e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsi

Əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır.

Hər-bir halda, əvəzçilik üzrə əmək müqaviləsi bağlandıqda, əmək kitabçasında bu barədə qeyd edilmir. Lakin, işçi bunu tələb edərsə,o zaman, əvəzçilik üzrə əmək fəaliyyəti haqqında əmək kitabçasında qeydlər əvəzçilik üzrə əmək müqaviləsinin surəti əsasında işçinin arzusu ilə əsas iş yerində aparılır.

Diqqət! Əgər işçi ilə mülki-hüquqi müqavilə bağlanıbsa (misal üçün, istehsalatda yeni xarici avadanlığın istifadəyə verilməsi ilə bağlı təcüməçi ilə bağlanılan müqavilə), lakin, tərcüməçinin əsas iş yeri varsa, o zaman, bu iş əvəzçilik üzrə iş hesab edilməyəcək, və işçinin əmək kitabçasına bunun ilə bağlı hər-hansı məlumat daxil edilməməlidir. Məsələ ondadır ki, mülki-hüquq müqaviləsi əsasında çalışan işçi müəssisənin daxili nizam-intizam qaydalarına tabe olmaya bilər. O, öz işini özü təşkil edir, bütün riskləri öz üzrəinə götürür, müəssisə isə ona iş müqabilində haqq ödəyir.

Əvəzçilik üzrə iş vaxtının müddəti AR Əmək Məcəlləsinin 89-cu maddəsi ilə müəyyən edilmiş normanın yarısından çox olmamaqla tərəflərin razılığı ilə müəyyən edilir.

Beləliklə, əvəzçilik üzrə iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən edilir. Lakin, bilmək lazımdır ki, əvəzçilik üzrə:

  • gündəlik normal iş vaxtının müddəti 4 saatdan və
  • gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 20 saatdan çox olma bilməz

İş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməyə əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilmir. İş vaxtı ərzində isə əvəzçilik üzrə işləməyə işəgötürənin razılığı ilə yol verilir. Əvəzçilik üzrə əmək şəraitinin şərtlərini, əmək funksiyasının həcmini əlavə iş yerinin işəgötürəni ilə əmək müqaviləsi bağlanarkən tərəflərin özləri müəyyən edirlər.

Əlavə iş yerində əvəzçilik üzrə əmək fəaliyyəti göstərən işçilərə aşağıdakı 2 bənddə göstərilən hallar istisna olunmaqla heç bir məhdudiyyət qoyulmadan əmək qanunvericiliyi ilə müəyyən edilmiş bütün normalar, qaydalar və müddəalar şamil edilir.

Əgər işçi əsas iş yerində zərərli, təhlükəli və insanın sağlamlılığına mənfi təsir göstərən amillər olan əmək şəraitində işləyirsə, onda onun eyni əmək şəraitli əlavə iş yerində əvəzçilik üzrə çalışması yolverilməzdir.

Yaşı 18-dən az olan işçilərin əvəzçilik qaydasında əlavə iş yerində çalışmalarına yalnız onların həm əsas, həm də əlavə iş yerində gündəlik iş vaxtının cəmi AR Əmək Məcəllənin 91-ci maddəsində onlar üçün nəzərdə tutulmuş qısaldılmış iş vaxtından çox olmadıqda, yol verilə bilər.

Bilavasitə qanunvericilikdə nəzərdə tutulmuş hallarda dövlət hakimiyyəti orqanlarının müvafiq vəzifəli şəxslərinə Əmək Məcəlləsinin 58-ci maddəsində nəzərdə tutulan əvəzçilik üzrə əmək müqaviləsi bağlayaraq əlavə iş yerində işləmək hüququ şamil olunmur (qadağandır).

Əvəzçilik qaydasında əmək müqaviləsi bağlayarkən aşağıdakı sənədlər təqdim edilir:

  • ərizə;
  • şəxsiyyətini təsdiq edən sənəd;
  • dövlət sosial sığorta şəhadətnaməsi;
  • təhsili barədə müvafiq sənəd (diplom, şəhadətnamə, sertifikat və s.) (zəruri sayılan hallarda);
  • sağlamlığı haqqında tibbi arayış (zəruri sayılan hallarda);
İşçinin əmək kitabçası əsas iş yerində saxlanılır, və əvəzçiliklə işləyən iş yerinə təqdim edilmir.

Lakin, işçi bunu tələb edərsə,o zaman, əvəzçilik üzrə əmək fəaliyyəti haqqında əmək kitabçasında qeydlər əvəzçilik üzrə əmək müqaviləsinin surəti əsasında işçinin arzusu ilə əsas iş yerində aparılır.

AR Əmək Məcəlləsinin 82ci maddəsinə əsasən əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir.

Əvəzçilik üzrə əmək haqqının ödənilməsi.

Əvəzçilik üzrə işləyən işçilərin əməyinin ödənilməsi mövcud əmək şəraiti nəzərə alınmaqla faktiki yerinə yetirilən işə görə ödənilir.

Əvəzçilik üzrə işləyənlərin tarif (vəzifə) maaşı, mükafatlandırılması, əmək haqqına əlavələrin, artımların verilməsi əsas işçilər üçün müəyyən olunmuş qaydalara uyğun olaraq həyata keçirilir.

Əvəzçilik üzrə işləyənlərin əmək məzuniyyəti.

AR Əmək Məcəlləsinin 110.2 maddəsinə görə əlavə iş yerində əvəzçiliklə işləyən işçilərin də bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququ vardır.

AR Əmək Məcəlləsinin 131.4 (ç) maddəsinə əsasən əsas iş yerində məzuniyyətə çıxan əvəzçilik üzrə işləyənlərin əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ vardır.

Əvəzçilik üzrə işləyən işçilərin əmək məzuniyyəti AR Əmək Məcəlləsinin 114.4-cü maddəsinə əsasən müəyyən edilir. Belə ki, natamam iş vaxtı (natamam iş günü və ya natamam iş həftəsi) şəraitində işləyən işçilərə əmək məzuniyyəti tam iş vaxtı şəraitində işləyən işçilərə verilən əmək məzuniyyəti müddətində, yerinə yetirdikləri və ya çalışdıqları vəzifəyə uyğun olaraq verilir.

Yazı sonuncu dəfə 2018-06-28 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.