e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

123 İnvestisiya mülkiyyəti ilə bağlı məsrəflərin kapitallaşdırılması

123 №li "İnvestisiya mülkiyyəti ilə bağlı məsrəflərin kapitallaşdırılması" hesabında investisiya mülkiyyəti üzrə kapitallaşdırılmış məsrəflərin hərəkəti haqqında ümumiləşdirilmiş məlumatların uçotu aparılır.

123 №li "İnvestisiya mülkiyyəti ilə bağlı məsrəflərin kapitallaşdırılması" hesabı üzrə aşağıdakı subhesablar açılır:

  • 123-1 №li “Torpaqla bağlı məsrəflərin kapitallaşdırılması”;
  • 123-2 №li “Binalarla bağlı məsrəflərin kapitallaşdırılması”.

Alınmış investisiya mülkiyyətinin ilkin dəyəri onun satış qiyməti və bu investisiya mülkiyyətinə birbaşa aidiyyəti olan məsrəflərdən ibarətdir.

İnvestisiya mülkiyyəti alış nəticəsində və ya podrat üsulu ilə əldə edildikdə aşağıdakı mühasibat yazılışları verilir:

  • investisiya mülkiyyətinin dəyərinə 123 №li hesabın müvafiq subhesablarının debeti və 244, 431, 432, 433, 435, 521, 523, 531, 532, 536, 538, 545 №li hesabların müvafiq subhesablarının krediti üzrə;
  • əldə edilmiş investisiya mülkiyyəti ilə əlaqədar əlavə dəyər vergisinin hesablanması üzrə 241-1 №li subhesabın debeti və 244, 431, 432, 433, 435, 531, 532, 536, 538, 545 №li hesabların müvafiq subhesablarının krediti üzrə;
  • əldə edilmiş investisiya mülkiyyəti üzrə əlavə dəyər vergisi əvəzləşdirildikdə 521 №li hesabın müvafiq subhesablarının debeti və 241-1 №li subhesabın krediti üzrə;
  • əldə edilmiş investisiya mülkiyyəti üzrə əlavə dəyər vergisi əvəzləşdirilməyən hallarda 123 №li hesabın müvafiq subhesablarının debeti və 241-1 №li subhesabın krediti üzrə.

İnvestisiya mülkiyyəti üzrə birbaşa məsrəflərə aşağıdakılar aiddir:

  • hüquqi xidmətlərin göstərilməsi ilə bağlı peşəkar mütəxəssisin haqqı;
  • investisiya mülkiyyətinin təhvil verilməsi ilə bağlı vergilər və digər birbaşa məsrəflər.

Bir və ya bir neçə adda investisiya mülkiyyəti qeyri-monetar aktivin və ya aktivlərin və ya monetar və qeyri-monetar aktivlərdən ibarət olan aktivlərin mübadiləsi hesabına alına bilər. Aşağıdakı hallar istisna olmaqla belə investisiya mülkiyyətinin ilkin dəyəri ədalətli dəyərlə qiymətləndirilir:

  • mübadilə əməliyyatı kommersiya məzmunlu olmadıqda;
  • alınmış (və ya verilmiş) aktivin və ya aktivlərin ədalətli dəyərinin etibarlı əsasda müəyyənləşdirilməsi mümkün olmadıqda.

Mübadilə nəticəsində əldə edilmiş investisiya mülkiyyətinin ədalətli dəyərini müəyyən etmək mümkün olmadığı hallarda, onun dəyəri təhvil verilmiş aktivin (aktivlərin) ədalətli dəyəri ilə qiymətləndirilir. Təhvil verilmiş aktivin (aktivlərin) ədalətli dəyərini müəyyən etmək mümkün olmadığı hallarda əldə edilmiş investisiya mülkiyyətinin dəyəri təhvil verilmiş aktivin (aktivlərin) balans dəyəri ilə qiymətləndirilir.

Mübadilə nəticəsində əldə edilmiş investisiya mülkiyyəti ilə əlaqədar aşağıdakı mühasibat yazılışları verilir:

