e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Elektron ticarətlə məşğul olan şəxs hansı vergini ödəməlidir?

2019-07-11 | Vergilər | 2957

İnternet üzərindən əməliyyatlar aparan şəxslərin gəlirləri bəzən illik 200.000 manatdan artıq olur, bəzi hallarda isə onlar hətta bir ayda həmin məbləğdən artıq gəlir götürə bilirlər. Bu halda həmin vətəndaş hansı növ verginin ödəyicisi olmalıdır?

Vergilər Nazirliyindən məsələyə aydınlıq gətirilərək bildirilib ki, sahibkarlıq fəaliyyəti göstərən və vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər növbəti ayın ilk günündən etibarən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməlidirlər. Eyni zamanda, həmin şəxslər internet vasitəsilə sahibkarlıq subyektlərinə xidmətlər göstərdiyi halda, sadələşdirilmiş verginin ödəyicisi ola bilməzlər və gəlir vergisi ödəyicisi olaraq fəaliyyət göstərməlidirlər.

Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) həmin Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludurlar.

Bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda, bu əməliyyat ƏDV tutulan əməliyyat sayılır və həmin əməliyyatı həyata keçirən şəxs əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməlidir. Vergi Məcəlləsinin 218.5.10-cu maddəsində isə göstərilib ki, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna edilməklə) sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ yoxdur.

Mənbə: https://vergiler.az/news/taxes/2920.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.