e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Tikinti şirkətlərinin gəlir və xərclərinin hesablanması

2020-08-26 | Vergilər | 3771

Bina tikintisi ilə məşğul olan sahibkarlar həm hüquqi şəxs yaradaraq, həm də fiziki şəxs kimi fəaliyyət göstərirlər. Mütəxəssislər bu fəaliyyət növü üzrə uçotun, hesabatlılığın özünəməxsus xüsusiyyətlərinin olduğunu qeyd edirlər. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

Vergi Məcəlləsində edilmiş son əlavə və dəyişikliklərə görə bina tikintisi ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilməzlər. Məcəllənin 130.6-cı maddəsində göstərilir ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı gəlir və bu gəlirdən çıxılan xərclər vergi ili ərzində yerinə yetirilmiş işlər (mərhələlər) üzrə təqdim edilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz məbləğləri ilə həmin sahələrin tikintisi ilə bağlı çəkilən məsrəflər, o cümlədən torpaq sahələrinin alınması ilə bağlı çəkilən məsrəflər əsasında müəyyən edilir.

Bina tikinsi ilə bağlı gəlirlərin və xərclərin müəyyənləşdirilməsində aşağıdakı hallar nəzərə alınır:

  • bina tikintisi uzunmüddətli bir fəaliyyətdir;
  • bina tikintisi bir ildən başqa ilə, hətta illər üzrə həyata keçirilə bilər. Həmçinin, mərhələlər üzrə də aparıla bilər;
  • gəlirlərin müəyyənləşdirilməsi üçün yaşayış və qeyri-yaşayış sahəsinin təqdim edilməsi həyata keçirilməlidir;
  • tikinti sahəsi üzrə məsrəflər olmalıdır ki, xərc hissəsi formalaşsın;
  • gəlir və xərc formalaşması üçün binanın müəyyən hissəsi və ya müəyyən mərhələsi tikilməlidir.

Məcəllədə əks olunan gəlirlərin formalaşması üzrə digər maddələri də nəzərdən keçirək:

Maddə 13.2.12. Gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur.

Bundan əlavə, malların təqdim edilməsi anlayışını aydınlaşdırmaq üçün Vegi Məcəlləsinin 13.2.10.-cu maddəsinə baxmalıyıq.

Maddə 13.2.10. Malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi.

Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə alğı-satqı müqavilələrinin sonradan eyni şəxslə notarial qaydada təsdiq edilməsi bu maddənin məqsədləri üçün vergi tutulan təqdimetmə hesab edilmir.

Misal 1: Tutaq ki, "AA" MMC on mərtəbəli bina tikməyi qərara alıb və bunun üçün müvafiq olaraq elanlar verib. Tikinti işləri başlayana kimi bir neçə vətəndaşdan müqavilə əsasında 200.000 manat vəsait əldə edib.

Sual: Bu halda MMC-nin aldığı vəsait gəlir sayılırmı və bunun xərci nə qədərdir?

"AA" MMC-nin vətəndaşlardan aldığı 200.000 manat gəlir sayılmayacaq. Vətəndaşlarla müqavilə imzalamasına baxmayaraq, faktiki olaraq heç bir tikinti aparılmadığına görə bu məbləğ gəlir sayıla bilməz və bunun da xərci yoxdur. Amma bu məbləğdən əlavə dəyər vergisi hesablanılıb ödənilməlidir.

Belə ki, Vergi Məcəlləsinin 13.2.12.-ci maddəsinə əsasən, bina tikən şəxs təqdim etmə həyata keçirirsə, bu məbləğ onun gəliri sayılmalıdır. Bundan əlavə, 13.2.10.-cu maddəyə görə, bina tikən şəxsin bağladığı hər hansı bir alğı-satqı müqaviləsi və ya kooperativin qərarı ilə mənzilin özgəninkiləşdirilməsi gəlir sayılır. Buradan belə nəticə çıxarıla bilər ki, bina tikmədən əldə olunan məbləğ gəlir sayılmalıdır. Ancaq Vergi Məcəlləsinin 130.6-cı maddəsinə əsasən, gəlirlərin və xərclərinn formalaşması və tanınması üçün binanın hər hansı bir hissəsi və hər hansı bir mərhələsi tikilməlidir. Ona görə də misalda göstərilən 200.000 manat gəlir sayılmır.

Misal 2: Tutaq ki, "AA" MMC binanın bütün 10 mərtəbəsini vətəndaşlara satıb və satışdan 5.000.000 manat vəsait əldə edib. Faktiki olaraq isə 2020-ci ildə binanın ancaq 5 mərtəbəsini tikib yekunlaşdırıb və bunun satışından 2.900.000 manat əldə edib. Tikintinin smeta dəyəri 3.000.000 manatdır. 5 mərtəbənin faktiki tikintisi üçün 1.000.000 manat və torpaq sahəsinin alınması üçün 300.000 manat sərf edilib.

Sual: Bu zaman gəlirlər və xərclər necə formalaşır?

MMC-nin əldə etdiyi ümumi məbləğin 5.000.000 manat olmasına baxmayaraq, 2020-ci ildə gəlir kimi faktiki tikdiyi sahədən əldə etdiyi 2.900.000 manatı göstərəcək. Bundan əlavə, smeta dəyərinin 3.000.000 manat olmasına baxmayaraq, 2020-ci ildə xərc kimi faktiki çəkdiyi 1.000.000 manatı+ 300.000 manat torpağın dəyəri = 1.300.000 manat göstərəcək.

Beləliklə, bina tikintisində xərclər və gəlirlər faktiki yerinə yetirilmiş mərhələ üçün uçota alınır. Yerdə qalan daxilolmalar alınmış avans məbləğlər kimi, xərclər də gələcək dövrün xərcləri kimi uçota alınır və növbəti mərtəbələrdə və ya ilin sonunda binanın bir hissəsinin tikintisi yekunlaşdıqda yekunlaşan hissə üzrə gəlirlər və xərclər nəzərə alınır.

Fərqanə ALLAHVERDİQIZI

Mənbə: https://vergiler.az/news/taxes/9821.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.