e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

203 Tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri

Hesablar Planının 203-cü hesabı tikinti müqavilələri üzrə bitməmiş tikinti işlərinin dəyərini əks etdirir.

Tikinti müqaviləsi – ayrı-ayrı obyektlərin tikintisi üçün və ya layihəsi, texnologiyası və funksiyası, habelə təyinatı və ya istifadəsi baxımından bir-biri ilə sıx əlaqəli və ya bir-birindən asılı olan obyektlər kompleksinin tikintisi üçün bağlanmış müqavilədir.

01.01.2018 tarixinə kimi Tkinti müqavilələri üzrə gəlirlərin tanınması "Tikinti muqavilələri. İAS11" Mühasibat Uçotunun Beynəlxalq Standartı ilə tənzimlənirdi. 01.01.2018 tarixindən tikinti müqavilələri üzrə gəlirlər "Müştərilərlə müqavilələr üzrə gəlirlər. IFRS 15" Maliyyə Hesabatlarının Beynəlxalq Standartı əsasında tanınır.

Podratçı müəssisə tikinti obyekti ilə bağlı olan bütün xərcləri 203 "Tikinti müqavilələri üzrə məsrəflər" hesabında uçota alır. Bu hesaba aşağıdakı subhesablar açıla bilər:

  • 203-1 "Tikintidə istifadə olunmuş xammal və materiallar";
  • 203-2 "Tikinti ilə məşğul olan işçi heyəti ilə bağlı məsrəflər";
  • 203-3 "Tikinti ilə məşğul olan işçi heyəti ilə bağlı məsrəflərə görə hesabalanılan sosial sığorta ayırmaları";
  • 203-4 "Tikintidə istifadə edilən aktivlər üzrə amortizasiya məsrəfləri";
  • 203-5 "Tikinti ilə bağlı sair məsrəflər".

Bundan başqa, 203-cü hesabın subhesabları üzrə hər tikinti müqaviləsi və ya tikinti obyekti üzrə ayrı subhesab yaradılır. Misal üçün:

  • 203-1.A "Tikintidə istifadə olunmuş xammal və materiallar - Müqavilə A",
  • 203-2.A "Tikinti ilə məşğul olan işçi heyəti ilə bağlı məsrəflər - Müqavilə A",
  • 203-1.B "Tikintidə istifadə olunmuş xammal və materiallar - Müqavilə B"
  • 203-2.B "Tikinti ilə məşğul olan işçi heyəti ilə bağlı məsrəflər - Müqavilə B" və s.

203-cü hesabın qalığı tikinti müqavilələri üzrə bitməmiş tikinti işlərinin dəyərini əks etdirir.

Tikinti müqavilələrinə əsasən təşkilat tərəfindən görülmüş iş və göstərilmiş xidmətlərlə bağlı məsrəflər 203 "Tikinti müqavilələri bitməmiş tikinti işləri" hesabın debeti və 201 "Xammal və materiallar", 207 "Digər ehtiyatlar", 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları", 532 "Törəmə(asılı) müəssisələrə qısamüddətli kreditor borcları", 535 "İcarə üzrə qısamüddətli kreditor borcları", 536 "Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları", 533 " İşçi heyətinə qısamüddətli kreditor borcları", 538 "Digər qısamüddətli kreditor borcları" hesabların və 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər", 523 "Digər məcburi ödənişlər üzrə öhdəliklər" hesabların kreditində uçota alınır.

Tikinti işləri baş podratçıya təhvil verildikdən sonra 203-cü hesabda yığılan məbləğ 701-2 "Tikinti müqavilələri üzrə maya dəyəri xərcləri" hesabına silinir. Bu hesabda da müvafiq müqavilələr və ya tikinti obyektləri üzrə subhesablar açıla bilər:

  • 701-2.A "Tikinti müqavilələri üzrə maya dəyəri xərcləri - Müqavilə A”,
  • 701-2.B "Tikinti müqavilələri üzrə maya dəyəri xərcləri - Müqavilə B” və s.
Misal.

Müəssisə sifarişçi üçün anbar binasının inşası ilə bağlı tikinti müqaviləsi imzalayıb. Müqaviləyə əsasən binanın tikinti işlərinin qiyməti 150 000 manat təşkil edir. Anbar binasının inşasının smeta dəyəri 120 000 manat təşkil edir. Bina 1 il müddətində inşa edilməlidir. İl ərzində binanın inşası üçün aşağıdakı xərclər edilmişdir:

  • materiallar - 60 000 manat
  • işçilərin əmək haqqısı - 30 000 manat
  • DSMF-na ayırmalar - 6 600 manat
  • avadanlığın amortizasiyası - 3 400 manat
  • sair xərclər - 20 000 manat


N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Tikintidə istifadə edilən material xərcləri 203 "Tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri" 201-1 "Xammal və materiallar" 60 000
2 Tikintidə işləyən işçilərin əmək haqqı xərcləri 203 "Tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri" 533 "İşçi heyətinə qısamüddətli kreditor borcları" 30 000
3 DSMF ayırmalar 203 "Tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri" 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər" 6 600
4 Tikintidə istifadə edilən avadanlığın amortizasiyası 203 "Tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri" 112 "Torpaq, tikili və avadanlıqlar - Amortizasiya" 3 400
5 Tikintidə çəkilən sair xərclər 203 "Tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri" 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" 20 000

Yazı sonuncu dəfə 2019-04-12 tarixində yenilənib.

203 Tikinti müqavilələri bitməmiş tikinti işləri


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.