e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Növbəli iş rejimi

İş vaxtı rejiminin müəyyən qaydalarına uyğun olaraq istehsal zərurəti nəzərə alınmaqla növbəli iş rejimi tətbiq edilə bilər. İşin gündüz və ya gecə növbəsindən asılı olmayaraq, gündəlik işin (növbənin) müddəti 12 saatdan artıq ola bilməz.

Çoxnövbəli iş rejimi deyildikdə mülkiyyət və təşkilati-hüquqi formasından, idarə tabeçiliyindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda (fasiləsiz iş axını olan istehsalatlar da daxil olmaqla) gün ərzində iki və daha çox növbədə təşkil olunmuş, növbə müddəti AR Əmək Məcəlləsinin 89-cu maddəsinə uyğun olaraq 40 saatlıq iş həftəsində (nahar fasiləsi nəzərə alınmadan) 8 saatdan çox olmayan iş rejimi başa düşülür. Bu halda işçilərin iş rejimi növbə cədvəlləri üzrə qurulur və adətən iş saatları həftələr üzrə bərabər bölüşdürülür.

İş vaxtının ən azı yarısı gecə vaxtına (axşam. saat 22-dən səhər saat 6-ya qədər) düşən iş növbəsi gecə növbəsi hesab edilir. İş növbəsinin başlanma və qurtarma saatlarından asılı olmayaraq gecə növbəsindən əvvəlki iş növbəsi axşam növbəsi hesab edilir.

AR Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş əmək şəraiti ağır və zərərli olan iş yerlərində, habelə xüsusi xarakterli işlərdə çalışan işçilərin gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına düşərsə, onda həmin iş vaxtının gecə vaxtına düşən hissəsi bir saat qısaldılır və həmin saatlar qanunvericiliklə müəyyən edilmiş iş vaxtı normasında tam nəzərə alınmaqla vaxtamuzd əmək haqqı sistemi üzrə ödənilir.

AR Əmək Məcəlləsinə əsasən saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır.

Aşağadakı işçilərin gecə vaxtı işlərə cəlb edilməsi qadağandır:

  • hamilə qadınlar;
  • üç yaşınadək uşağı olan qadınlar;
  • yaşı 18-dən az olan işçilər (Axşam saat 20-dən səhər saat 7-dək olan müddət yaşı 18-dən az olan işçilər üçün gecə vaxtı hesab edilir.).

Əlil işçilər gecə vaxtı görülən işlərə yalnız onların yazılı razılığı ilə və AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Tibbi Sosial Ekspert Komissiyaları vasitəsi ilə) rəyi nəzərə alınmaqla cəlb edilə bilərlər.

Qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil olunan digər iş rejimləri (iş gününün hissələrə bölünməsi və s.) çoxnövbəli və ya iki növbəli iş rejimlərinə aid edilmirlər. Belə iş rejimlərində çalışan işçilərə gecə vaxtına düşən iş vaxtının hər saatına görə saatlıq tarif (vəzifə) maaşının 20 faizi həddində əlavə haqq verilir.

Gecə vaxtı və çoxnövbəli iş rejiminə görə əmək haqqının ödənilməsi zamanı işçinin saatlıq tarif (vəzifə) maaşmı tapmaq üçün onun aylıq tarif (vəzifə) maaşmı ödəniş aparılan ayın iş vaxtı normasına bölmək lazımdır.

Gecə vaxtı yerinə yetirilən işə, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı belə iş şəraitli bütün kateqoriyadan olan (rəhbərlər, mütəxəssislər, texniki icraçılar və fəhlələr) işçilərə ödənilir.

Növbəli iş vaxtının təyin edilməsi

Növbəli iş rejiminin təyin edilməsi əmək müqaviləsində, kollektiv müqavilədə və ya müəssisə daxili intizam qaydalarında təyin edilir. İş vaxtının rejimi və onu müəyyən edən qaydalar işəgötürənin əmri (sərəncamı, qərarı) ilə təsdiq edilir. Bu qaydalarla işçilər hökmən tanış edilməlidirlər. Həmin qaydaların iş rejimini tənzimləyən əsas bölmələri böyüdülmüş şəkildə bütün işçilərin hər gün görə biləcəyi yerdən asılmalıdır.

Əmək müqaviləsində və ya intizam qaydalarında aşağıdakı məlumatlar verilməlidir:

  • iş həftəsinin müddəti (5 günlük iki istirahət günü ilə, 6 günlük bir istirahət günü ilə, iş həftəsi istirahət günləri sürüşən qrafik ilə);
  • gündəlik işin (növbənin) müddəti və növbələrin sayı (iki, üç, dörd);
  • iş növbələrinin başlanma və qurtarma saatları, istirahət vaxtları, iş və qeyri-iş günlərinin növbələşməsi.
Bir çox hallarda, növbəli iş rejimini iş vaxtının cəmlənmiş uçotu ilə birlikdə təyin edirlər.

