e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

515-1 Sığorta müqavilələri üzrə qısamüddətli öhdəliklər

Adətən könüllü sığorta müqavilələrinin müddəti 1 il olur. Könüllü sığorta müqaviləsi 12 aylıq bağlanılıbsa, o zaman, sığorta müqavilələri üzrə xərclər hər ay proporsional olaraq sığorta haqqının 1/12 həcmində tanınmalıdır.

İlk öncə qeyd etmək lazımdır ki, sığorta əməliyyatları ilə bağlı əsas anlayışları (terminləri) bilmədən əməliyyatların mühasibat uçotunda tanınmasında yanlışlıqlara yol verilə bilər. Bu səbəbdən bu anlayışlara baxaq:

Sığorta fəaliyyəti haqqında AR Qanunu

Maddə 1. Əsas anlayışlar

  • sığortaçı – bu Qanun əsasında sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda icbari sığorta qanunlarında və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi olan yerli hüquqi şəxs;
  • sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfi;
  • sığorta olunan – sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxs;
  • faydalanan şəxs - icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxs;
  • sığorta obyekti - sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyi;
  • sığorta haqqı – risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği;
  • sığorta məbləği – sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi;
  • sığorta predmeti – sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu fiziki şəxs, əmlak və ya hal;
  • sığorta hadisəsi – icbari sığorta üzrə icbari sığorta qanunlarına, könüllü sığorta üzrə sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal;
  • sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;

Müəssisə sığortalı kimi çıxış edərkən onun əmlakının və işçi heyətinin könüllü sığorta edilməsi üzrə qısamüddətli öhdəliklər haqqında məlumatları ümumiləşdirmək üçün uçotda 515-1 № li "Sığorta müqavilələri üzrə qısamüddətli öhdəliklər" subhesabından istifadə edir.

Cari hesabat dövründə ödənilən, lakin gələcək hesabat dövrlərinə aid olan xərclər 242 "Gələcək hesabat dövrünün xərcləri" hesabında uçota alınır. 242-ci hesabda uçota alınan xərclər müəssisə tərəfindən xərc hesablarının debetinə hissə-hissə silinir.

Hesablanan sığorta müqavilələri üzrə xərcləri istehsal məsrəflərini uçota alınan hesabların debetinə və 515-1 hesabın kreditinə yazılır. Sığorta şirkətinə ödəmələr 515-1 hesabın debetində və pul vəsaitləri hesablarının kreditində əks olunur.

Sığorta hadisəsi baş verdikdə sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən sığorta olunan işçiyə ödənilməli olan maliyyə kompensasiyası (sığorta ödənişi) 515-1 hesabının debetində və 538 "Digər qısamüddətli kreditor borcları" hesabının kreditində əks olunur.

Sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən müəssisəyə ödənilməli olan maliyyə kompensasiyası (sığorta ödənişi) pul vəsaitləri hesabının debeti və 515-1 hesabının krediti üzrə əks olunur.

Təcrübədə, sığortalana(zərərçəkənə) olan sığorta ödənişləri siğortaçının iştirakı olmadan həyata keçirilir, və sığorta məbləği siğortaçı tərəfindən sığortalıya birbaşa ödənilir.

Misal.

Cari ilin yanvar ayında Neft emali müəssisəsi öz işçilərini bədbaxt hadisələrin könüllü sığortası ilə bağlı sığorta şirkəti ilə 1 illik müddətinə müqavilə bağlamışdır.

Sığorta müqaviləsinin şərtlərinə görə sığorta haqqı sığorta olunanın bir illik əmək haqqı fondunun (aylıq əmək haqqının 12 misli) sığorta tarifinə hasili əsasında müəyyən edilir. İlin əvvəlində sığorta haqqı 12 000 AZN məbləğində birdəfəlik ödənilir. Cari ilin iyul ayında baş vermiş sığorta hadisəsi nəticəsində müəssisənin işçilərinin birinə 1 300 AZN məbləində sığorta ödənişi edilmişdir. Bu məbləğ sığorta şirkəti tərəfindən müəssisənin hesablaşma hesabına köçürülmüşdür, və müəssisə bu məbləği işçisinə öz kassasından ödəmişdir.

Bu əməliyyatlar üçün müxabirləşmələr aşağıdakı kimi olacaqdır:

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Sığorta şirkətinə sığorta haqqı ödənilib 515-1 "Sığorta müqavilələri üzrə qısamüddətli öhdəliklər" 223 "Bank hesablaşma hesabları" 12 000
2 Sığorta şirkətinə ödənilən sığorta haqqı gələcək dövrlərin xərcləri kimi əks olunur 242 "Gələcək hesabat dövrünün xərcləri" 515-1 "Sığorta müqavilələri üzrə qısamüddətli öhdəliklər" 12 000
3 Cari ayın sığorta xərci əks olunur: 12 000/12 202 "İstehsalat (iş və xidmət) məsrəfləri" 242 "Gələcək hesabat dövrünün xərcləri" 1 000
4 Sığorta hadisəsi üzrə işçiyə sığorta ödənişinin (maliyyə kompensasiyasının) hesablanması 515-1 "Sığorta müqavilələri üzrə qısamüddətli öhdəliklər" 538 "Digər qısamüddətli kreditor borcları" 1 300
5 Sığorta şirkətindən sığorta ödənişi (maliyyə kompensasiyası) müəssisənin bank hesabına daxil olur 223 "Bank hesablaşma hesabları" 515-1 "Sığorta müqavilələri üzrə qısamüddətli öhdəliklər" 1 300
6 Müəssisə işçisinə sığorta ödənişini (maliyyə kompensasiyasını) ödəyir 538 "Digər qısamüddətli kreditor borcları" 221 "Kassa" 1 300

515-1 hesabı üzrə digər əməliyyatların müxabirləşmələr aşağıdakı kimi aparıla bilər:



N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Sığorta şirkətinə sığorta haqqı ödənilib 515-1 "Sığorta müqavilələri üzrə qısamüddətli öhdəliklər" 223 "Bank hesablaşma hesabları" -
2 Sığorta öhdəliyi hesablanıb və istehsal məsrəflərinə silinib 202 "İstehsalat (iş və xidmət) məsrəfləri" 515-1 "Sığorta müqavilələri üzrə qısamüddətli öhdəliklər" -
3 Sığortalanmış mallar üzrə sığorta hadisəsi zamanı baş vermiş itkilər silinib 515-1 "Sığorta müqavilələri üzrə qısamüddətli öhdəliklər" 205 "Mallar" -
4 Sığorta hadisəsi baş verdiyinə görə sığorta ödəmələri daxil olub 223 "İstehsalat (iş və xidmət) məsrəfləri" 515-1 "Bank hesablaşma hesabları" -
5 Sığorta ödənişinin məbləği müəssisəyə dəymiş ziyandan artıqdırsa gəlir tanınıb 515-1 "Sığorta müqavilələri üzrə qısamüddətli öhdəliklər" 611-10 "Digər əməliyyat gəlirləri" -

Yazı sonuncu dəfə 2018-11-02 tarixində yenilənib.

Sığorta müqavilələri üzrə qısamüddətli öhdəliklər


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.