SubicarəSubicarə - icarəçi tərəfindən müqavilə müddəti ərzində icarəyə götürdüyü əmlakdan və ya onun bir hissəsindən, icarəyə verənin razılığı ilə, əmlak üzərində istifadə hüququnun müvəqqəti üçüncü şəxsə verilməsidir. Subicarə beynəlxalq təcrübədə geniş istifadə olunur. İcarə müqaviləsinə görə, kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarəçi icarəyə verənin razılığı ilə icarəyə götürdüyü əmlakı subicarəyə verə bilər. Belə olduqda, icarəyə verən qarşısında icarə müqaviləsinə görə məsuliyyəti icarəçi daşıyır. Subicarə müqaviləsi icarə müqaviləsinin müddətindən artıq müddətə bağlana bilməz. Subicarə müqaviləsinə, qanunvericilikdə digər qaydalar müəyyən edlməyibsə icarə müqavilələrinə aid olan qaydalar tətbiq edilir. İcarəçi (subicarəçi) əmlakdan istifadəyə görə icarə haqqını vaxtında ödəməlidir. İcarə ödənişlərinin məbləği, ödənilmə qaydaları, ödəniş tarixləri və şərtləri icarə müqaviləsində razılaşdırılır. Subicarənin məqsədi Əgər icarəyə götürülən əmlakın hər-hansı hissəsi istifadə edilmirsən, icarəçi üçün həmin hissəni subicarəyə vermək icarə məsrəflərini azaltmaq üçün faydalı vasitədir. Subicarə münasibətlərinin xüsusiyyətləri İcarəçi və subicarəçi arasında bağlanılan müqaviləyə görə, icarəçi icarəsində olduğu əmlakı müəyyən müddətə subicarəyə verməyi öz öhdəsinə götürür. Subicarə icarəçini icarəyə verən qarşısında öhdəliklərdən azad etmir. Bu AR Mülki Məcəlləsinin 683.3 maddəsi ilə müəyyən edilibdir, və müqavilə şərtləri ilə dəyişdirilə və ya ləğv edilə bilməz. Subicarə müqaviləsinə görə icarəçi subicarəçiyə ona verilən istifadə hüquqlarından artığını verə bilməz. Subicarə müqaviləsinin bağlanmasına icarəyə verənin razılığı Qeyd etmək lazımdır ki icarəyə verən subicarə müqaviləsninin mütləq olan iştirakçısıdır. Belə ki, icarəyə verənin razılığı olmadan bağlanan subicarə müqaviləsi qanun baxımından etibarsız sayıla bilər. Bu razılıq icarə müqaviləsinə əlavə razılaşma kimi məktub şəklində sənədləşdirilə bilər. Eyni zamanda, razılıq əsas müqavilədə də qeyd edilə bilər. Subicarəçinin vəzifə və hüquqları Subicarəçi ilkin əsas icarə müqaviləsindəki hüquq və vəzifələri əldə edir. Subicarə müqaviləsinin müddəti Subicarə müqaviləsinin müddəti əsas icarə müqaviləsinin qüvvədə olma müddətindən çox ola bilməz. Əgər icarə müqaviləsinin müddəti müəyyən edilməyibsə, subicarə müqaviləsi də həmin şərtlər ilə bağlanıla bilər. Qeyd edək ki, daşınmaz əmlakın subicarə müqaviləsinin müddəti 11 aydan çoxdursa, müqavilə dövlət qeydiyyatına alınır.
Normativ-hüquqi aktlar:
AR Mülki Məcəlləsi, Maddələr: 675-699, 700-705 Daşınmaz əmlakın dövlət reyestri haqqında AR Qanunu, Maddə 19.1 Yazı sonuncu dəfə 2020-04-24 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.