e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Əmək məzuniyyətinin müddəti

Əsas məzuniyyət işçinin əmək müqaviləsində göstərilmiş peşəsi (vəzifəsi) üzrə minimum müddəti aşağıdakı 2 bənddə nəzərdə tutulmuş məzuniyyətdir.

1. İşçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir.

2. Aşağıdakı işçilərə ödənişli əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir:

  • kənd təsərrüfatı məhsullarının istehsalında çalışan işçilərə;
  • məsul vəzifələrdə (vəzifənin məsulluğu işin xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilir) qulluq keçən dövlət qulluqçularına, müəssisənin rəhbər işçilərinə və mütəxəssislərinə;

    Qeyd: Müəssisə işçilərinin rəhbər, mütəxəssis və texniki icraçılar (digər qulluqçular) kateqoriyasına aid edilməsi "Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Tarif-İxtisas Sorğu Kitabçası (VTİSK)" əsasən müəyyən edilir. Misal üçün, bu sənədə əsasən baş mühasib - rəhbər, mühasib isə mütəxəssis hesab edilir. Xəzinədar (böyük xəzinədar da daxil olmaqla) isə texniki icraçıdır.

  • xüsusi təhsil müəssisələri istisna olmaqla, təhsil müəssisəsində pedaqoji iş aparmayan rəhbər işçilərə və inzibati-tədris heyəti işçilərinə, habelə məktəbdənkənar uşaq müəssisələrinin rəhbərlərinə;
  • təhsil müəssisələrinin metodistlərinə, baş ustalarına, istehsalat təlimi ustalarına, təlimatçılarına, kitabxanaçılarına, laborantlarına, emalatxana rəhbərlərinə, dayələrə, dəyişək xidmətçilərinə, bədii rəhbərlərinə;
  • elmi dərəcəsi olmayan elmi işçilərə;
  • həkimlərə, orta tibb işçilərinə və əczaçılara.

Natamam iş vaxtı (natamam iş günü və ya natamam iş həftəsi) şəraitində işləyən işçilərə əmək məzuniyyəti tam iş vaxtı şəraitində işləyən işçilərə verilən əmək məzuniyyəti müddətində, yerinə yetirdikləri və ya çalışdıqları vəzifəyə uyğun olaraq verilir. Misal üçün, əvəzçilik qaydasında işləyən işçilərin əmək məzuniyyəti.

Mövsümi işlərdə çalışan işçilərə əsas məzuniyyət, bir qayda olaraq, mövsümün sonunda hər iş ayına görə iki təqvim günündən az olmayan müddətə verilir.

Əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir. Əvəzində işçinin məzuniyyəti məzuniyyət dövrünə təsadüf edən bayram günləri qədər uzadılır.

Yazı sonuncu dəfə 2019-05-07 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.