e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Əmək haqqından tutulmalar

İşçilərə əmək haqqı əmək müqaviləsində göstərilən miqdarda hesablanır, lakin, ödənilən zaman, bildiyimiz kimi, az ödənilir. Səbəbi, əmək haqqı ödəniləndən öncə ondan müvafiq tutulmalar edilir (fiziki şəxslərin gəlilr vergisi, DSMF ayırmaları, həmkarlar təşkilatına üzvlük haqqı, alimentlər, kreditlər və s.), qalan hissəsi isə işçiyə birbaşa kassadan verilir və ya onun bank kartına köçürülür.

Əmək haqqından tutulmalar aşağıdakı istiqamətlər üzrə aparılır:

  • büdcə və dövlət təşkilatlarına;
  • işçinin işlədiyi müəssisəyə;
  • üçüncü şəxslərə.

Büdcə və dövlət təşkilatlarına köçürülən əmək haqqından tutulmalara aiddir: fiziki şəxslərin gəlir vergisi, DSMF-na köçürmələr, işsizlikdən sığorta haqqı, həmkarlar təşkilatına üzvlük haqqları, inzibati qanunvericiliyinin pozulmasına görə cərimələr, və s.

Müəssisəyə köçürülən əmək haqqından tutulmalara aid ola bilər: təhtəlhesab şəxslərdə qalmış və vaxtında qaytarılmamış məbləğlər, müəyyən iş ilinə görə əmək məzuniyyətindən istifadə etmiş işçinin əmək müqaviləsinə həmin iş ili başa çatanadək xitam verilərkən ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi, işçinin məsuliyyətsizliyindən müəssisəyə dəyən maddi ziyan və s.

Üçüncü şəxslərin hesabına köçürülən əmək haqqından tutulmalara aiddir: alimentlər, dəymiş ziyanın əvəzinə olan tutulmalar, işçinin tapşırığı ilə sığorta və yardım fondlarına olan köçürmələr və s.

AR Əmək Məcəlləsinin 175.1 maddəsinə əsasən

Maddə 175. Əmək haqqından tutulmalara yol verilən hallar və bunun icrası qaydası

1.Əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər.

Əmək haqqından tutulmalar olur:

  • məcburi;
  • işəgötürənin sərəncamı ilə;
  • notariat kontorların icra qeydləri əsasında;
  • işçinin ərizəsinə əsasən.

Məcburi tutulmalar

Məcburi qaydada əmək haqqından tutulmalar icra sənədləri əsasında aparılır. İcra sənədləri dedikdə aşağıdakılar nəzərdə tutulur:

  • məhkəmənin qərarı əsasında məhkəmənin verdiyi icra vərəqi;
  • məhkəmə əmrləri;
  • alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş sazişlər;

Bir çox hallarda işçilərin əmək haqqlarından tutulmalar icra vərəqələri əsasında aparılır.

İcra vərəqi - məhkəmənin qərarı əsasında verilən işçinin əmək haqqısından tutulmaların səbəbini və məbləğini əks etdirən sənəddir.

Adətən icra vərəqələri əsasında alimentlər və işçi tərəfindən başqa şəxslərə vurduğu maddi və mənəvi zərərə görə təzminatlar tutulur.

İcra sənədində aşağıdakılar göstərilir:

  • məhkəmənin və ya icra sənədini verən digər orqanın adı;
  • icra sənədinin verilməsinə əsas olan iş və ya materiallar və onların nömrələri;
  • icra edilməli olan qərarın qəbul edildiyi vaxt;
  • tələbkar və borclunun soyadı, adı, atasının adı, onların yaşayış yeri, borclunun doğulduğu yer və tarix, onun iş yeri; tələbkar və borclu hüquqi şəxsin adı, ünvanı;
  • məhkəmə və ya digər orqanın qərarının nəticə hissəsi;
  • məhkəmə və ya digər orqanın qərarının qüvvəyə mindiyi vaxt;
  • icra sənədinin verildiyi vaxt və onun icraya yönəldilməsi müddəti.

Məhkəmə qərarına əsasən verilmiş icra sənədi hakim tərəfindən imzalanır və məhkəmənin möhürü ilə təsdiqlənir.

İcra sənədləri əsasında işçinin əmək haqqından tutulmalar müəssisə rəhbərinin əmri və işçinin razılığı olmadan aparılır.

İcra sənədi müəssisəyə daxil olduqdan sonra qeydiyyatdan keçirilməli və bir gündən gec olmayaraq mühasibatlığa verilməlidir.

Mühasibatlıqda bütün icra sənədləri xüsusi jurnalda qeydiyyatdan keçməli və ciddi hesabat blankları kimi saxlanılmalıdır.

İcra sənədinin daxil olması barədə müəssisə tələbkara (pul kimin xeyrinə tutulursa) və məhkəmə icraçısına məlumat verməlidir.

Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır:

  • tələbkarın ərizəsi əsasında;
  • borc işçi tərəfindən tam ödənildikdə;
  • əmək müqaviləsinə xitam verildikdə;
  • müəssisə məhkəmə icraçısı tərəfindən icraatın bitməsi barədə sərəncam aldıqda.

Sənəd, onun qaytarılması barədə əsas yaranandan sonra bir iş günü ərzində qaytarılmalıdır.

Qaytarılan sənədin sürətində tutulmaların dayandırılmasının səbəbi və cəmi tutulan və tələbkara köçürülən məbləğ barədə qeyd olmalıdır. Tutulmuş alimentlər barədə icra vərəqəsi ilə birlikdə göndərilən məktubda məlumat vermək olar.

İşəgötürənin sərəncamı ilə tutulmalar.

İşəgötürənin sərəncamı ilə işçinin əmək haqqından yalnız aşağıdakı ödənişlər tutulur:

  • qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr;
  • qanunvericilikdə nəzərdə tutulan icra sənədləri üzrə müəyyən edilmiş məbləğ;
  • işəgötürənə işçinin (tam maddi məsuliyyət daşıdığı hallar istisna olunmaqla) təqsiri üzündən onun orta aylıq əmək haqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği;
  • müvafiq iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək işdən çıxdığı halda məzuniyyətin işlənməmiş günlərinə düşən məzuniyyət pulu;
  • xidməti ezamiyyətə göndərilən işçiyə avans olaraq verilmiş ezamiyyə xərclərinin ezamiyyətdən qayıtdıqdan sonra artıq qalmış borc məbləği;
  • mühasibat tərəfindən ehtiyatsızlıqla səhvən yerinə yetirilən riyazi əməliyyatlar nəticəsində artıq verilmiş məbləğlər;
  • təsərrüfat ehtiyaclarından ötrü malların, əmtəələrin alınması üçün verilmiş, lakin xərclənməmiş və vaxtında qaytarılmamış pulun məbləği;
  • kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda müəyyən edilmiş məbləğ;
  • həmkarlar ittifaqının üzvü olan işçilərin əmək haqqından mühasibatlıq vasitəsi ilə tutulan və 4 iş günü müddətində həmin müəssisənin həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülən həmkarlar ittifaqına üzvlük haqları.

İşəgötürən avansın qaytarılması, borcun ödənilməsi üçün müəyyən edilmiş müddətin qurtardığı gündən və ya səhv riyazi hesablamalar nəticəsində düzgün hesablanmamış pulun verildiyi gündən 1 ay müddətində məbləğin tutulması haqqında mühasibat əməliyyatı apara bilər. Bu müddət bitdikdən sonra işçidən həmin məbləğlər tutula bilməz.

İşdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir.

Hesabda səhvə yol verilməsi halları istisna olmaqla, işəgötürən tərəfindən işçiyə artıq verilmiş əmək haqqı, o cümlədən müvafiq qanun və digər normativ hüquqi aktların düzgün tətbiq edilməməsi nəticəsində verilən məbləğlər işçidən tutula bilməz.

Misal.

İşçi 18.02.19 tarixindən 22.02.19 tarixinə kimi xəstələndiyi üçün əmək qabiliyyətini müvəqqəti itirmişdir. İşçi 25.02.19 tarixində xəstəlik vərəqəsini müəssisəyə təqdim edib. Xəstəlik dövrü üçün işçiyə əmək qabuliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hesablanıb ödənilmişdir. Lakin, işçiyə fevral ayı üçün əmək haqqı 07.03.16 tarixində olduğu kimi, müvafiq hesablama aparmadan (xəstəlik günlərinə görə) ödənilmişdir.

Hesablamalarda olan bu səhv yalnız 2019-cu ilin Noyabr ayında müəyyən edilmişdir.

Əmək haqqının ödənilməsindən 1 ay keçdiyinə görə işçidən artıq ödənilmiş məbləğ tutula bilməz.

Notariat kontorların icra qeydləri əsasında borcların mübahisəsiz qaydada tutulması.

Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır.

İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən 3 ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə 1 ildən çox keçməmişsə aparılır.

Barəsində icra qeydi verilən tələb üçün qanunla başqa müddət müəyyən edilmişsə, icra qeydi bu müddət həddində verilir.

Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını AR Nazirlər Kabineti müəyyən edir. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı

İcra qeydi aşağıdakı sənədlərə qoyula bilər:

  • borc müqaviləsi;
  • istehlak krediti müqaviləsi;
  • əmək müqaviləsində (misal üçün, əmək haqqı hesabına verilmiş, lakin işləməklə əvəzi ödənilməmiş avans, birdəfəlik müavinət, yol xərclərini və gündəlik xərcləri iş yerinə getməməsi ilə əlaqədar olaraq qaytarmalı olan işçinin borcu və s.)

