QHT əməkdaşlarına hansı hallarda vergi güzəşti edilmir?2019-06-14 | Kadr işi | 4136Nazirlər Kabinetinin müəyyənləşdirdiyi neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarlarında maliyyələşmə mənbələrindən asılı olaraq QHT-lərdə çalışan əməkdaşların əməkhaqqı məbləğlərinin vergiyə cəlb olunması ilə bağlı suallar yaranır. Çünki onların əksəriyyəti dövlət sektorundan maliyyə dəstəyi alaraq işlərini davam etdirirlər. Məsələyə Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov belə aydınlıq gətirib: "QHT-lərdə çalışan əməkdaşların əməkhaqqından gəlir vergisi üzrə güzəştlər verilərkən iki faktor mütləq qaydada diqqətdə saxlanılmalıdır. Birincisi, QHT-lərin dövlət mülkiyyətinə aid edilib- edilməməsi. QHT-lər ictimai birliklər və müqavilə formasında fəaliyyət göstərə bilirlər. İstənilən hüquqi və fiziki şəxs QHT təsisçisi ola bilər. Lakin burada bir istisna mövcuddur: hüquqi şəxslər dedikdə, dövlət hakimiyyəti orqanları və yerli özünüidarəetmə orqanları –bələdiyyələr istisna təşkil edir. Buna baxmayaraq, dövlət hakimiyyəti orqanları tərəfindən yaradılan hər hansı dövlət müəssisəsi və ya təşkilatı QHT təsis edə bilər. Həmin qurumda dövlətin payı 51 faizdən artıq olduqda QHT-də çalışan əməkdaşlara gəlir vergisi üzrə güzəşt nəzərdə tutulmayıb. Yəni bu halda QHT-lər dövlət mülkiyyətli hesab edilir. Digər bir faktor QHT-lərin maliyyələşmə mənbələri ilə bağlıdır. Əgər QHT-lərin maliyyələşməsində dövlət büdcəsi və ya dövlətə məxsus olan digər fondlar mövcuddursa, maliyyələşmənin mənbəyi dövlət vəsaitidirsə, bu halda da həmin QHT dövlət sektoruna aid edilir və orada çalışan əməkdaşlara gəlir vergisindən güzəşt nəzərdə tutulmur". |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.