e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Sınaq müddəti

İşçi ilə onun peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə əmək müqaviləsi bağlanıla bilər.

Əmək qanunvericiliyinə əsasən sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir.

Sınaq müddəti işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əmək haqqı saxlanılmaqla işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir.

Sınaq müddəti göstərilməyən əmək müqaviləsi sınaq müəyyən edilmədən bağlanmış hesab olunur.

Sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə 3 gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər.

İşçinin sınaq müddətində özünü doğrutmaması barədə xəbərdarlıq aşağıdakı kimi yazıla bilər:

İşçinin sınaq müddətində özünü doğrutmaması barədə xəbərdarlığı yükləmək.

Sınaq müddəti qurtaranadək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir. İşçi sınaqdan çıxmış hesab edildiyi andan etibarən əmək müqaviləsinə yalnız AR Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər.

Əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir.

Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər.

İşçinin sınaq müddətində özünü doğrutmaması səbəbi ilə işdən azad olunma əmri aşağıdakı kimi yazıla bilər:

İşçinin sınaq müddətində özünü doğrutmaması ilə əlaqədar işdən azad edilmə əmrini yükləmək.

DİQQƏT! Əmək müqaviləsi bağlanılarkən sınaq müddəti aşağıdakı hallarda təyin edilə bilməz:

  • yaşı 18-dən az olan şəxslərlə;
  • müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlarla;
  • hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə;
  • təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə;
  • ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərə;
  • 2 ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslərə;
  • tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda.


Yazı sonuncu dəfə 2019-09-11 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.