e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

751 Maliyyə xərcləri

Hesabat dövründə çəkilmiş və həmin dövrə aid olan maliyyə xərcləri "Maliyyə xərcləri" adlı 751 nömrəli hesabda uçota alınır. Maliyyə xərclərinə faiz xərcləri, konvertasiya olunan istiqrazlar üzrə faiz xərcləri, maliyyə iсarəsi üzrə faiz xərcləri, maliyyə alətlərinin ədalətli dəyərinin dəyişməsi üzrə xərclər və faiz xərcləri yaradan öhdəliklər üzrə məzənnə xərcləri daxildir.

751-ci hesaba aşağıdakı subhesablar açıla bilər:

  • 751-1 - Faiz xərcləri
  • 751-2 - Konvertasiya olunan istiqrazlar üzrə faiz xərcləri
  • 751-3 - Maliyyə icarəsi üzrə faiz xərcləri
  • 751-4 - Maliyyə alətlərinin ədalətli dəyərinin dəyişməsi üzrə xərclər
  • 751-5 - Faiz xərcləri yaradan öhdəliklər üzrə məzənnə xərcləri
  • 751-6 - Digər maliyyə xərcləri
Hesablanan maliyyə xərcləri 751-ci "Maliyyə xərcləri" hesabının debetində və müvafiq hesabların kreditində əks etdirilir.

Hesabat dövrünün sonunda 751-ci "Maliyyə xərlcəri" hesabında toplanan məbləğ 801 "Ümumi mənfəət (zərər)" hesabına silinir.

Misal.

Müəssisə bankdan 3 illik 24% faiz dərəcəsi ilə 20 000 AZN kredit alıbdır, və hər ay kredit faizini banka ödəməlidir. Bu əməliyyatlar üzrə müxabirləşmələr aşağıdakı kimi olacaqdır.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Kredit məbləğinin müəssisənin hesablaşma hesabına daxil olması 223 "Bank hesablaşma hesabları" 401 "Uzunmüddətli bank kreditləri" 20 000
2 İllik faiz xərclərinin hesablanması (20 000*24%) 751-1 "Faiz xərcləri" 537 "Faizlər üzrə qısamüddətli kreditor borcları" 4 800
3 Aylıq faiz xərcinin ödənilməsi (4 800/12) 537 "Faizlər üzrə qısamüddətli kreditor borcları" 223 "Bank hesablaşma hesabları" 400

Vergi uçotu

Maliyyə gəlirləri və xərclərinin vergi uçotunda əsas məsələlər bu gəlirlər və xərclərin tanınması vaxtı, vergidən azad olunması şərtləri, xərclərə aid edilməsi və ya kapitallaşdırılması məsələləridir.

Faizlər — borc öhdəlikləri ilə bağlı olan hər hansı ödəmə, o cümlədən kreditlərin (ssudaların) və ya depozitlərin (hesabların) verilməsi üçün ödəmədir.

AR Vergi Məcəlləsinin 99.3.1. maddəsinə əsasən faiz gəlirləri qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərə aid edilir.

AR Vergi Məcəlləsinin 102.1.22 maddəsinə əsasən 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azaddır. Mülki Məcəllənin 997-ci maddəsinə əsasən investisiya qiymətli kağızlara isə istiqrazlar və səhmlər aid edilir.

AR Vergi Məcəlləsinin 135.3. maddəsinə əsasən vergi ödəyicisinin faiz gəliri borc öhdəlikləri üzrə ödəmənin müddətinin qurtardığı vaxt gəlir almaq hüququnun əldə edildiyi vaxt sayılır. Borc öhdəliyi üzrə ödəmənin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, gəlir onun hesablanma qaydasına müvafiq surətdə həmin hesabat dövrləri üzrə bölüşdürülür.

Misal.

Hesablama metodu ilə uçot aparan hüquqi şəxs bankdakı depozit hesabından faiz gəliri əldə edir. Müqaviləyə əsasən 2017-ci il üçün hesablanmış illik faiz gəlirləri müəssisəyə 2018-ci ilin fevral ayında ödəniləcəkdir. Müəssisə bu gəliri hansı ilin mənfəətinə aid etməlidir?

Gəlir və xərclərin uçotunu hesablama metodu ilə aparan vergi ödəyicisinin faiz gəliri əldə etmək hüququ vardırsa və borc öhdəliyi üzrə ödəmənin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, gəlir onun hesablanma qaydasına müvafiq olaraq həmin hesabat dövrləri üzrə bölüşdürülür.

Gəlir və xərclərin uçotu kassa metodu ilə aparıldığı halda isə faizin ödənildiyi vaxt, yəni sorğunuzda qeyd edilmiş 2018-ci ilin fevral ayı gəlirin əldə edildiyi vaxt hesab olunur.

Bundan başqa, AR Vergi Məcəlləsinin 102.1.22-1 maddəsinə əsasən AR Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki şəxslərin dividend gəlirləri gəlir vergisindən azaddır.

Onu da nəzərə almaq lazımdır ki, AR Vergi Məcəlləsinin 143-cü maddəsinə əsasən aktivlər kreditlər hesabına alındığı halda, kredit faizləri aktivlərin dəyərini artırmır və Məcəllənin 108-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılır. Halbuki, mühasibat uçotu standartlarına əsasən kredit faizləri alınan aktivlərin dəyərini artırır.

Gəlirdən faizlər üzrə çıxılan məbləğlərin məhdudlaşdırılması. AR Vergi Məcəlləsi, Maddə: 110.

Xaricdən alınmış borclar üzrə, habelə qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablama metodundan istifadə edildikdə - ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə AR Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizdən artıq olmamaqla gəlirdən çıxılır.

Transfer qiyməti tətbiq edilən şəxslərdən alınmış borclar üzrə əməliyyatlara Tranfer qiyməti əsas götürülməklə aparılır.

Bundan başqa, xaricdən alınan borclar (xarici banklar və kredit təşkilatları tərəfindən verilmiş, habelə xarici birjalarda ticarət olunan istiqrazlar üzrə borclar istisna olmaqla) vergi ödəyicisinin xalis aktivlərindən (kapitalından) iki dəfədən çox olduğu halda, borcun xalis aktivdən (kapitaldan) iki dəfədən çox olan hissəsinə görə hesablanmış faizlərin gəlirdən çıxılmasına yol verilmir. Lakin, bu şərt rezident banklara və kredit təşkilatlarına aid edilmir.

Yazı sonuncu dəfə 2019-01-22 tarixində yenilənib.

751 Maliyyə xərcləri


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.