Əməyin ödənilməsi sistemi və növləriİşəgötürən müəssisədə əməyin ödənilməsi sistemini müstəqil müəyyən edir. Eyni zamanda, bir müəssisədə işçilərin müxtəlif kateqoriyalarına fərqli əməyin ödənilmə sistemləri tətbiq edilə bilər. AR Əmək Məcəlləsinə görə işçilərin əməyi aşağıdakı sistemlər ilə ödənilə bilər: Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər.Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı - işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqına əlavə - əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat - əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. Əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir, kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında razılaşmalarla müəyyən edilir. Qeyd etdiyimiz kimi, bir müəssisədə işçilərin müxtəlif kateqoriyalarına fərqli əməyin ödənilmə sistemləri tətbiq edilə bilər. Misal üçün, təsərrüfat sahəsində işləyən işçilərə vaxtamuzd, əsas istehsalda işləyən fəhlələrə isə işəmuzd ödənilmə sistemi tətbiq edilə bilər. Hər bir işçi üzrə əmək haqqının ödənilmə sistemi əmək müqaviləsində qeydə alınır. Müəssisə üzrə ümumi əmək haqqı hesablama formaları və qaydaları rəhbərlik tərəfindən Əmək haqqının ödənilməsi Əsasnaməsində təsdiqlənir. Müəssisənin struktur bölmələri, işçilərin vəzifələri, işçilərin ştat sayı, əmək haqlrı və əmək haqqına əlavələr müəssisənin Ştat cədvəlində qeydə alınır. Ştat cədvəli müəssisənin rəhbərliyinin əmri ilə təsdiqlənir. Vaxtamuzd ödənilmə sistemi. Əmək haqqının vaxtamuzd ödəniş sistemində əmək haqqı işlənilmiş müəyyən vaxtın miqdarına görə ödənilir (istehsal edilən məhsul miqdarından və ya görülən iş həcmindən asılı olmayaraq). Əmək haqqı tarif dərəcəsinin işlənilmiş gün və ya saatların sayına vurulması ilə hesablanır. Əməyin vaxtamuzd ödənilmə sistemi sadə vaxtamuzd və vaxtamuzd-mükafat sistemləri formasında ola bilər. İşəmuzd ödənilmə sistemi. Əmək haqqının işəmuzd ödənilmə sistemində əmək haqqı işçilərin müəyyən olunmuş dərəcələr üzrə istehsal etdiyi məhsulun miqdarı, yerinə yetirdiyi işin həcminə görə hesablanır. İşəmuzd - mükafat formasında işçilərə müəyyən olunmuş istehsal normalarının artıqlaması ilə yerinə yetirilməsi və keyfiyyət göstəricilərini yüksəltdilməsinə görə əlavə olaraq mükafat hesablanır. Akkord ödənilmə sistemi. Əmək haqqının akkord ödənilmə sistemində müəyyən işin yerinə yetirilməsi nəticəsində aparılan ödəniş sistemi nəzərdə tutulur. Əmək haqqının həcmi görüləcək işin ümumi həcmi üzrə müəyyən olunur. Görüləcək iş həcmi üzrə icra planı müəyyən olunur və onun icra vaxtı əvvəlcədən müəyyənləşdirilir. Bu forma tikinti təşkilatlarında, avtonəqliyyat müəssisələrində, auditor xidmətinin təşkilində tətbiq edilir.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2020-06-18 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.