e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Əlil işçinin işə gəbulu

Əlil – anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir.

Əlillik şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur.

Tibbi-sosial ekspertiza

Tibbi-sosial ekspertiza orqanizmin funksiyalarının davamlı pozulmaları nəticəsində həyat fəaliyyətinin məhdudlaşdırılmasının qiymətləndirilməsi əsasında vətəndaşın sosial müdafiə tədbirlərinə olan ehtiyaclarının müəyyən edilməsidir.

Tibbi-sosial ekspertiza müayinə olunan şəxsin klinik, funksional, sosial, məişət, peşə, əmək, psixoloji imkanlarının kompleks qiymətləndirilməsi yolu ilə əlillik, uşaqların sağlamlıq imkanlarının məhdudluğu meyarlarına uyğun olaraq həyata keçirilir.

Tibbi-sosial ekspertiza tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir.

Tibbi-sosial ekspert komissiyaları haqqında və əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamələr AR Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

Şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil sayılır. Tibbi-sosial ekspert komissiyasının rəyi əlillik qrupunu və səbəbini, habelə fərdi reabilitasiya proqramını təsdiq edən rəsmi sənəddir. Sonda əlilə əlil vəsiqəsi verilir.

Əlilliyin dərəcələri

Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur.

  • Birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər.
  • İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın.
  • Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur.

Əlillərin əmək hüququnun həyata keçirilməsi.

Əlillərin yaradıcılıq və istehsal qabiliyyətinin həyata keçirilməsi məqsədilə və fərdi reabilitasiya proqramları nəzərə alınmaqla, onların adi iş şəraiti olan müəssisələrdə, idarələrdə və təşkilatlarda, əlillərin əməyini tətbiq edən ixtisaslaşdırılmış müəssisələrdə, sexlərdə və sahələrdə işləmək, habelə sahibkarlıq fəaliyyəti və qanunla qadağan edilməyən başqa fəaliyyət ilə məşğul olmaq hüququ təmin edilir.

Tibbi-sosial ekspert komissiyasının rəyinə görə əlilin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, sağlamlıq imkanlarının məhdudluğu mülahizələrinə görə əlillə əmək müqaviləsini bağlamaqdan, yaxud əlili işdə irəli çəkməkdən imtina edilməsinə, müdiriyyətin təşəbbüsü ilə onun işdən azad edilməsinə, öz razılığı olmadan başqa işə keçirilməsinə yol verilmir.

Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müvafiq müəssisələrdə tibbi, peşə və sosial reabilitasiya keçən şəxslərin bu müəssisələrdə olduğu müddətdən asılı olmayaraq işəgötürənin təşəbbüsü ilə fərdi əmək müqaviləsinin (kontraktının) ləğv edilməsinə yol verilmir.

Kvotanın hesablanması və tətbiqi.

AR Nazirlər Kabinetinin "Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası"nın və "Kvota şamil edilməyən müəssisələrin Siyahısı"nın təsdiq edilməsi 22.11.2005-ci il tarixli 213 N-li Qərarı ilə mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunu təmin etmək məqsədi ilə kvota tətbiq edilməlidir.

Kvota - AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işəgötürənlərə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxsləri işlə təmin etmək üçün müəyyən edilmiş iş yerlərinin (işçilərin) minimum sayıdır.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qeyd olunan Qərarına müvafiq olaraq kvota üzrə iş yerlərinin hesablanması üçün işəgötürənlər hər ilin 1 iyul tarixinə həmin müəssisədəki iş yerlərinin sayı, işçilərin orta illik siyahı sayı haqqında şəhər, rayon Məşğulluq Mərkəzlərinə avqust ayının 1-dək 3-İ №-li statistik hesabat forması təqdim edirlər.

Kvota ərazi əmək bazarındakı vəziyyətdən asılı olaraq müəssisələrdəki işçilərin orta siyahı sayının 5 faizindən çox olmamaq şərtilə aşağıdakı kimi müəyyən edilir:

  • işçilərinin sayı 25-dən 50-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 3 faizi (bir iş yerindən az olmamaqla) miqdarında; bu halda həmin iş yerlərindən biri əlillər və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər üçün nəzərdə tutulur;
  • işçilərinin sayı 50-dən 100-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 4 faizi miqdarında (işçilərin orta illik siyahı sayının 2 faizi əlillər və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər üçün nəzərdə tutulmaqla);
  • işçilərinin sayı 100-dən çox olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 5 faizi miqdarında (işçilərin orta illik siyahı sayının 2,5 faizi əlillər və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər üçün nəzərdə tutulmaqla).
Misal.

Təqdim olunmuş 3-İ N-li statistik hesabat formasına əsasən "Salam" kiçik müəssisəsində 1 iyul 2016-cı il tarixə işçilərin sayı 49, işçilərin orta illik siyahı sayı isə 52 nəfər təşkil etmişdir. AR Nazirlər Kabinetinin müvafiq qərarına əsasən həmin müəssisədə kvota üzrə iş yerlərinin sayı aşağıdakı düsturla hesablanır:

Kvota = 52 * 3% = 1,5 = 2 (yer)

Bu zaman həmin iş yerlərindən biri əlillər üçün nəzərdə tutulmalıdır.

