e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

İcarə münasibətlərinin sənədləşməsi

İcarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. Bundan başqa, icarə obyektinin icarəçiyə təhvil verilməsi icarə müqaviləsinin tərkib hissəsi olan "Təhvil-təslim akt"-ı ilə sənədləşdirilir. Sənədlər 2 nüsxədə tərtib edilir, bir nüsxəsi icarəçidə, digəri isə icarəyə verən şəxsdə qalır. Bundan başqa, icarəyə verən hüquqi şəxs və ya fərdi sahibkardırsa o icarəçiyə elektron qaimə-faktura, ədv ödəyicisidirsə, əlavə olaraq, elektron vergi hesab-faktura da göndərəcəkdir.

Burada icarə ilə kirayə arasındakı fərqi qeyd etmək lazımdır. Belə ki, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. İcarə müqaviləsində bu şərtlərdən əlavə olaraq icarəçiyə icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verilir.

İcarə müqaviləsi

İcarə müqaviləsində aşağıdakılar nəzərdə tutulur:

  • icarəyə verilən əmlakın tərkibi və dəyəri,
  • icarə haqqının məbləği,
  • icarənin müddətləri,
  • əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət,
  • icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü,
  • icarəyəverənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi,
  • icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək və müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyəverənə qaytarmaq vəzifəsi.

İcarə müqaviləsinə tərəflərin başqa vəzifələri də daxil edilə bilər.

İcarəyə verilən əmlakın dəyəri faktik aşınma nəzərə alınmaqla bu əmlakın icarəyə verildiyi an ona qoyulan qiymət əsasında müqavilədə müəyyən edilir.

İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar.

İcarəyə verilən əmlakdan asılı olaraq icarə müqavilələrinin aşağıdakı növləri vardır:

Bundan başqa, özündə bank krediti, icarə, investisiya elementlərini cəmləşdirən münasibətlər kompleksi olan maliyyə icarəsi və ya lizinq müqaviləsini ayrıca qeyd etmək lazımdır.

İcarə müqavilələrinin ayrı-ayrı növlərinə AR Mülki Məcəlləsinin icarə müqavilələrinə aid ümumi müddəaları tətbiq edilir.

Daşınmaz əmlak üzərində icarə və istifadə hüquqlarının dövlət qeydiyyatı

Daşınmaz əmlakın dövlət reyestri haqqında AR Qanunu-nin 19.1 maddəsinə əsasən daşınmaz əmlak üzərində müddəti 11 (on bir) aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır.

İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər.

Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları AR Nazirlər abineti tərəfindən müəyyən edilir.

Torpaq sahəsi və ya yerin təki sahəsi icarəyə (istifadəyə) verildikdə qeydiyyat üçün təqdim edilən müqaviləyə torpaq sahəsinin və yerin təki sahəsinin planı əlavə edilir.

Binanın, qurğunun, evin, binada və ya evdə yerləşən mənzillərin, otaqların icarəsi haqqında müqavilə üzrə hüquq dövlət qeydiyyatına verildikdə, yerləşməsi və ölçüləri göstərilməklə icarəyə verilən sahələrin planı təqdim olunur. Daşınmaz əmlakın icarəsi (istifadəsi) haqqında müqavilə icarəyə (istifadəyə) verənin hüququnun məhdudlaşdırılması kimi qeydiyyata alınır.

Təhvil-təslim aktı

İcarə obyektinin müqavilə əsasında icarəyə verilməsi Təhvil-təslim Aktı ilə sənədləşdirilir. İcarə müqaviləsinə dair təhvil-təslim aktı müstəqil akt deyil, o icarə müqaviləsinin tərkib hissəsi hesab edilir. Belə ki, "İcarə müqaviləsi" ilkin razılaşma hesab edilərək və "Təhvil-təslim Akt"-ı olmadan qüvvəyə minməmiş hesab edilə bilər.

Demək olar ki, "Təhvil-təslim Aktı" icarə obyektinin bir şəxsdən digər şəxsə icarəyə verilməsini təsdiqləyib, icarə müqaviləsinin icra edilməsini sübut edir. Lakin, nəzərə almaq lazımdır ki, məhkəmədə Akt olmadan icarə müqaviləsinin icra edilməsi ilə bağlı fərqli qərar verilə bilərlər.

Elektron Qaimə-Fatura

İcarəyə verən hüquqi şəxs və ya vergi uçotunda olan fiziki şəxs(fərdi sahibkar) olduqda o icarəçiyə hər ay elektron qaimə-faktura, ədv ödəyicisi olarsa elektron vergi hesab-faktura göndərəcəkdir.

İcarəçi, öz növbəsində, aldığı bu elektron sənədlər əsasında ödədiyi icarə haqqını öz xərclərinə daxil edəcəkdir.

İcarəyə verən vergi uçotunda olmayan fiziki şəxs(sadə vətəndaş) olarsa, o elektron qaimə-faktura göndərə bilməz. İcarəçi isə ödədiyi icarə haqqını öz xərclərinə icarə müqaviləsi və ödəniş sənədləri əsasında aid edə bilər.

Yazı sonuncu dəfə 2020-04-24 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.