İcra qeydləri əsasında əmək haqqından tutulmalar notariat qaydasında təsdiq edilmiş istənilən müqavilə üzrə aparıla bilər.

İcra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir:

  1. icra qeydini aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı;
  2. tələbkarın adı və ünvanı;
  3. borclunun adı və ünvanı;
  4. ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və peniyalarla birlikdə;
  5. haqqın miqdarı, tələbkarın ödəyəcəyi dövlət rüsumunun və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği;
  6. icra qeydinin aparıldığı tarix (il, ay, gün);
  7. icra qeydinin reyestrdə rəsmiləşdirildiyi say;
  8. icra qeydini aparan notariusun imzası, möhürü.

İcra qeydləri üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir.

Tələbkar və ya borclu fiziki şəxsdirsə, Azərbaycan Respublikasının qanunvericiliyində başqa müddətlər müəyyən olunmamışsa, icra qeydi aparıldığı gündən 3 il ərzində, bütün qalan tələblər üzrə isə 1 il ərzində məcburi surətdə icra olunmaq üçün təqdim edilə bilər.

Misal. İşçinin əmək haqısından notariat kontorun icra qeydləri əsasənda tutulmalar

Neft-qaz sahəsində fəaliyyət göstərən "A-Oil" MMC-nin işçisi Vəliyev D.S. "B" BOKT-dan 5 000 AZN məbləğində kredit almışdır.

Vəliyev D.S kredit müqaviləsində qeyd edilən tarixdə kredit borcunu qaytarmamışdır. Notarius kredit müqaviləsinə kredit borcun Vəliyev D.S.-nın əmək haqqısından tutulması ilə bağlı icra qeydi qoymuşdur.

Müqavilə "A-Oil" MMC-nin mühasibatlığına cari ilin yanvar ayında təqdim edilmişdir.

Vəliyev D.S. onun əmək haqqısından kredit borcun tutulması ilə razıdır. Vəliyev D.S. aylıq əmək haqqısı 2 000 AZN-dir.

Vəliyev D.S.-in aylıq əmək haqqısından tutulan məbləğlər BOKT-un hesabına köçürülür.

İşçinin əmək haqqısından tutulan gəlir vergisi, dsmf ayırmaları və işsizlikdən sığorta haqqı olacaqdır:

2 000 - (2 000 - 200)*14% - 2 000*3% - 2 000*0.5% = 1 678 AZN

Vəliyev D.S. "nett" əmək haqqısı olacaqdır: 1 678 AZN

İşçinin əmək haqqısından tutulmalar aşağıdakı məbləğdən çox ola bilməz:

1 678 * 50% = 839 AZN

Beləliklə, işçinin əmək haqqısından hər ay 839 AZN tutulacaqdır, 6 ay ərzində (5 000 / 839).

İşçinin ərizəsinə əsasən tutulmalar.

İşçinin ərizəsində göstərdiyi məbləğdə və müddətlərdə əmək haqqının müvafiq hissəsi kommunal xərclərin, bankdan aldığı ssudaların, kreditlərin və digər şəxsi borclarının ödənilməsi üçün tutularaq kreditorlara göndərilə bilər. İşçi belə ərizə ilə işəgötürənə müraciət etməyibsə, onun kreditorlarının tələbi ilə işçinin borcları əmək haqqından tutula bilməz.

Əmək haqqından tutulan məbləğlərin miqdarının məhdudlaşdırılması

Borclunun əmək haqqından və digər gəlirlərindən tutulan məbləğin (tutmanın) miqdarı vergilər tutulduqdan sonra qalan məbləğdən hesablanır.

Hər dəfə əmək haqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əmək haqqının 20%-dən və "İcra haqqında" AR Qanununda nəzərdə tutulmuş hallarda isə 50%-dən artıq ola bilməz.

Əmək haqqından bir neçə icra sənədinə əsasən məbləğlər tutularkən, bütün hallarda işçinin əmək haqqının 50% saxlanmalıdır.

"İcra haqqında" AR Qanunu

Maddə 65. Borclunun əmək haqqından və digər gəlirlərindən tutulan məbləğin miqdarı

65.1. İcra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz.

65.2. Tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır.

65.3. Alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir.

Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz.

65.4. Tələbin borclunun təqaüdünə, pensiyasına, müəlliflik və əlaqəli hüquqlardan istifadəyə görə müəlliflik mükafatlarına yönəldildiyi hallarda da bu Qanunun 65-ci maddəsi ilə müəyyən edilmiş qaydalar tətbiq edilir.

Yuxarıda müəyyən edilmiş məhdudiyyətlər islah işləri çəkərkən habelə alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı işçiyə verilən əmək haqqından məbləğlərin tutulmasına şamil edilmir.

Yazı sonuncu dəfə 2019-04-05 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.