Milli mühasibat uçotu standartlarına dəyişikliklər beynəlxalq standartlara əsaslanır2019-06-27 | Mühasibat uçotu | 3944"Embawood Group"un maliyyə direktoru və idarə heyətinin üzvü Xalid Kərimli III Milli Mühasiblər Forumundakı çıxışında yeni beynəlxalq maliyyə hesabatları ilə bağlı məlumat verib. Təqdimata yeni qəbul olunmuş standartların əhatə dairəsi və bu standartlarla tənzimlənən proseslərin geniş izahı daxil edilib. Əvvəlki standartlarda edilmiş dəyişikliklərin maliyyə hesabatlarına təsiri ilə bağlı geniş izahat verən X.Kərimli Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS), maliyyə gəlirləri, gəlirin tanınması qaydaları, icarə münasibətlərində bu sahənin daimi yenilənməyə ehtiyacı olduğunu xüsusi vurğulayıb: "Son dövrlərdə audit şirkətlərinin əsas bazarlarından biri MHBS-9-un tətbiqidir. Əvvəlki standart sadələşdirilib. Milli mühasibat uçotu standartları üzrə dəyişikliklər birbaşa maliyyə uçotunun beynəlxalq standartlarına əsaslanır, qanunvericiliyin tərkib hissəsinə çevrilib və fəaliyyətimizin əsasını təşkil edir. Məsələn, 39 saylı Maliyyə Uçotu Beynəlxalq Standartının (MUBS) dəyişmə səbəbi kimi kompleksliyi, biznesin və risklərin idarə edilməsi cəhətdən vahid yanaşmanın olmaması, maliyyə aktivlərinə verilməli olan dəyərsizləşmələrin ləngiməsi göstərilirdi. 18 və 11 saylı MUBS-da gəlirin tanınması yayğın idi, qeyri-müəyyənlik vardı, pulun zaman dəyəri və gəlirlərin bölüşdürülməsində dəqiq tapşırıqlar yox idi. 17 saylı standartın dəyişdirilməsi icarə üzrə aktivlərin və öhdəliklərin təhrifinə və xərclərin düzgün müəyyənləşməməsinə səbəb olması idi". X.Kərimlinin sözlərinə görə, MHBS-9-da maliyyə alətlərində baş vermiş zərərin hesablanması modelindən gözlənilən zərərin hesablanması modelinə keçilir, maliyyə aktivlərinin dəyərinin ölçülməsində "amortizaiya olunmuş dəyər" öz payını daha çox ədalətli dəyərlə ölçülməyə verir: "MHBS 15 gəlirin tanınması mərhələlər üzrə həyata keçirilir, pulun zaman dəyəri amili daha geniş tətbiq olunur, gəlirin mərhələlər üzrə bölüşdürülməsi dəqiqləşdirilir. MHBS 16 - risk və mükafat modelindən "istifadə hüququ olan aktiv" modelinə keçiddir. MHBS 9 - mənfəət və zərər hesabatında volatillik artır. Dəyərdən düşməyən maliyyə aktivləri üçün ehtiyatlar yaradılır. MHBS 15 demək olar ki, dəyişməyib və olduğu kimi yeni standarta daxil edilib. Bu standartlar maliyyə xərcləri və gəlirlərinin hesabatlarda artmasına, gəlirlərin dövrlər üzrə daha düzgün bölüşdürülməsinə, maliyyə hesabatlarında müqavilə aktivi və müqavilə öhdəliyinin yaranmasına xidmət edir". X.Kərimli qeyd edib ki, 16 saylı MHBS standartlarında cari öhdəlikləri əməliyyat və maliyyə xarakterli olmasından asılı olmayaraq aktiv və öhdəlik kimi qeydə alınır. Xərclər aktivin amortizasiyası və öhdəliyin diskontlaşdırılmasının açılmasında olduğu kimi maliyyə xərci başlığında təsnifləşdirilir. Əməliyyat lizinqi aradan qalxır, balansda icarə ilə əlaqədar aktiv və öhdəliklərin həcmi artır, dövrlər üzrə xərcin məbləği və təyinatı dəyişir, əməliyyat xərcləri ilə paralel maliyyə xərcləri meydana çıxır, ədalətli dəyərin tapılmasında diskontlaşdırma üsulu genişlənir. Fəxriyyə İKRAMQIZI |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.