e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

İşçi əmək vəzifələrini kobud şəkildə pozması.

AR Əmək Məcəlləsinin 72-ci maddəsində işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanıb:

  • özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi;
  • alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması;
  • təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması;
  • təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması;
  • qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi;
  • əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi;
  • əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması;
  • iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.

İşçi yuxarıda sadalanan əməllərdən birini edərsə onu işdən azad etmək olar. Lakin, əmək vəzifələrinin kobud şəkildə pozulmasının təfərrüatlarını təyin etmək üçün öncə müəssisədaxili araşdırma aparılmalıdır. Ola bilər ki, işçi hər-hansı bir əməli məcburiyyətdən edibdir, və onun üzürlü səbəbi var.

Bundan başqa, sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanılaraq sənədləşdirilməlidir.

Bütün günü işdə olmama.

Nəzərə alın ki, işçinin işdə bütün günü olmamasını sənədləşdirmək lazımdır. Misal üçün, iki nəfərin iştirakı ilə akt tərtib etmək olar.

İşçi bütün günü üzrlü səbəb olmadan və öz rəhbərinə heç bir məlumat vermədən işdə olmayıbsa və işəgötürən onu bu səbəbdən işdən azad etmək istəyirsə müəssisə rəhbəri tərəfindən aşağıdakı məzmunda əmr hazırlana bilər:

İşçinin heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi səbəbindən işdən azad edilməsi əmrini yükləmək.

Sərxoş vəziyyətdə işə gəlmə.

İşçinin sərxoş vəziyyətdə olmasını tibbi müayinə ilə təsdiqləmək olar. AR Nazirlər Kabinetinin 27.06.2014 tarixli 209- N-li Qərarı ilə "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları" təsdiq edilmişdir. Bu sənəddə sərxoşluq əlamətləri, sərxoşluğun ölçülməsi və s. qaydalar verilibdir.

Aşağıdakı əlamətlərdən biri müşahidə olunduqda işçi sərxoş hesab edilə bilər və onun tibbi müayinəsi həyata keçirilə bilər:

  • nəfəsindən alkoqollu içki qoxusu gəldikdə;
  • ayaq üstə sərbəst dayana bilmədikdə;
  • özünü idarə edə bilmədikdə.

Alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir.

Sərxoşluğu iddia olunan işçinin tibbi müayinəsinin olunması təbii ki, lap yerinə düşərdi, lakin, işçi tibbi müayinənin keçirilməsinə razı olmaya bilər. O zaman, işçinin sərxoşluq vəziyyətinin sübutu kimi şahidlərin ifadələri lazım olacaq. Bunun üçün, daxili akt tərtib etmək lazım olacaq. Akt elə tərtib olunmalıdır ki, məhkəmədə işçinin işdən azad olunmasının əsası kimi təqdim etmək mümkün olsun. Aktı ən azı 3 şahid imzalamalıdır.

Məhkəmə aktdakı şahidlik ifadələrini qərəzsiz hesab etməsi üçün onu işçi ilə birbaşa əlaqəsi olmayan əməkdaşlar imzalasa məqsədəuyğun olardı.

Aktda işçinin vəziyyəti və hərəktələri ətraflı yazılmalıdır: nəfəsindən alkoqollu içki qoxusu gəlməsi, ayaq üstə sərbəst dayana bilməməsi, özünü idarə edə bilməməsi, aqressiv hərəkətləri, nəlayiq sözlərdən istifadə etməsi və s. Nə qədər çox sərxoşluq əlamətləri qeyd edilsə, bir o qədər yaxşıdır.

Eyni zamanda, işçi tibbi müayinədən imtina edərsə, tibbi müayinədən keçməkdən imtina etməsi barədə akt tərtib etmək lazımdır.

İşçi hər bir aktı ilə tanış olub onu imzalamalıdır. İmza etməyə imtina edərsə, aktda bu barədə qeyd olmalıdır.

