e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

İşçinin təşəbbüsü ilə işdən azad edilmə

İşçi öz istəyi ilə əmək müqaviləsinə xitam vermək istəyirsə bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməlidir. Bir ay ərzində işçi işə çıxmalı və gündəlik işlərini görməlidir. Xəbərdar edilmənin vaxtı ərizə veriləndən növbəti gün başlayır.

Lakin, əgər işçi və işəgötürən razılığa gəliblərsə, əmək müqaviləsinə daha tez xitam verilə bilər.

Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

Nəzərə alın ki, bəzi hallarda işçi ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər:

  • yaşa görə təqaüdə çıxdıqda;
  • əlilliyə görə təqaüdə çıxdıqda;
  • təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda;
  • yeni yaşayış yerinə köçdükdə;
  • başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda;
  • seksual qısnamaya məruz qaldıqda və
  • qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda .

İşçinin ərizəsinin nümünəsi

İşçinin ərizəsinin nümünəsini yükləmək.

İşçi öz təşəbbüsü ilə işdən ayrıldıqda, əmək kitabçasında müvafiq qeydlər aparmağa tələsməyin. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti (1 ay) bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz.

İşçinin "İşdən azad olma ərizə"-sini geri götürmək üçün ərizə nümünəsi

İşçinin "İşdən azad olma ərizə"-sini geri götürmək üçün ərizə nümünəsini yükləmək.

Lakin, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq edibsə, işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

İşəgütürən yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq forması:

İşəgütürən yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq formasını yükləmək.

İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti (1 ay) bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Onu da qeyd edək ki, xəbərdarlıq müddəti bitəndən sonra işçi hələdə müəssisədə çalışırsa və işəgötürən buna etiraz etmirsə, əmək müqaviləsinin müddəti davam edir.

İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.

İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.

Xəbərdarlıq müddəti bitdikdən sonra əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək kitabçasında işdən azad edilmənin səbəbi tam olaraq əks edilməlidir.

Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir:

  • müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı;
  • işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı;
  • əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi;
  • əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

İşçinin öz xahişi ilə işdən azad edilməsinin əmr forması:

İşçinin öz xahişi ilə işdən azad edilməsinin əmr formasını yükləmək.

Yuxarıda nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız yuxarıda göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.

Yazı sonuncu dəfə 2019-03-07 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.