Tikinti şirkətləri üçün vergi şərtləri dəyişdirilib2019-12-06 | Vergilər | 4370Milli Məclisdə qəbul edilən Vergi Məcəlləsinə dəyişikliklərə əsasən, gələn ildən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilməyəcəklər. İqtisadçı ekspert Radil Fətullayev Azərbaycanda vergi ödəmə sistemi ilə bağlı iki əsas vergi rejiminin mövcud olduğunu xatırladaraq bildirib ki, qüvvədə olan qanunvericiliyə uyğun olaraq tikinti şirkətləri bu rejimlərin hər birində fəaliyyət göstərərək vergi ödəyicisi ola bilirdilər: "Bununla yanaşı, Vergi Məcəlləsinin sadələşdirilmiş vergi ilə bağlı hissəsində qeyd olunub ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər də bu verginin ödəyiciləri ola bilərlər. Əgər bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs sadələşdirilmiş vergi ödəyicisi olurdusa, o zaman vergi mənfəətdən tutulmurdu. Sadələşdirilmiş vergi tikinti aparılan binanın sahəsini 45 manata, alınan rəqəmi zona əmsalı və qeyri-yaşayış obyekləri üçün 1,5 yüksəldici əmsala vurmaqla hesablanırdı". Vergi Məcəlləsinə qəbul edilən son dəyişikliklərə əsasən, 1 yanvar 2020-ci ildən bina tikintisinə başlamış şəxslər yalnız gəlir (mənfəət) + ƏDV vergisi ödəyicisi olacaqlar. Bu halda bina tikintisi ilə məşğul olan şəxslər tərəfindən əldə edilən gəlirlərdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra yaranan fərqdən 20 faiz dərəcə ilə mənfəət/gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilməlidir. Qanunvericilikdə qəbul edilən yeniliyin tikinti bazarına müsbət təsir edəcəyini deyən R.Fətillayev tikinti şirkətlərinin mənzillərin qiymətlərini artıra biləcəyini də istisna etməyib. Onu da deyək ki, gələn ildən vətəndaşlara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilməlidir. Vergi Məcəlləsinə edilən dəyişikliklərdə yaşayış və ya qeyri-yaşayış sahəsi alan vətəndaşlara güzəştlər də nəzərdə tutulub. Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva keçirdiyi brifinqdə bildirib ki, vətəndaş aldığı əmlakın dəyərini nağdsız qaydada təqdim etdikdə onun ödədiyi ƏDV-nin 30 faizlik hissəsi dövlət tərəfindən geri qaytarılacaq. Fərqanə ALLAHVERDİQIZI |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.