Növbəli iş rejimində işləyən işçilər işə gəbul olunarkən, əmək müqaviləsini bağladıqda, növbəli iş rejimi ilə tanış olmalıdırlar. Normal rejimdən, növbəli iş rejiminə keçirildikdə isə, işəgötürən əmək şəraitinin şərtlərini dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin "c" bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər.

İşçinin başqa iş rejimindən növbəli iş rejiminə keçirilməsi, və ya bir növbədən başqa növbəyə keçirilməsi əmək müqaviləsinə əlavə və müəssisə rəhbərinin əmri ilə sənədləşdirilməlidir.

Növbətçilik cədvəllərinin tərtib edilməsi

Normativ-hüquqi aktlar ilə təsdiq edilmiş rəsmi növbətçilik cədvəli forması yoxdur. Bu səbəbdən də, müəssisələr növbətçilik cədvəllərini müstəqil tərtib edirlər. İşçilərinin işini planlaşdırmağa və onların işlədikləri vaxtın uçotunu aparmağa məsul olan bölmə rəhbərləri növbətçilik cədvəlləri tərtib etməlidirlər.

Növbətçilik cədvəlləri müəssisənin normal işləməsini və işçilərin iş vaxtının qanunvericiliyə uyğun təşkil edilməsini təmin edir. Bu səbbədən işəgötürən elə növbələr təşkil edir ki, səhər növbəsində işləyən işçi, növbəti gün gündüz növbəsində, sonra gecə növbəsində, sonra isə istirahət edir. Və bu cür növbələr növbə ilə işləyən bütün işçilərə aid edilir.

Növbətçilik cədvəlinin tərtib edilməsi üçün ilk növbədə hesabat dövrünü müəyyən etmək və onu intizam qaydalarında təsdiq etmək lazımdır. Bundan əlavə, nəzərə almaq lazımdır ki, hər bir işçi istehsalat təqviminə uyğun olaraq hesabat dövründə olan iş saatlarını işləsin.

Hesabat dövrü aya, rübə, yarım ilə və ya ilə bərabər ola bilər, lakin 1 ildən artıq ola bilməz. Hesabat dövründə işçinin iş vaxtının müddəti istehsalat təqvimində müəyyən edilmiş iş vaxtından artıq və ya az olmamalıdır.

Hesabat dövrü bir aydırsa, o zaman, işəgötürən bilməlidir ki, misal üçün, 2017-ci ilin Avqust ayında onun işçiləri:

  • 40 saatlıq həftədə işləyən işçilər - 183 saatdan
  • 36 saatlıq həftədə işləyən işçilər - 137 saatdan
  • 24 saatlıq həftədə işləyən işçilər - 91 saatdan artıq işləyə bilməzlər.
Bundan başqa, 2017-ci ilin avqust ayında iş günlərinin sayı 23 gündən artıq, istirahət günlərinin sayı isə 8 gündən az ola bilməz.

Bu səbəbdən də, məsləhət görülür ki, hesabat dövrü 3 aydan və ya bir rübdən az götürülməsin. Bu cür hesabat dövrü işçilərin işini daha rahat tənzimləməyə imkan verir.

Növbətçilik cədvəlləri tərtin edilərkən AR Əmək Məcəlləsinin aşağıdakıları tələblərnini nəzərə almaq lazımdır:

  • səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti bir saat qısaldılır (maddə 108).
  • AR Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş əmək şəraiti ağır və zərərli olan iş yerlərində, habelə xüsusi xarakterli işlərdə çalışan işçilərin gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına düşdükdə, iş vaxtının gecə vaxtına düşən hissəsi bir saat qısaldılır (maddə 97).
  • işçinin bir iş günü ilə növbəti iş günü arasındakı gündəlik istirahət vaxtı azı 12 saat olmalıdır (maddə 103.4).
Müəssisələr arasında ən çox yayılan 3 növbəli iş rejimidir ki, burada 3 briqada növbə cədvəliinə görə işdə bir-birlərini əvəzləyirlər. Növbətçilik cədvəlləri elə hazırlanmalıdır ki, növbələr ardıcıl olaraq dəyişsin. Misal üçün, birinci növbədən sonra ikinci növbə, sonra isə üçüncü növbə gəlməlidir. Çünki, bu cür ardıcıllıq insan orqanizmində təbii ritmlərinə daha uyğundur.

Hər bir növbədə işçilər səkkiz saat işləyirlər, bununla da müəssisədə işlərin fasiləsiz aparılması təmin edilir.