Kvota üzrə müəyyən olunmuş iş yerlərinə işçilərin qəbulu müəssisələr tərəfindən vətəndaşların birbaşa müraciəti və ya şəhər, rayon Məşğulluq Mərkəzlərinin göndərişi ilə həyata keçirilir.

İşə qəbul şəhər, rayon Məşğulluq Mərkzlərinin göndərişi ilə həyata keçirildikdə işəgötürən 5 gün müddətində sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların işə qəbul edilməsi haqqında qərar qəbul edib, Baş Məşğulluq İdarəsi tərəfindən təsdiq olunmuş «Göndəriş»in ikinci hissəsində qeydlər apararaq, eləcə də müvafiq statistika hesabatlarında göstərməklə şəhər, rayon Məşğulluq Mərkəzlərinə məlumat təqdim edirlər.

İşəgötürənlər tərəfindən «Göndəriş»in ikinci hissəsində müvafiq qeydlər aparmaqla şəhər, rayon Məşğulluq Mərkəzlərinə məlumat təqdim edilməməsi işə qəbul etməkdən imtina kimi qiymətləndirilir və bu halda həmin işəgötürənə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati cəza növü tətbiq olunur.

Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar işə düzəlmək üçün birbaşa müəssisələrə müraciət etdikləri hallarda işəgötürənlər şəhər, rayon Məşğulluq Mərkzlərinə ən geci 5 gün müddətində məlumat vermək şərti ilə, müəyyən olunmuş kvota hesabına onları işə qəbul edə bilərlər.

Şəhər, rayon Məşğulluq Mərkəzləri tərəfindən göndərilmiş əlilləri və sosial müdafiəyə ehtiyacı olan digər şəxsləri onlar üçün müəyyən olunmuş kvota üzrə iş yerlərinə qəbul edilməməsinə və habelə DSMF-na vəsait köçürülməməsinə görə işəgötürünlərə AR İnzibati Xətalar Məcəlləsinin 194-cü maddəsinə müvafiq olaraq 1 500 - 2 000 AZN miqdarında cərimə tətbiq olunur.

Şəhər, rayon Məşğulluq Mərkəzlərinin göndərişi ilə işə qəbul edilənlər, kvota üzrə işə qəbul edilənlər və ya işdən çıxarılanlar haqqında müvafiq hesabatın təqdim edilməməsinə görə işəgötürənlər AR İnzibati Xətalar Məcəlləsinin 540-cü maddəsinə müvafiq olaraq 60 AZN məbləğində cərimə edilir.

Əlillərin təminatları

AR Vergi Məcəlləsinin 102.3 maddəsinə əsasən, fiziki şəxslərin gəlir vergisi hesablanarkən I və II qrup əlillərin (müharibə əlillərindən başqa), sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

AR Əmək Məcəlləsində əlillərin əmək hüquqlarının tənzimlənməsi, xüsusilə iş və istirahət vaxtı, məzuniyyət hüquqları, əməyin mühafizəsi sahəsində hüquqlarının həyata keçirilməsi ilə bağlı üstün qaydalar nəzərdə tutulub. Belə ki, 1-ci və 2-ci qrup əlil olan işçilər üçün qısaldılmış iş vaxtının müddəti həftə ərzində 36 saatdan artıq olmamalıdır. Əmək Məcəlləsini bu norması 1-ci və 2-ci qrup əlil olan işçilər üçün qısaldılmış iş vaxtının son həddini müəyyən etməklə, bu kateqoruyadan olan işçilərlə əmək müqaviləsi bağlanarkən, habelə kollektiv müqavilələrdə, hətta həftə ərzində 36 saatdan da az iş vaxtı müəyyən etməyə imkan verir. Əlil olan işçilər üçün qısaldılmış iş vaxtının müəyyən edilməsi onların digər əmək hüquqlarının məhdudlaşdırılmasına səbəb olmur.

Əlillər həm də natamam iş vaxtı hüququndan istifadə edə bilərlər. Digər şəxslərin natamam iş vaxtından istifadə etməsi işəgötürənin razılığı ilə həyata keçirildiyi halda, qanunvericilik əlillərin bu hüququnun təmin edilməsini işəgötürənlərin üzərinə bir vəzifə kimi qoyur. Natamam iş vaxtı həftə ərzində müəyyən edilmiş gündəlik iş vaxtının müəyyən saat azaldılmasını, gündəlik iş saatı saxlanılmaqla həftəlik iş günlərinin sayının azaldılmasını nəzərdə tuta bilər. Əmək funksiyasını natamam iş vaxtında yerinə yetirən əlillərin bu Məcəllə və ya əmək müqaviləsi ilə müəyyən edilmiş əmək hüquqlarının hər hansı şəkildə məhdudlaşdırılması qanunla qadağan edilir.

