e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Tikinti fəaliyyəti - Mühasibat uçotu

Tikiniti şirkətində və podratçıda mühasibat uçotunun obyekti tikiniti müqavilələri və ya layihələr üzrə tikinti obyektinin tikintisinə çəkilən məsrəflərdir.

Tikinti müqaviləsi – ayrı-ayrı obyektlərin tikintisi üçün və ya konstruksiyası, texnologiyası və funksiyası, habelə son təyinatı və ya istifadəsi baxımından bir-biri ilə sıx əlaqəli və ya bir-birindən asılı olan obyektlər kompleksinin tikintisi üçün bağlanmış müqavilədir.

Tikinti obyektləri – tikinti fəaliyyəti prosesində yaradılan və ya yaradılmış bina və ya qurğulardır. Hər bir tikinti obyektinin ayrı layihəsi və smetası hazırlanmalıdır.

01.01.2018 tarixinə kimi Tkinti müqavilələri üzrə gəlirlərin tanınması "Tikinti muqavilələri. İAS11" Mühasibat Uçotunun Beynəlxalq Standartı ilə tənzimlənirdi. 01.01.2018 tarixindən tikinti müqavilələri üzrə gəlirlər "Müştərilərlə müqavilələr üzrə gəlirlər. IFRS 15" Maliyyə Hesabatlarının Beynəlxalq Standartı əsasında tanınır.

Tikinti şirkətləri tikinti müqavilələri üzrə işləri yerinə yetirərkan mühasibat uçotunun bir neçə obyekti üçün məlumatların formalaşdırlmasını təmin etməlidirlər. Sifarişçi uçotun aşağıdakı sahələri üzrə göstəriciləri hazırlamalıdır:

  • bitməmiş tikinti işləri üzrə məlumatlar (tikintinin başlanmasından tikinti obyektinin istismara verilməsinə qədər sifarişçinin xərcləri)
  • bitmiş tikinti işləri üzrə məlumatlar (tikinti obyektinin istismara verilməsi üzrə sifarişçinin xərcləri)
  • tikinti müqavilələrinə uyğun olaraq, podratçılara verilmiş avanslar üzrə məlumatlar
  • fəaliyyətin maliyyə nəticələri barədə məlumatlar

Sifarişçinin tikinti obyektinə çəkdiyi xərclər aşağıdakı məsrəflərdən ibarətdir:

  • tikinti işləri üzrə məsrəflər;
  • avadanlığın əldə edilməsi məsrəfləri;
  • avadanlığın quraşdırılması işlər üzrə məsrəflər;
  • digər kapital xərclər (əsas vəsaitlərin dəyərini artırmayan məsrəflər)
  • obyektin istismara verilməsi və ya investora təhvil verilməsi məsrəfləri

601-3 №li "Tikinti müqavilələri üzrə gəlir" subhesabında mühasibat uçotu subyektinin adi əməliyyat fəaliyyəti zamanı tikinti müqavilələri üzrə işlərin görülməsindən əldə edilən gəlirinin dəyəri əks etdirilir.

Tikinti müqavilələri üzrə gəlirinin dəyərinə 171, 172, 173, 174, 175, 177, 211, 212, 213, 214, 215, 217 №li hesabların müvafiq subhesablarının debeti və 601-3 №li hesabın krediti üzrə mühasibat yazılışı verilir.

Tikinti müqavilələri üzrə gəlirinin dəyərinə görə hesablanılmış əlavə dəyər vergisinə 171, 172, 174, 175, 177, 211, 212, 214, 215, 217 №li hesabların müvafiq subhesablarının debeti və 545 №li hesabın müvafiq subhesablarının krediti, büdcə qarşısında vergi öhdəliyinin yaranması zamanı isə 545 №li hesabın müvafiq subhesablarının debeti və 521 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

Tikinti müqavilələri üzrə gəlirin dəyəri mühasibat uçotu subyektinə ödənildikdə 221, 222, 223, 224, 225 №li hesabların müvafiq subhesablarının debeti və 171, 172, 174, 175, 177, 211, 212, 214, 215, 217 №li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

Tikinti müqavilələri üzrə gəlir 601-3 №li hesabın debetində və 801 №li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir. Tikinti müqavilələri üzrə gəlir üzrə hesablanmış xərclərə 801 №li hesabın müvafiq subhesablarının debeti və 701-2 №li hesabın üzrə mühasibat yazılışı verilir.

701-2 №li "Tikinti müqavilələri üzrə maya dəyəri xərcləri" subhesabında mühasibat uçotu subyekti tərəfindən həyata keçirilmiş tikinti müqavilələri ilə əlaqədar çəkilmiş xərclərin dəyəri barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir. Bu zaman 701-2 №li subhesabın debeti və 203-1, 203-2, 203-3, 203-4, 203-5 №li subhesabların krediti üzrə mühasibat yazılışı verilir.

Tikinti müqavilələri üzrə xərclərə 801 №li hesabın müvafiq subhesablarının debeti və 701-2 №li subhesabın krediti üzrə mühasibat yazılışı verilir.

Misal.

Tikinti işləri ilə məşğul olan müəssisə sifarişçi üçün inzibati binanın tikintisi üçün müqavilə imzalayır. Müqavilənin dəyəri 350 000 AZN-dir, smeta üzrə xərclər isə 280 000 təşkil edir. Müqavilə şətlərinə görə tikinti 12 ay çəkəcəkdir. Tikinti müəssisəsi hesabat ilinin sonuna tikinti işlərinin 40% yerinə yetirmişdir.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 40% yerinə yetirilmiş tikinti işlərindən gəlirin tanınması 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları" 601-3 "Tikinti müqavilələri üzrə gəlir" 140 000
2 40% yerinə yetirilmiş tikinti işlərinin məsrəfləri silinir 701-2 "Tikinti müqavilələri üzrə maya dəyəri xərcləri" 203 "Tikinti müqavilələri üzrə məsrəflər" 112 000
3 Tikinti işləri üzrə gəlir mənfəətə silinir 601-3 "Tikinti müqavilələri üzrə gəlir" 801 "Ümumi mənfəət (zərər)" 140 000
4 Tikinti işləri üzrə xərclər mənfəətə silinir 801 "Ümumi mənfəət (zərər)" 701-2 "Tikinti müqavilələri üzrə maya dəyəri xərcləri" 112 000


Yazı sonuncu dəfə 2020-05-18 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.