e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

İntizam tənbehi

İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, AR Əmək Məcəlləsinin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:

  • töhmət vermək;
  • sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək;
  • kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək;
  • işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsini ləğv etmək.

AR Əmək Məcəlləsi, Maddə 10

İntizam tənbehinin verilməsi qaydaları və müddətləri

Struktur bölmənin rəhbəri intizam qaydalarının pozulmasını aşkar etdikdə ən azı 2 nəfərin iştirakı ilə akt tərtib etməlidir. Bu akt intizam qaydalarının pozulmasını təsdiq edən sənəd olacaqdır. Aktın nümunəsi ilə aşağıda tanış ola bilərsiniz

Qayalı MMC

İşə gecikmə ilə bağlı

AKT

Bakı ş. 08.08.2018

Mən baş mühasib Ömərov O. insan resursları şöbəsinin işçisi Filankəsov F.F. və mühasibat uçotu şöbəsinin işçisi Əliyev A.A. bu aktı hazırladıq ona görə ki :

08.08.2018 tarixində mühasib Osmanov E.V. 2 saat işə gecikmişdir (saat 11:00 işə gəlmişdir). İşə gəlmə saatı Filankəsov F.F. və Əliyev A.A. iştirakları ilə müəyyn edilmişdir.

Aktda olan məlumatı öz imzalarımız ilə təsdiq edirik.

Baş mühasib ___________ imza

İnsan resurları mütəxəssisi ___________ imza

Mühasibat uçotu şöbəsinin mütəxəssisi ___________ imza


Akt ilə tanış oldum ___________ Osmanov E.V.

İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən 1 ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.

Burada intizam xətasının aşkar edildiyi güntörədildiyi günə diqqət etmək lazımdır. İntizam xətasının aşkar edildiyi gün işçinin tabe olduğu əməkdaşa (rəhbərinə) intizam xətası barədə məlumat aldığı gün hesab edilir.

İntizam xətasının törədildiyi gündən 6 ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən 2 il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.

İdarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində intizam tənbehini tətbiq edən idarə, müəssisə və ya təşkilat intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır.

İşçidən yazılı izahatın alınması

İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

Yazılı izahat işçi tərəfindən müəssisə rəhbərinin adına və ya intizam tənbehini vermək səlahiyyəti olan vəzifəli şəxsin adına yazılır. Yazılı izahatda işçi əmək intizamının pozulmasının səbəblərini açıqlamalıdır.

Yazılı izahatın nümunəsi:

Qayalı MMC-in vitse prezidenti

Məmmədov M.M. bəyə

müəsisənin mühasibi vəzifəsində çalışan Osmanov E.V. tərəfiindən

İZAHAT

Yazıb bildirmək istərdim ki, 08.08.2018-ci tarixində iş yerimə gec gəlməyimin səbəbi yaxın ailə üzvümün həkimə aparılması ilə bağlı idi. Bu səbəb barədə öz rəhbərimə vaxtında məlumat verə bilməmişdim. Gələcəkdə belə bir hadisə baş verdikdə birbaşa rəhbərimə vaxtında məlumat verəcəyimə söz verirəm.

Osmanov E.V. _____________ imza

_____________ tarix

İntizam tənbehinin verilməsi şərtləri

Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz.

Misal.

İşçiyə işə gecikməyə görə xəbərdarlıq edilmişdir. Növbəti gün müəssisə rəhbəri cəzanın çox yumuşaq olduğunu hesab edərək işçiyə töhmət verilməsini əmr etmişdir. İşçi bu cəzanın qanunsuz olduğunu hesab edərək əmək müfəttişliyinə müraciət etmişdir. Müfəttişlik müəssisə rəhbərinin hərəkətlərinin qanunsuz olduğunu təsdiq etmişdir.

İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz.

İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır.

İntizam tənbehi verilməsi barədə əmrdə (sərəncamda, qərarda) işçinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan, habelə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi yolverilməzdir.

İntizam tənbehinin sənədləşdirilməsi

İntizam tənbehi onu vermək səlahiyyəti olan vəzifəli şəxsin əmri ilə sənədləşdirilir.

Onu da qeyd edək ki, intizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər.

Müəssisənin nizamnaməsində (əsasnaməsində) başqa hal nəzərdə tutulmayıbsa, işəgötürən işçilərə intizam tənbehi vermək səlahiyyətini əmri (sərəncamı, qərarı) ilə özünün müavinlərindən birinə, müəssisədən kənarda yerləşən struktur bölməsinin rəhbərinə həvalə edə bilər. Həmin əmrdə (sərəncamda, qərarda) hansı səbəbə görə intizam tənbehi vermək səlahiyyətinin başqa vəzifəli şəxsə həvalə edildiyi əsaslandırılmalı və onun səlahiyyətinin dairəsi dəqiq müəyyən edilməlidir.

