sanksiyaları ilə qarşılaşacaqdır.

Nazir müavini: "Vergi Məcəlləsindəki dəyişikliklər sahibkarların xeyrindədir"

"Vergi Məcəlləsində dəyişikliklərlə bağlı ilk təklifləri apreldə Nazirlər Kabinetinə göndərmişdik".

"Report" xəbər verir ki, bunu mətbuat konfransında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

O bildirib ki, Vergi Məcəlləsindəki dəyişikliklərin hamısı sahibkarların xeyrindədir:

"Bəziləri düşünür ki, bu birdən-birə bizim ağlımıza gəldi. Amma bu heç də belə deyil. Biz ekspertlərin və digər tərəflərin fikirlərini öyrənib təklifi hökumətə göndərdik. Onların da mövqeyini öyrənib qanun layihəsini Milli Məclisə göndərdik. İlk dəfə idi ki, parlamentdə Vergi Məcəlləsi 3 oxunuşdan keçdi. Deputatların fikirlərini də dinləyib, Məcəllədə bəzi dəyişikliklər də etdik. Məcəllədə bütün dəyişikliklər sahibkarların xeyrindədir".

Nazir müavini qeyd edib ki, yeni məcəllə ilə bağlı xüsusi kitabça nəşr olunur: "Artıq kitabça çapa gedib və ümid edirəm ki, həftə sonuna hazır olacaq. Bu kitabçalar bizim xidmət mərkəzlərimizə paylanacaq".

Məcburi nişanlanacaq malların siyahısı hazırlanır

Azərbaycanda Vergilər Məcəlləsinə edilən dəyişikliklərə əsasən gələn ildən ilk dəfə tətbiq ediləcək məcburi nişanlanma işləri üzrə hazırlıq gedir. FED.az xəbər verir ki, bu barədə Vergilər Nazirinin müavini Sahib Ələkbərov məlumat verib. Onun sözlərinə görə, hazırda məcuri nişanlanması olan malların siyahısı hazırlanır.

S.Ələkbərov bildirib ki, bu siyahının müəyyən edilməsi Vergilər Nazirliyinin səlahiyyətində deyil (məcəlləyə dəyişikliklərin təsdiqlənməsi haqqında fərmana görə, siyahını NK hazırlayıb təsdiqləyəcək). Bununla yanaşı, VN-nin də bununla təklifləri var. Nazir müavini bildirib ki, belə mallardan biri dərmanlar ola bilər: "Hazırda bu sahə ilə, dərmanların keyfiyyəti ilə bağlı çoxsaylı şikayətlər var, kifayət qədər böyük gəlirli də sahədir".

Vergilər Nazirliyi: Azərbaycanda vergidən yayınanlar barədə xəbər verənlərə mükafatlandırma mexanizmi yoxdur

"Azərbaycan vergi qanunvericiliyində vergidən yayınmanın qarşısının alınması ilə bağlı məlumatların verilməsi zamanı hər hansı mükafatlandırma mexanizmləri yoxdur". Bunu mətbuat konfransında Vergilər Nazirliyinin Vergi Siyasəti Departamentinin baş direktoru Samirə Musayeva deyib.

S.Musayevanın sözlərinə görə, belə bir mexanizm dünya təcrübəsində mövcuddur: "Hazırda da əgər vergi yayınması ilə bağlı mənbəyi bəlli məlumat daxil olarsa, vergi orqanları tərəfindən dərhal yerində yoxlamalar aparılır. Amma bunun üçün mükafatlandırılma mexanizmi yoxdur və mövcud qanunvericiliyə dəyişikliklərdə də nəzərdə tutulmur".

Qeyd edək ki, vergidən yayınma hallarının qarşısını almaq məqsədilə ictimai məlumatlandırma ("Whistleblow") mexanizmi beynəlxalq təcrübədə geniş tətbiq olunur. "Whistleblow" (fit verən) pozuntular barədə dövlət qurumlarına və ya ictimaiyyətə məlumat vermə deməkdir. "Whistleblower" isə pozuntu barədə məlumat verən şəxs deməkdir. Bu şəxslər həm də "İnformator" adlanırlar.

"Karyer"lərə kosmosdan nəzarət edilir - VERGİLƏR NAZİRLİYİ

"Vergilər Nazirliyinin "Azərkosmos"la xüsusi müqaviləsi var. Biz daş karxanalarına kosmosdan nəzarət edirik".

FED.az xəbər verir ki, bunu mətbuat konfransında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

S.Ələkbərov deyib ki, "Azərkosmos"dan alınan məlumatlar hesabına karxanaların fəaliyyəti ilə bağlı məlumat əldə edilir: "Biz o kadrlara baxırıq və karxananın ərazisini, dərinliyini görə bilirik. Bəzən yola daş tökürlər. Amma bu heç də bizim hesablamamıza mane olmur".

Nazir müavini: "Kənd təsərrüfatı məhsullarının istehsalına verilən güzəşt milyard manatlarla ölçülür"

"1999-cu ildən bu günə qədər biz kənd təsərrüfatı məhsullarının istehsalına güzəşt edirik”.

"Report" xəbər verir ki, bunu mətbuat konfransında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

A.Ələkbərov deyib ki, bundan sonra daha 5 il müddətinə bu güzəşt davam edəcək.

"Bu vaxta qədər aqrar sahəyə verdiyimiz güzəşt milyard manatlarla ölçülür", - Sahib Ələkbərov vurğulayıb.

Qeyd edək ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları 1999-cu ildən torpaq vergisi istisna olmaqla, Vergi Məcəlləsi ilə müəyyən edilmiş digər vergilərin ödənilməsindən azad edilib və bu güzəştlər kənd təsərrüfatı məhsullarının birbaşa istehsalı ilə məşğul olan şəxslərə tətbiq edilir.

Nazir müavini: “Azərbaycanda səyyar vergi yoxlamaları 3 dəfə azaldılıb"

"Bu il Azərbaycan səyyar vergi yoxlamaları ötən illə müqayisədə 3 dəfə az olub".

"Report" xəbər verir ki, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

"Nazirlik vergi ödəyicilərini narahat etmək istəmir. 2018-ci ildə cəmi 1 500 səyyar vergi yoxlaması aparılıb. Bu isə 2017-ci ilə nisbətən 3 dəfə azdır və hər 300 vergi ödəyicisindən birinin yoxlanması deməkdir", - deyə o, qeyd edib.

Mənbə:


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.