Repetitorların vergi və sosial öhdəlikləri2022-10-08 | Vergilər | 2555Yeni dərs ilinin başlanması ilə imtahan hazırlıqları və repetitorluq fəaliyyəti ilə bağlı məsələlər də yenidən aktuallaşıb. Bəs repetitorların fəaliyyəti qanunvericiliklə necə tənzimlənir? “vergiler.az”ın sualına vergi eksperti Cavid Vəlizadə aydınlıq gətirib. Repetitor - haqqı valideynin hesabına ödənmək şərtilə şagirdə tək və ya qrup halında dərs verən müəllimdir. Repetitor fəaliyyəti ilə məşğul olan şəxslər gəlir əldə etdikləri üçün Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən vergi ödəyicisi kimi uçota alınmalıdırlar. Bundan sonra onlar fərdi sahibkar olan fiziki şəxs statusuna malik olurlar. Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Məcəlləsinin 218.5.10-cu maddəsində göstərilib ki, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) xidmət göstərən vergi ödəyiciləri sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdirlər. Vergi Məcəlləsinin 218.6.2-ci maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər tərəfindən əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmamalıdır. Həmçinin “Sosial sığorta haqqında” qanunun 14.5.1 maddəsində qeyd olunub ki, sahibkarlıq fəaliyyəti üzrə – minimum aylıq əməkhaqqının ( 300 manat) tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının: - Bakı şəhərində 100 faizi; - Sumqayıt və Gəncə şəhərlərində 90 faizi; - digər şəhərlərdə 80 faizi; - rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi; - kənd yerlərində 50 faizi miqdarında sosial sığorta haqqı ödəməlidir. Bundan başqa, “Tibbi sığorta haqqında” Qanunun 15-10.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər tərəfindən minimum aylıq əməkhaqqı (300 manat) məbləğinin 4 faizi həcmində icbari tibbi sığorta məbləği hesablanır. Misal 1: Ağstafa rayon Həsənsu kəndində repetitor fəaliyyəti ilə məşğul olan coğrafiya müəlliminin ay ərzində şagirdlərdən əldə etdiyi gəlir 1.800 manat olub. Müəllimin fəaliyyəti kənd yerdə olduğu nəzərə alınmaqla ay üzrə aşağıda göstərilən vergi və sosial ödənişləri etməlidir: - sadələşdirilmiş vergi – 1800 x 2% = 36 manat; - MDSS – (300 x 25%) x 50% = 37,5 manat; - icbari tibbi sığorta haqqı - 300 x 4% = 12 manat. Misal 2: Gəncə şəhərində repetitor fəaliyyəti ilə məşğul olan fizika müəllimi ay ərzində şagirdlərdən 2.500 manat gəlir əldə edib. Onun aylıq vergi və sosial ödənişləri belə hesablanır: - sadələşdirilmiş vergi - 2500 x 2% = 50 manat; - MDSS - (300 x 25%) x 90% = 67,5 manat; - icbari tibbi sığorta haqqı - 300 x 4% =12 manat. Əməliyyatların rəsmiləşdirilməsinə gəlinsə, repetitorlar şagirdlərdən ödəniş aldıqda hər bir şagird üzrə ciddi hesabat blankı olan mədaxil qəbzi yazıb verməli və cəmi qəbzləri toplayıb ciddi hesabat blankını kassa mədaxil orderində qeyd etməli, kassa kitabında qeydiyyat aparmalıdır. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.