Aktın nümunəsi ilə aşağıda tanış ola bilərsiniz:

İşçinin iş yerində sərxoş vəziyyətdə olması barədə aktı yükləmək.

Bundan başqa, sərxoş işçi öz hərəkətləri ilə iş yerində ictimai əsayişi pozursa hüququ-mühafizə orqanlarının (polis) əməkdaşlarını çağırmaq olar. Onlar ictimai əsayişi pozduğuna görə sərxoş işçi ilə bağlı protokol tərtib edə bilərlər. Polis əməkdaşları sərxoş işçini xüsusi tibb məntəqəsinə müayinə üçün apara bilərlər. Bu tibbi müəyinədən sərxoş işçi artıq imtina edə bilməz.

İstehsal, kommersiya və ya dövlət sirrinin yayılması.

İşçini istehsal, kommersiya və ya dövlət sirrinin yayılmasna görə işdən azad etməkdən öncə, müəyyən edilməlidir ki işəgötürən konfidensial sayılan məlumatların qorunması üçün bütün tədbirlər görübmü.

Kommersiya sirri haqqında AR Qanununa görə:

Kommersiya sirri - hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlar.

Dövlət sirri haqqında AR Qanununa görə:

Dövlət sirri - dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əkskəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlardır.

İlk növbədə müəssisədə "Kommersiya sirrinin qorunması" haqqında əsasnamə hazırlanıb təsdiq edilməlidir. Bu sənəd ilə bütün işçilər tanış olmalıdırlar. Bu əsasnamədə əsasən aşağıdakılar əks olunmalıdır:

  • kommersiya sirrini təşkil edən məlumatlar siyahısı;
  • kommersiya sirrinə buraxılışı olan işçilərin siyahısı;
  • kommersiya sirrinə buraxılış qaydaları;
  • kommersiya sirrini təşkil edən məlumatlar ilə işləmə qaydaları;
  • kommersiya sirrini təşkil edən məlumatların saxlanılması qaydaları;
  • kommersiya sirrinin yayılmasına görə məsuliyyət.

Qaydaların hazırlanıb təsdiq edilməsindən əlavə kommersiya sirrini təşkil edən məlumatların qorunması üçün müəssisə tərəfindən müvafiq şərait yaradılmalıdır. Konfidensial məlumat daşıyan məlumat daşıyıcıları seyflərdə saxlanılmalı, kompüterlərə və kompüter şəbəkəsinə daxil olma yalnız şəxsi login və parol ilə olmalıdır, və s.

İstehsal sirrininin yayılmaması barədə öhdəliyi birbaşa əmək müqaviləsində, və ya işçinin vəzifə təlimatlarında qeyd etmək olar. Burada "Kommersiya sirrinin qorunması Əsasnaməsində" göstərilən konfidensial xarakterli məlumatlardan müqavilələrin məzmunu, texnoloji prosesin qizli məlumatları, elmi-texniki sahədə əqli mülkiyyət işçi tərəfindən yayıla bilməz. Misal üçün, belə məlumatlar aşağıdakı kimi ola bilər:

  • biznes-planlar, maliyyə riskləri və proqnozları özündə əks etdirən sənədlər;
  • müqavilələr, razılaşmalar, və onların yerinə yetirilməsi barədə məlumatlar;
  • istehsalın texnoloji prosesləri;
  • malların və məhsulların satışı ilə bağlı hesabatlar;
  • maliyyələşmə mənbələri və məliyyələşmənin həcmi;
  • müəssisədaxili mühasibatlıq hesabatları;
  • işgüzar məktublaşmalar.

Kommersiya sirri olan məlumatlara izni olan işçilərə bir çoxlarını aid etmək olar: katibələr, kadrlar şöbəsinin rəhbərləri, mühındislər və proqramçılar, satış menecerləri və s.

