e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Başqa işə keçirmə

Başqa işə keçirmə - işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etməkdir. Misal üçün, işçinin eyni müəssisədə başqa vəzifəyə keçirilməsi və ya başqa əraziyə işləməyə göndərilməsi.

Qanunvericiliyə əsasən işçinin başqa işə keçirilməsinə yalnız işçinin razılığı ilə yol verilir. Eyni zamanda, əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməlidir və ya yeni əmək müqaviləsi bağlanılmalıdır.

Lakin, elə hallar ola bilər ki, işəgötürən işçini onun razılığı olmadan başqa işə keçirsin. Beləki, işçi, onun razılığı olmadan istehsalat zəruriyyəti və boşdayanma hallarının qarşısını almaq məqsədi ilə bir ay müddətinə, müvəqqəti olaraq başqa işə keçirilə bilər.

Başqa işə keçirmə daimi və müvəqqəti ola bilər. Daimi başqa işə keçirmə işçinin başqa işə müddətsiz keçirilməsi deməkdir.

Müəssisədaxili başqa işə keçirmə aşağıdakı hallarda baş verə bilər:

  • işçinin razılığı olmadan istehsalat zəruriyyəti və boşdayanma hallarının qarşısını almaq məqsədi ilə;
  • başqa işçinin əmək funksiyasının icrası;
  • işçinin səhhətinə görə;
  • işçinin özünün xahişi ilə;
  • işçinin və işəgötürənin qarşılıqlı razılığı ilə (başqa şöbəyə, vəzifəyə);
  • başqa əraziyə (müəssisə ilə birlikdə köçmə);
Hər bir halda işçinin razılığı mütləq olmalıdır.

İşçinin razılığı olmadan istehsalat zəruriyyəti və boşdayanma hallarının qarşısını almaq məqsədi ilə başqa işə keçirmə.

İşçi, onun razılığı olmadan istehsalat zəruriyyəti və boşdayanma hallarının qarşısını almaq məqsədi ilə bir ay müddətinə, müvəqqəti olaraq başqa işə keçirilə bilər. Bu halda işçi onun səhhətinə mənfi təsir edən, habelə aşağı ixtisaslı işə keçirilə bilməz. Başqa işə keçirilmə müddətində işçinin əməyi görülən işin müqabilində, lakin əvvəlki orta əmək haqqından aşağı olmamaqla ödənilir.

Misal. İstehsalat zərurəti ilə əlaqədar başqa işə keçirmə.

Müəssisənin dükanlarının birində maliyyə meneceri vəzifəsini icra edən işçi işdən ayrılmışdır. Rəhbərlik baş ofisdə çalışan mühasibi bu dükana müvəqqəti (1 ay müddətinə) maliyyə meneceri vəzifəsinə keçirilməyi məqsədəuyğun hesab edir. Bunun üçün dükanın müdiri müəssisə rəhbərinə xidməti məlumat yazır. Xidməti məlumat aşağıdakı kimi ola bilər:

Xidməti məlumatın formasını yükləmək.

Bundan sonra müəssisə rəhbəri işçinin yeni işə müvəqqəti keçirilməsi ilə əlaqədar əmr imzalayır. Əmr forması aşağıdakı kimi ola bilər:

Başqa işə keçirmə əmrin formasını yükləmək.

Mühasib çalışan işçinin aylıq əmək haqqısı 800 AZN-dir. Dükanın maliyyə meneceri vəzifəsində çalışan işçinin aylıq əmək haqqısı 900 AZN-dir. Beləliklə, işəgötürənin təşəbbüsü ilə başqa işə müvəqqəti keçirmə ilə bağlı əmək qanunvericiliyində qeyd edilən bütün şərtlər yerinə yetirilir.

Başqa işçinin əmək funksiyasının icrası.

Müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir. Özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir. Əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə əmək haqqına əlavə müəyyən edilib verilir. Bu əlavə işçinin və işgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir.

Boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir.

Boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilə bilər. Bu müddət bitdikdən sonra ya əvəzedici işçi onun razılığı ilə həmin vəzifəyə keçirilir, ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya da boş vəzifəyə yeni işçi götürülür.

Əgər boş vəzifə üzrə əmək funksiyası boş olmayan vəzifə üzrə əmək funksiyası ilə eyni xarakterlidirsə, həmin boş olmayan vəzifəni tutan işçi onun razılığı ilə öz vəzifəsində qalmaqla həmçinin belə boş vəzifəyə təyin edilə bilər. Bu zaman işçiyə boş vəzifə üzrə nəzərdə tutulmuş əməkhaqqının (vəzifə maaşının) yarısından az olmamaq şərtilə əlavə əməkhaqqı ödənilir.

İşçinin səhhətinə görə başqa işə keçirmə.

Səhhətinə görə daha yüngül işdə işləməyə ehtiyacı olan işçiləri işəgötürən onların razılığı ilə tibbi rəyə uyğun olaraq daha yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirməyə borcludur.

İşçi sağlamlığının mühafizəsinin təmin olunması məqsədi ilə səhhətinə mənfi təsir göstərməyən yüngül və əvvəlkinə nisbətən aşağı maaşlı işə keçirilə bilər. Bu halda işçilərin yüngül işə keçirildiyi gündən etibarən bir ay ərzində əvvəlki işi (vəzifəsi) üzrə orta əmək haqqı saxlanılır.

Vərəm və digər xroniki ağır xəstəliyə tutulmuş və bu səbəbdən başqa az maaşlı işə müvəqqəti keçirilmiş işçilərə keçirildikləri bütün vaxt ərzində, lakin dörd aydan çox olmayaraq əvvəlki iş yerində aldığı əmək haqqı saxlanılır.

İş yerində bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və müvafiq həkim məsləhət komissiyası və ya müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında yüngül işə müvəqqəti keçirilmiş işçilərə əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərq ödənilir. Bu fərq işçinin əmək qabiliyyəti bərpa olunanadək və ya əlillik , 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edildiyi vaxtadək ödənilməlidir.

İşçinin öz xahişi ilə başqa işə keçirilməsi.

İşçinin öz xahişi ilə başqa işə kermək istəyirsə o ərizə ilə müəssisə rəhbərinə müraciət edir. Müəssisə rəhbəri işçinin başqa işə kerməsi ilə razıdırsa, işçinin başqa işə keçirməsi ilə bağlı Əmr hazırlanır və rəhbər tərəfindən imzalanır.

Yazı sonuncu dəfə 2018-12-21 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.