e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər

2024-03-19 | Vergilər | 4007

Vergi Məcəlləsinin 218-ci maddəsinin müddəalarına əsasən, artıq ölkədaxili yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilməzlər. Bu yeniliyi “vergiler.az”a “Turan” Tədris Mərkəzinin təlimçisi və vergi eksperti Cavid Vəlizadə şərh edir.

Ölkə daxilində yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslər bu ildən etibarən sadələşdirimiş vergi ödəyicisi kimi fəaliyyət göstərmirlər. Belə ki, 2024-cü ilə qədər yükgötürmə qabiliyyətinə uyğun olaraq (hər tona görə) bir manat ödəməklə “Fərqlənmə nişanı” alaraq fəaliyyət göstərən vergi ödəyiciləri bu ildən etibarən mənfəət (gəlir) vergisi ödəyicisi kimi fəaliyyət göstərirlər. Həmçinin, ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatı keçdiyi halda ƏDV ödəyicisi olurlar.

Bu o deməkdir ki, artıq bu şəxslər gəlirlərindən xərclərini çıxmaqla əldə etdikləri mənfəətə görə mənfəət (gəlir) vergisi ödəməlidirlər.

Misal 1:

“BY” MMC daxildə yükdaşıma fəaliyyəti ilə məşğuldur. Onun balansında 10 ədəd 20 ton yükgötürmə qabiliyyəti olan nəqliyyat vasitəsi var. Şirkətin 2024-cü il üzrə illik gəliri 380.000 manat və gəlirdən çıxılan xərcləri 250.000 manat olub.

Dəyişiklik edilməmişdən qabaq illik sadələşdirilmiş vergi belə hesablanırdı:

(10 x 20) x 1) x 12 = 2.400 manat.

Burada 1 sadələşdirilmiş verginin aylıq məbləği, 12 ayların sayıdır.

Dəyişiklik edildikdən sonra mənfəət vergisinin hesablanması:

380.000 – 250.000 = 130.000 manat;

130.000 x 20% = 26.000 manat.

Deməli, MMC-nin ödəyəcəyi vergi məbləği 26.000 manat olacaq.

Misaldan da göründüyü kimi, artıq bu vergi ödəyiciləri gəlir və xərclərinin uçotunu düzgün aparmalı və bütün xərclərini rəsmiləşdirməlidirlər.

Həmçinin, Vergi Məcəlləsinin 115.1-ci maddəsinə əsasən, bu fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin təmir xərclərinin gəlirdən çıxılmasının faiz norması 5 faizdən 8 faizə qaldırılıb.

Misal 2:

İlin əvvəlinə “BY MMC”-nin nəqliyyat vasitələrinin qalıq dəyəri 450.000 manatdır. 2024-cü ildən etibarən müəssisə 36.000 manat maksimum təmir xərci göstərə biləcək.

450.000 x 8% = 36.000 manat.

Bu vergi ödəyiciləri sadələşdirilmiş vergi ödəyicisindən çıxdığı halda yenə də “Fərqlənmə nişanı” almalıdırlar. Vergi Məcəlləsinin 221.4.7-ci maddəsinə əsasən, avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il üçün ciddi hesabat blankı olan "Fərqlənmə nişanı" almalıdırlar. "Fərqlənmə nişanı" vergi ödəyicisinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş formada ərizəsinə əsasən, iki iş günündən gec olmayaraq verilir.

"Fərqlənmə nişanı" almaq üçün vergi ödəyicisinin (yük daşımalarını həyata keçirən vergi ödəyiciləri istisna olmaqla) ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsini təsdiq edən ödəniş sənədi əlavə edilməlidir. Ödəniş sənədində avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi aydın göstərilməlidir.

Mənbə: https://vergiler.az/news/opinion/28434.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.