Yuxarıda göstərilən vəzifəli şəxslərdən savayı başqa vəzifəli şəxslərin işçilərə intizam tənbehi verməyə ixtiyarı yoxdur. Əgər bu qaydaların əksinə olaraq işçiyə intizam tənbehi vermək səlahiyyəti olmayan vəzifəli şəxs tərəfindən verilibsə, onun əmri hüquqi qüvvəsi olmayan puç (əhəmiyyətsiz) əmr hesab edilir.

Əmr-də aşağıdakılar qeyd edilməlidir:

  • işçinin əmək intizamını pozan əməli;
  • intizam tənbehinin növü;
  • əmək intizamının pozulmasını təsdiq edən sənədlər, və işçinin yazılı izahatı

Əmr-in nümunəsi:

Qayalı MMC

İntizam tənbehinin veirlməsi haqqında

ƏMR N____

Bakı ş. 10.08.2018

08.08.2018 tarixində müəssisənin satış meneceri Əliyev M.S. işə 2 saat gecikmişdir, və bu barədə birbaşa rəhbərinə məlumat verməmişdir. İşçi Əliyev M.S.-na izahat vermək təklif olunsa da, o bundan imtina etmişdir. Əliyev M.S. işə gecikməsi səbəbindən müştəri ilə 09:15 saata nəzərdə tutulan danışıqlar və müqavilənin bağlanması təxirə salınmşdır.

Qayalı MMC-nin müəssisədaxili intizam qaydalarının pozulması və AR Əmək Məcəlləsinin 186.2 maddəsini nəzərə alaraq:

ƏMR EDİRƏM

  • Müəssisənin satış meneceri Əliyev M.S. töhmət verilsin.
  • Bu əmr bütün işçilərin məlumatına çatdrılsın

Əsas: 08.08.2018 tarixli "İşə gecikmə ilə bağlı" akt.

Baş icraçı direktor ___________ imza

Əmr ilə tanış oldum ___________ Əliyev M.S.

Əmr imzalanan gündən üç gün ərzində işçiyə təqdim edilir.

İntizam tənbehinin müddəti və vaxtından əvvəl götürülməsi

İntizam tənbehi verilən gündən 6 ay müddətində qüvvədə olur.

İşçi verilən intizam tənbehindən nəticə çıxararaq əmək funksiyasını yüksək səviyyədə yerinə yetirərsə, müəssisədaxili əmək və intizam qaydalarını pozmazsa işəgötürən işdə fərqləndirilmə qaydasında intizam tənbehini vaxtından əvvəl öz əmri (sərəncamı, qərarı) ilə ləğv edə bilər.

İşçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər.

İntizam tənbehinin qüvvədə olduğu müddət ərzində əmək funksiyasını yüksək peşəkarlıqla yerinə yetirdiyinə, müəssisədaxili intizam qaydalarına əməl etdiyinə görə işçi AR Əmək Məcəlləsinin 185-ci maddəsində nəzərdə tutulmuş hər hansı həvəsləndirmə vasitələri ilə mükafatlandırılarsa, həmin mükafatlandırıldığı gündən ona verilmiş intizam tənbehi qüvvədən düşmüş hesab edilir.

İntizam tənbehi barədə məlumat işçinin əmək kitabçasına daxil edilmir.

Müəssisədə işçinin şəxsi işi aparılırsa, o zaman, intizam tənbehi barədə məlumat onu şəxsi işinə əlavə edilir.

İşdən azad edilmə ilə nəticələnən intizam tənbehi

İşçi, ona birinci dəfə intizam tənbehin verilməsinə baxmayaraq, yenədə əmək intizamı qaydalarını pozmağa davam edərsə ona əmək müqaviləsinin ləğv edilməsi ilə nəticələnən yeni intizam tənbehi tətbiq edilə bilər.

Nəzərə almaq lazımdır ki, əmək müqaviləsinin ləğv edilməsi ilə nəticələnən intizam tənbehinin öz xüsusiyyətləri vardır.

İlk öncə, öncə verilmiş intizam tənbehi qüvvədə olmalıdır. Bildiyimiz kimi, intizam tənbehi verilən gündən 6 ay müddətində qüvvədə olur.

İkincisi, yeni intizam xətasını sənədləşdirmək lazımdır. Lakin, bundan sonra da əmək müqaviləsinə xitam verlməməlidir. AR Əmək Məcəlləsinin 187-ci maddəsində göstərilən intizam tənbehinin verilməsi qaydalarını gözləmək lazımdır. Belə ki, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb etməlidir.

Əgər işçi yazılı izahatın verilməsindən imtina edərsə və ya işçinin verdiyi izahat əsassız olarsa, o zaman, əmək müqaviləsinin xitam verilməsi ilə nəticələnən intizam tənbehinin əmrini vermək olar.

Belə olduqda, intizam xətasını sistematik, əmək müqaviləsinin ləğv edilməsini isə qanuni hesab etmək olar.

Qeyd etmək lazımdır ki, işçinin iki və ya daha çox intizam tənbehinin olması səbəbindən onun əmək müqaviləsinə xitam vermək olmaz.

Yazı sonuncu dəfə 2019-03-15 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.