e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

İcarə - Ödəmə mənbəyindən vergi

AR Vergi Məcəlləsinin 124.1-ci maddəsinə görə daşınan və daşınmaz əmlak üçün icarə haqqından ödəmə mənbəyində 14% dərəcə ilə vergi tutulur. İcarə haqqı vergi uçotunda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən 14 faiz dərəcə ilə vergini özü ödəyir və vergi uçotuna alınıb bəyannamə verir.

Tərəflərinin təşkilati-hüquqi formasından aıslı olaraq (fiziki şəxs-sadə vətəndaş, fiziki şəxs-fərdi sahibkar, hüquqi şəxs, qeyri-rezident) icarə əməliyyatlarının vergi uçotu fərqli qaydada aparıla bilər. Gəlin bu hallara ayrı-ayrılıqda baxaq.

İcarəçi - fiziki şəxs(sadə vətəndaş), İcarəyə verən - fiziki şəxs(sadə vətəndaş).

Tərəflərin heç biri vergi uçotunda olmadıqda, icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14% dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq "Gəlir vergisinin bəyannaməsi"ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir.

Misal.

Vergi ödəyicisi kimi uçotunda olmayan fiziki şəxs özünə məxsus mənzili digər vergi uçotunda olmayan fiziki şəxsə 12 aylıq müddətə, hər ayı 300 manat olmaqla, kirayəyə verir.

Belə olduqda, tərəflər arasında icarə müqaviləsi bağlanılmalı, icarəyə verən fiziki şəxs vergi ödəyicisi kimi uçota durmalı (VOEN almalı) və icarədən əldə etdiyi illik gəlirdən 14% dərəcə ilə vergini hesablamalıdır:

12 ay * 300 manat * 14% = 504 manat

İcarəyə verən hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq "Gəlir vergisinin bəyannaməsi"ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini - 504 manatı dövlət büdcəsinə ödəməlidir.

İcarəçi - fiziki şəxs(sadə vətəndaş), İcarəyə verən - vergi uçotunda olan fiziki şəxs(fərdi sahibkar).

İcarəyə verən vergi uçotunda olan fiziki şəxsdirsə (fərdi sahibkar), icarəçi isə vergi uçotunda olmayan fiziki şəxsdirsə (sadə vətəndaş), o zaman, icarədən əldə edilən gəliri icarəyə verən fərdi sahibkar satışdankənar gəlir kimi tanımalı və 14% dərəcə ilə vergi hesablamalıdır. Fərdi sahibkar hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq "Gəlir vergisinin bəyannaməsi"ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir.

Misal.

Vergi ödəyicisi kimi uçotda olan fiziki şəxs (fərdi sahibkar) özünə məxsus avtomobili vergi uçotunda olmayan fiziki şəxsə (sadə vətəndaşa) 12 aylıq müddətə, hər ayı 300 manat olmaqla, icarəyə verir.

Belə olduqda, tərəflər arasında icarə müqaviləsi bağlanılmalı, icarəyə verən fərdi sahibkar icarədən əldə etdiyi illik gəlirdən 14% dərəcə ilə vergini hesablamalıdır:

12 ay * 300 manat * 14% = 504 manat

İcarəyə verən hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq "Gəlir vergisinin bəyannaməsi"ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini - 504 manatı dövlət büdcəsinə ödəməlidir.

İcarəçi - vergi uçotunda olan fiziki şəxs(fərdi sahibkar) və ya hüquqi şəxs, İcarəyə verən - fiziki şəxs(sadə vətəndaş).

İcayərə verən vergi uçotunda olmayan fiziki şəxs(sadə vətəndaş) olduqda, icarəçi fərdi sahibkar və ya hüquqi şəxs icarə haqqı ödədikdə ödəmə mənbəyində 14% dərəcə ilə vergini tutub dövlət büdcəsinə ödəməlidir. Bu halda icarəyə verənin gəlirləri yalnız icarədəndirsə ona vergi uçotuna durmaq və bəyannamə təqdim etməyə ehtiyac yoxdur.

Misal.

Vergi ödəyicisi kimi uçotunda olmayan fiziki şəxs özünə məxsus mənzili (və ya yaşayış sahəsini) vergi uçotunda olan fiziki şəxsə(fərdi sahibkara) ofis kimi istifadə məqsədləri üçün 12 aylıq müddətə, hər ayı 500 manat olmaqla, icarəyə verir.

Belə olduqda, tərəflər arasında icarə müqaviləsi bağlanılmalı, icarəçi olan fərdi sahibkar ödədiyi icarə haqqından ödəmə mənbəyində 14% dərəcə ilə vergini tutub dövlər büdcəsinə ödəməlidir:

12 ay * 500 manat * 14% = 840 manat

İcarəyə verən fiziki şəxsə(sadə vətəndaşa) vergi uçotuna durmaq və bəyannamə təqdim etməyə ehtiyac yoxdur.

İcarəçi - vergi uçotunda olan fiziki şəxs(fərdi sahibkar) və ya hüquqi şəxs, İcarəyə verən - vergi uçotunda olan fiziki şəxs(fərdi sahibkar).