İstirahət və bayram günləri işlərin aparılması üçün iş vaxtının cəmlənmiş uçotu tətbiq edilir. Belə olduqda, gündəlik iş vaxtının (növbənin) müddəti ayrı-ayrı günlərdə müxtəlif ola bilər, lakin, hesabat dövrü ərzində İstehsalat təqvimində təyin edilmiş iş vaxtı norması işlənilməlidir. İş vaxtının cəmlənmiş uçotu tətbiq edilərkən hesabat dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz.

Lazım olan briqadaların sayı, növbənin müddətindən və növbələr arasında qanunvericilik ilə müəyyən edilmiş fasilələr nəzərə alımaqla, işəgötürən tərəfindən müəyyən edilir.

Fasiləsiz istehsalat olan müəssisələrdə növbətçilik cədvəllərini tərtib edərkən aşağıdakılarl nəzərə almaq lazımdır:

  • hər bir işçinin iş vaxtı;
  • istirahət günləri;
  • briqadaların tərkibi;
  • növbələrin dəyişmə ardıcıllığı və s.

Müəssisələrdə ən çox 8 saatlıq və 12 saatlıq növbə cədvəlləri istifadə edilir.

Müəssisədə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilirsə və hesabat dövrü 1 təqvim ayıdırsa, o zaman, həmin ayda "İstehsalat Təqvimində" müəyyən edilmiş iş vaxtı normasında artıq iş "İş vaxtından artıq vaxtda görülən iş" hesab edilir və qanunvericiləyə uyğun olaraq əmək haqqı saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla hesablanmalıdır.

Misal

Misal üçün, rüb olan hesabat dövründə (2017-ci ilin 3-cü rübünü götürək)

  • 63 iş günü
  • 29 istirahət və bayram günləri vardır.
Rüb ərzində işçilərin iş vaxtı aşağıdakı kimi olacaqdır:
  • 40 saatlıq həftədə - 503 saat (63 gün * 8 saat - 1 saat - 01.09.17 bayram günü olduğundan 31.08.17 tarixindəki iş günü 1 saat qısaldılır)
  • 36 saatlıq həftədə - 452.6 saat (63 gün * 7.2 saat - 1 saat)
  • 24 saatlıq həftədə - 301.4 saat (63 gün * 4.8 saat - 1 saat).
Buna görə, əgər işçi :
  • 2017-ci ilin iyul ayında istehsalat təqviminə görə 21 gün və 168 saat işləyibsə
  • 2017-ci ilin avqust ayında isə 23 gün və 183 saat əvəzində 30 gün və 200 saat işləyibsə (istehsalat təqvimində müəyyən edilən normadan qat-qat artıq)
o zaman, sentyabr ayında istehsalat təqviminə uyğun hesabat dövründə olan normaya gəlib çıxmaq üçün, işəgötürən sentyabr ayında iş günlərinin sayını 7 gün və iş saatlarının sayını 17 saat azaltmalıdır.

Əks halda, işəgötürən işçilərə, əlavə olaraq, yüksək məbləğdə işdən artıq iş haqqını ödəməli olacaqdır.

Aşağıda növbətçilik cədvəlinin nümünəsini görə bilərsiniz:

Növbətçilik cədvəli. Nümünə formasını yükləmək.

Növbənin müddəti

Müəssisədə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilmirsə, növbətçilik cədvəllərinin tərtibi zamanı AR Əmək Məcəlləsinin gündəlik iş vaxtının (növbənin) müddəti barədə tələbləri yerinə yetirilməlidir. Eyni zamanda, gündəlik iş vaxtı norması (iş növbəsi) daxilində nahar və istirahət üçün fasilə nəzərdə tutulmalıdır.

Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və 1-ci, 2-ci qrup əlil olan işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır.

Əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatlarda, peşə və vəzifələrdə çalışan işçilərə həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilir. Həmin istehsalatların, peşə və vəzifələrin siyahısı AR Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

Yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerlərində (həkimlərə, müəllimlərə, elektrotexniki qurğularda, cihazlarda və qanunvericilikdə nəzərdə tutulan digər iş yerlərində işləyənlərə) həftə ərzində 36 saatdan çox olmamaq şərtilə qısaldılmış iş vaxtı müəyyən edilir. Həmin iş yerləri üzrə peşələrin, vəzifələrin siyahısı iş vaxtının konkret müddəti göstərilməklə AR Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

Belə ki, gündəlik iş vaxtının (növbənin) müddətində aşağıdakı məhdudiyyətlər vardır:

Beşgünlük iş həftəsində

  • həftəlik norma 40 saat olduqda gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz.
  • həftəlik norma 36 saat olduqda gündəlik normal iş vaxtının müddəti 7.2 saatdan artıq ola bilməz.
  • həftəlik norma 24 saat olduqda gündəlik normal iş vaxtının müddəti 4.8 saatdan artıq ola bilməz.

Altıgünlük iş həftəsində

  • həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan
  • həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan
  • həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.


Yazı sonuncu dəfə 2024-04-29 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.