  • mübadilə nəticəsində əldə edilmiş investisiya mülkiyyətinin mühasibat uçotunda əks etdirilməsi üçün 123 №li hesabın müvafiq subhesablarının debeti və 431, 432, 433, 531, 532, 535, 536 №li hesabların müvafiq subhesablarının krediti üzrə;
  • mübadilə nəticəsində əldə edilmiş investisiya mülkiyyəti ilə əlaqədar əlavə dəyər vergisinin hesablanması üzrə 241-1 №li subhesabın debeti və 431, 432, 433, 531, 532, 535, 536 №li hesabların müvafiq subhesablarının krediti üzrə;
  • mübadilə nəticəsində əldə edilmiş investisiya mülkiyyəti üzrə əlavə dəyər vergisi əvəzləşdirildikdə 521 №li hesabın müvafiq subhesablarının debeti və 241-1 №li subhesabın krediti üzrə;
  • mübadilə nəticəsində əldə edilmiş investisiya mülkiyyəti üzrə dolayı məsrəflər yarandıqda 123 №li hesabın müvafiq subhesablarının debeti və 435, 521, 523, 538, 545 №li hesabın müvafiq subhesablarının krediti üzrə, həmin məsrəflər üzrə əlavə dəyər vergisi hesablandıqda 241-1 №li subhesabın debeti və 435, 538, 545 №li hesabların müvafiq subhesablarının krediti üzrə;
  • mübadilə edilmiş aktivlər, habelə dolayı məsrəflər üzrə əlavə dəyər vergisi əvəzləşdirilməyən hallarda 123 №li hesabın müvafiq subhesablarının debeti və 241-1 №li subhesabın krediti üzrə;
  • əldə edilmiş investisiya mülkiyyətinin mübadiləsi məqsədi ilə təqdim edilən aktivlərin dəyərinə 171, 172, 174, 175, 177, 211, 212, 214, 215, 217 №li hesabların müvafiq subhesablarının debeti və 601, 611 №li hesabların müvafiq subhesablarının krediti üzrə;
  • əldə edilmiş investisiya mülkiyyətinin mübadiləsi məqsədi ilə təqdim edilən aktivlərə görə hesablanılmış əlavə dəyər vergisinə 171, 172, 174, 175, 177, 211, 212, 214, 215, 217 №li hesabların müvafiq subhesablarının debeti və 545 №li hesabın müvafiq subhesablarının krediti, büdcə qarşısında vergi öhdəliyinin yaranması zamanı isə 545 №li hesabın müvafiq subhesablarının debeti və 521 №li hesabın müvafiq subhesablarının krediti üzrə;
  • mübadilə nəticəsində əldə edilmiş investisiya mülkiyyəti üzrə yaranmış kreditor borc məbləğləri mübadilə məqsədi ilə təqdim edilmiş aktivlərin dəyərinə görə yaranan debitor borc məbləğləri ilə əvəzləşdirildikdə 431, 432, 433, 531, 532, 535, 536 №li hesabların müvafiq subhesablarının debeti və 171, 172, 174, 175, 177, 211, 212, 214, 215, 217 №li hesabların müvafiq subhesablarının krediti üzrə.

Mübadilə üçün verilmiş aktivlər üzrə yığılmış amortizasiya məbləği olduğu hallarda həmin amortizasiya məbləği mübadilə üçün verilmiş aktivin ilkin dəyərindən çıxılır.

İnvestisiya mülkiyyətinin təsərrüfat üsulu ilə yaradılması zamanı 123 №li hesabın müvafiq subhesablarının debeti və 102, 112, 201, 204, 205, 207, 241-1, 244, 521, 522, 523, 533 №li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışları verilir.

İnvestisiya mülkiyyəti maliyyə icarəsi ilə əldə edildikdə onların ədalətli dəyərinə bərabər olan məbləği, yaxud, əgər bu məbləğ aşağıdırsa, minimal icarə ödənişlərinin hər birinin icarə şərtlərinin qəbul edilməsi tarixində müəyyən edilmiş diskontlaşdırılmış dəyəri 121 №li hesabın müvafiq subhesablarının debeti və 406, 535 №li hesabların müvafiq subhesablarının kreditində, bu aktivlərlə bağlı hər hansı dolayı məsrəflər 121 №li hesabın müvafiq subhesablarının debeti və 435, 445, 538, 545 №li hesabların müvafiq subhesablarının kreditində əks etdirilir.

İnvestisiya mülkiyyətinin alınması, inşası və ya istehsalı ilə birbaşa əlaqəli olan borclara görə tikinti dövrünün faiz xərclərinə 123 №li hesabın müvafiq subhesablarının debeti və 434, 537 №li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir. Sonrakı dövrlərə aid olan faiz xərcləri isə mühasibat uçotu subyektinin xərclərinə aid edilir.

İnvestisiya mülkiyyətindən müəyyən müddət ərzində istifadə edilməsi nəticəsində onların demontajı və ləğvi, habelə onun yerləşdiyi sahənin bərpası kimi işlərin görülməsi üzrə mühasibat uçotu subyektinin öz üzərinə götürdüyü öhdəlik ilə əlaqədar çəkiləcək məsrəflərin ilkin smeta həcminə 123 №li hesabın müvafiq subhesablarının debeti və 413, 445, 513, 545 №li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

Yazı sonuncu dəfə 2018-08-08 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.