İcarəyə verən vergi uçotunda olan fiziki şəxs(fərdi sahibkar) olarsa, İcarəçi fərdi sahibkar və ya hüquqi şəxs icarə haqqı ödədikdə ödəmə mənbəyində 14% dərəcə ilə vergini tutub dövlət büdcəsinə ödəməlidir. İcarə haqqından gəlir əldə edən fiziki şəxslərdən vergi tutulmuşdursa və ya onun tərəfindən ödənilmişdirsə, həmin gəlirlərdən bir daha vergi tutulmur.

Misal.

Vergi ödəyicisi kimi uçotunda olan fiziki şəxs(fərdi sahibkar) ona məxsus qeyri-yaşayış sahəsini vergi uçotunda olan fiziki şəxsə(fərdi sahibkara) anbar kimi istifadə məqsədləri üçün 12 aylıq müddətə, hər ayı 500 manat olmaqla, icarəyə verir.

Belə olduqda, tərəflər arasında icarə müqaviləsi bağlanılmalı, icarəçi olan fərdi sahibkar ödədiyi icarə haqqından ödəmə mənbəyində 14% dərəcə ilə vergini tutub dövlər büdcəsinə ödəməlidir:

12 ay * 500 manat * 14% = 840 manat

İcarə haqqından gəlir əldə edən fiziki şəxslərdən(fərdi sahibkardan) vergi tutulmuşdursa, həmin gəlirlərdən bir daha vergi tutulmur.

İcarəçi - istənilən fiziki və ya hüquqi şəxs, İcarəyə verən - hüquqi şəxs.

İcarəyə verən hüquqi şəxs (rezident müəssisə və ya qeyri-rezidentlərin daimi nümayəndəlikləri) olarsa icarə haqqından əldə etdiyi gəlirlərdən həmin gəlirin əldə olunması ilə bağlı çəkdiyi xərcləri çıxdıqdan sonra 20% dərəcəsi ilə mənfəət vergisi ödəyir və bunu öz illik mənfəət vergisi bəyannaməsində bəyan edir.

Misal.

Hüquqi şəxs cari ilin əvvəlində icarə müqaviləsi bağlayaraq özünə məxsus qeyri-yaşayış sahəsini fərdi sahibkara aylıq 500 manata 12 aylıq müddətə icarəyə verir. İcarəyə verən hüquqiq şəxs əldə etdiyi gəlirlərdən həmin gəlirin əldə olunması ilə bağlı çəkdiyi xərcləri çıxdıqdan sonra qalan mənfəəti 20% dərəcəsi ilə mənfəət vergisinə cəlb edib dövlət büdcəsinə ödəyir və bunu öz illik mənfəət vergisi bəyannaməsində bəyan edir.

Mənfəət vergisi: 12 ay * 500 manat * 20% = 1 200 manat

İcarəyə verən - Qeyri-rezident

Daimi nümayəndəliyi olmayan qeyri-rezident Azərbaycan Respublikasında yerləşən daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir əldə etmişdirsə, ona ödənilən icarə haqqıdan ödəmə mənbəyində 14% dərəcə ilə vergi tutulub dövlət büdcəsinə köçürülür.

Misal.

Fərdi sahibkar Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentdən icarəyə 2 əd avadanlıq götürmüşdür. Hər bir avadanlığın icarə haqqı aylıq 3 000 manatdır. Avandanlıqlardan biri Bakıda, digəri isə Rusiyada istifadə edilir. Fərdi sahibkar qeyri-rezidentə Bakıda istifadə edilən avadanlığa görə aylıq icarə haqqı ödədikdə 3 000 manatdan ödəmə mənbəyində 14% tutub dövlət büdcəsinə ödəməlidir. Rusiyada istifadə edilən avadanlığa görə ödənilən icarə haqqından ödəmə mənbəyində vergi tutulmur.

3 000 manat * 14% = 420 manat

İcarə haqqının qiyməti

Azərbaycan Respublikasında daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləği AR Vergi Məcəlləsinin 14-cü maddəsinə uyğun olaraq, bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir.

Misal.

Vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs icarə müqaviləsi bağlayaraq özünə məxsus qeyri-yaşayış sahəsini rezident müəssisəyə və ya fərdi sahibkara aylıq 500 manata icarəyə verir. İcarəyə götürən ödəniş etdikdə ödəmə mənbəyindən 14% tutaraq dövlət büdcəsinə köçürür və bəyannamə təqdim edir. Səyyar vergi yoxlaması zamanı müəyyən edilmişdir ki, həmin qeyri-yaşayış sahəsinin aylıq icarəsinin bazar qiyməti 1 500 manatdlr. Belə olduqda, icarə haqqından ödəmə mənbəyinə vergi 1 500 manatdan hesablanacaqdır.

Misal.

Vergi ödəyicisi kimi uçotunda olan fiziki şəxs icarə müqaviləsi bağlayaraq özünə məxsus mənzili digər fiziki şəxsə aylıq 300 manata icarəyə verir. Lakin, mənzilin icarə haqqının bazar qiyməti 1 000 mantdır. Belə olduqda, icarəyə verilən mənzil sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edilməyən yaşayış fondu olduğu üçün icarə haqqından vergi bazar qiymətinə əsasən deyil, faktiki müqavilədə göstərilən qiymətə uyğun olaraq hesablanacaq.



Yazı sonuncu dəfə 2020-04-24 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.