Sahibkarlar elektron qaimə-faktura ilə əməliyyatlar aparmaqda maraqlıdırlar2019-06-14 | Vergilər | 2844"Vəfa Collection" şirkəti, əsasən, uniformaların tikişi, otel və ev tekstilinin istehsalı ilə məşğuldur. İstehsal etdiyi məhsulların bir hissəsini xaricə ixrac edən şirkətin rəhbəri Vəfa Muradzadə ölkədəki sahibkarlıq mühitini müsbət dəyərləndirir. Bununla belə, hazırda qarşılaşdıqları problemlərdən birinin iri ticarət mərkəzlərində kassa aparatlarının olmaması olduğunu bildirir. Deyir ki, alınan malların rəsmiləşdirilməsi baxımından bu, ciddi problem yaradır: "Aydın məsələdir ki, mən min metr astar və ya 500 ədəd zəncirbənd üçün Çinə getməli deyiləm. Lazım olan detalları buradakı ticarət mərkəzlərindən almaq məcburiyyətindəyəm. Lakin bu gün "Binə", "Sədərək" kimi iri ticarət mərkəzlərində kassa sisteminin olmaması bizim işimizi çətinə salır. Mənim hesabıma pul köçürmə yolu ilə gəldiyi üçün həmin pulu nağdlaşdırıb, bazardan mal almalıyam. Orada kassa olmadığına, alış aktları verilmədiyinə görə vergi problemləri ilə üzləşməli oluruq". Vergilər Nazirliyinin Vergi auditi departamenti tərəfindən qaldırılan məsələyə münasibət bildirilərək qeyd olunub ki, əhali ilə pul hesablaşmaları aparılan və nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq etməli olan obyektlərin böyük əksəriyyətində bu aparatlar və qəbzlər artıq mövcuddur. Bununla yanaşı, bütün obyektlərdə, o cümlədən "Binə" və "Sədərək" ticarət mərkəzlərində yerləşən təsərrüfat subyektlərində belə aparatların və ciddi hesabat blanklarının tətbiqi məqsədilə vergi orqanları tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş zəruri tədbirlər görülür, vergi ödəyicilərinin məlumatlandırılması və müvafiq vergi nəzarəti tədbirləri həyata keçirilir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən, elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası verilmədən təqdim edilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilən malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Göründüyü kimi, malların təqdim edilməsinin sənədləşdirilməməsinə, həmçinin malların alışını təsdiq edən sənədlərin olmamasına görə vergi ödəyicilərinə Vergi Məcəlləsində ciddi maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulub. Qeyd olunan qanun pozuntusuna yol verən vergi ödəyiciləri və ya obyektlər haqqında konkret faktlar təqdim edildiyi təqdirdə, vergi orqanlarının səlahiyyətləri daxilində qanunamüvafiq tədbirlər həyata keçirilir. Fərqanə ALLAHVERDİQIZI |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.