Əlillərin iş vaxtından artıq işlərə, istirahət günləri və gecə vaxtı işləməyə cəlb edilməsinə yalnız onların razılığı ilə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert komissiyalarının rəyi nəzərə alınmaqla yol verilir.

Əlillik qruplarından və səbəblərindən asılı olmayaraq əlillərə illik məzuniyyətlər mövcud qanunvericiliklə müəyyən edilmiş minimum məzuniyyət müddətinin iki mislindən az olmayaraq verilir. Belə ki, AR Əmək Məcəlləsində əlilliyin qrupundan, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlillərə verilən əmək məzuniyyətinin müddəti ən azı 42 təqvim günü müəyyən edilib:

Bundan başqa, əlillərə (əlillik qruplarından və səbəblərindən asılı olmayaraq) digər şəxslərə verilən ödənişsiz məzuniyyətin müddəti ilə müqayisədə daha çox, azı bir təqvim ayı müddətində ödənişsiz məzuniyyətin verilməsi nəzərdə tutulur. Əlillər əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün əmək məzuniyyətindən istifadə etmək, əmək məzuniyyətindən arzusu ilə onlar üçün əlverişli olan vaxtda istifadə etmək hüquqlarına da malikdirlər.

Həmçinin əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən əmək qabiliyyətini itirmiş I və II qrup əlillərin işləmədiyi müddət onların ümumi və fasiləsiz iş stajına daxil edilir.

Müəssisədə, idarədə və ya təşkilatda işçilərin sayı və ya ştatı ixtisar edilərkən, ixtisas dərəcəsi eyni olduqda, həmin müəssisədə, idarədə, təşkilatda əmək şikəstliyi almış və ya peşə xəstəliyi nəticəsində əlil olmuş işçilər işdə saxlanmaq üçün üstünlük hüququna malikdirlər. Habelə, vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlil olmuş işçilər attestasiya olunmaqdan azad olunurlar. Xüsusi olaraq qeyd edək ki, müvafiq müəssisədə, idarədə və təşkilatda işəgötürənlərin öz təşəbbüsü ilə əlillərə müəyyən üstünlüklər verməsi halları da qanunla qadağan edilmir. Qanunvericiliyə görə, müəssisə, təşkilat müdiriyyətinin ixtiyarı var ki, əlill işçilərin səhhətindən asılı olaraq onların əmək normalarını azaltsın və əməyini artırılmış qiymətlərlə ödəsin".

Azərbaycanda əlillərin əmək hüquqları 2008-ci ildə qoşulduğu "Əlillərin hüquqları haqqında" Konvensiyaya ilə də müdafiə olunur.

Həmin Konvensiyaya görə, iştirakçı dövlətlər əlillərin əmək hüququnu tanıyırlar. Həmçinin bu sənəd əlillərə münasibətdə ayrı-seçkiliyi qadağan edir. Beynəlxalq qanunvericilikdə bərabər şərait və eyni dəyərli əməyə görə bərabər mükafatlandırılma, əlillərin əmək və həmkarlar təşkilatı ilə bağlı hüquqlarını digər şəxslərlə bərabər həyata keçirə bilməsinin təmin edilməsi, əlillərin dövlət sektorunda işə qəbul edilməsi kimi hüquqları xüsusi yer tutur.

Mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar işçilərə müəyyən olunmuş standartlara uyğun təhlükəsiz əmək şəraiti yaradır və onların əmək qabiliyyətinin aşağı düşməsinə, sağlamlığına vurulmuş ziyana görə qanunvericiliyə uyğun məsuliyyət daşıyır, müalicə və reabilitasiya xərclərini ödəyirlər.

Əlillərin əməyini tətbiq edən müəssisələr üçün üstünlüklər və güzəştlər.

İşləyənlərin ümumi sayının azı 30 faizinin əlillərdən ibarət olduğu müəssisələr, idarələr və təşkilatlar güzəştli maliyyələşdirmə və maddi-texniki təminat hüququna malikdirlər.

Əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatlarına məxsus olan işçilərinin ümumi sayının azı 50 faizi əlillərdən ibarət olan istehsal müəssisələrinin mənfəət vergisinin dərəcəsi 50 faiz azaldılır.

Bu güzəştlərin alınması hüququ müəyyən edilərkən işçilərin orta siyahı sayına əvəzçilik, podrat müqavilələri və mülki-hüquqi xarakterli digər müqavilələr üzrə işləyən əlillər və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər daxil edilmir.

Müəyyən çeşiddə məhsulların əlillərin ictimai təşkilatlarının müəssisələrində istehsal olunmasına müstəsna üstünlük verilir. Mülkiyyət növündən asılı olmayaraq başqa idarələrin, müəssisələrin, təşkilatların və kooperativlərin həmin məhsulları istehsal etməsinə icazə verilmir, müvafiq icra hakimiyyəti orqanı əlillərin ictimai təşkilatlarının rəyini nəzərə alaraq belə məhsulların siyahısını müəyyənləşdirib təsdiq edir.

Yazı sonuncu dəfə 2019-03-01 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.