Əgər işçi kommersiya sirri daşıyan məlumat yayıbsa, müqavilələrin, hesabatların və sair sənədlərin məzmunu kommersiya sirri daşıdığını sübut etmək öhdəliyi, işəgötürənin üzərinə düşür. Dəqiq sübutlar yoxdursa, məhkəmə məsələni müəssisənin xeyrinə həll etməyə bilər. Müəssisədə məxfi məlumatların qorunması təşkil edilməyibsə, məhkəmə işçinin məlumatları qanunsuz əldə edilməsi barədə əsasın olmadığı barədə qərar gəbul edə bilər.

Bu hallarda, işdən azad edilmə barədə əmrdə işdən azad edilmənin səbəbi kimi qeyd edilir ki, "Əmək vəzifələrinin kobud şəkildə pozulması - qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi. AR Əmək Məcəlləsi, Maddə: 72 - d) bəndi". Eyni cümlə əmək kitabçasındada qeyd edilir.

Bundan başqa, AR İnzibati Xətalar Məcəlləsində və AR Cinayət MƏcəlləsində kommersiya sirrinin yayılmasına görə müvafiq cəzalər mövcuddur:

AR İnzibati Xətalar Məcəlləsi, Maddə 431. Kommersiya və ya bank sirri təşkil edən məlumatların qanunsuz yolla əldə edilməsi və ya yayılması

Sahibkarın razılığı olmadan kommersiya və ya bank sirri təşkil edən məlumatların tamah və ya başqa şəxsi niyyətlə qanunsuz yolla istifadə edilməsinə və ya yayılmasına görə, bu, az miqdarda ziyan vurduqda -

inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir.

Qeyd: Bu maddədə “az miqdarda ziyan vurduqda” dedikdə, yüz min manatdan yuxarı olmayan məbləğ başa düşülür.

AR Cinayət Məcəlləsi

Maddə 202. Kommersiya və ya bank sirri olan məlumatları qanunsuz yolla əldə etmə və ya yayma

202.1. Kommersiya və ya bank sirlərini təşkil edən məlumatların toplanması həmin məlumatları yaymaq və ya onlardan qanunsuz istifadə etmək məqsədi ilə sənədləri oğurlamaqla, satın almaqla və ya hədələməklə, habelə digər qanunsuz üsulla törədildikdə—

min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

202.2. Sahibkarın razılığı olmadan kommersiya və ya bank sirri olan məlumatların tamah və ya başqa şəxsi niyyətlə qanunsuz yolla istifadə edilməsi və ya yayılması külli miqdarda ziyan vurmaqla törədildikdə—

cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İş yerində oğurluq etmək.

Əgər müəssisə rəhbəri hesab edir ki, işçi iş yerindən oğurluq edib, o, bu barədə hüquq-mühafizə orqanlarını məlumatlandırmalı və lazımi materialları onlara təhvil verməlidir. Məhkəmə işçinin cəzalandırılması barədə qərar gəbul etdikdən 1 ay sonra işçini işdən azad etmək olar.

İşçini işdən azad etmək üçün müəssisə rəhbəri əmr imzalayır. Əmrdə işçinin günahkar olduğunu təsdiq edən məhkəmənin qərarının nömrəsi və tarixi qeyd edilir.

Əmək kitabçasında qeyd aparılır: Əmək vəzifələrinin kobud şəkildə pozulması - iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. AR Əmək Məcəlləsi, Maddə: 72 - f) bəndi". Eyni cümlə əmək kitabçasındada qeyd edilir.

Əməyin mühafizəsi qaydalarının pozulması

Əməyin mühafizəsi qaydalarının pozulması faktını təsdiq etmək üçün müəssisədə araşdırma aparılmalıdır. İşçini yalnız o zaman işdən azad etmək olar ki, komissiya və ya əməyin mühasizəsini təşkil edən əməkdaş işçinin günahı olduğunu təsdiqləsin.

Yazı sonuncu dəfə 2019-01-05 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.