e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Əlavə iş vaxtı

İşəgötürən işçiləri (onların razılığı ilə) iş vaxtından artıq işə cəlb edə bilər.

İş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır.

Misal üçün, müəssisənin iş qrafikində 8 saatlıq iş günü nəzərdə tutulubsa, o zaman, işçinin 8 saatdan artıq işləməsi - iş vaxtından artıq iş sayılır. İşçi müəssisə rəhbərinin əmri ilə öz qrafikindən olan vaxtdan artıq işləyibsə ona artıq işlədiyinə görə əlavə əmək haqqı hesablanmalıdır.

İşçini, onun razılığı ilə, yalnız aşağıdakı müstəsna hallarda iş vaxtından artıq işlərə cəlb etməyə yol verilir:

  1. dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsinə;
  2. su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal müəssisələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsini təmin etmək üçün;
  3. başlanmış və istehsalın texniki şəraitinə görə iş gününün sonunadək tamamlana bilməyən işlərin dayandırılması avadanlıqların, əmtəələrin qarşısıalınmaz korlanması, sıradan çıxması təhlükəsi zamanı işlərin tamamlanması zəruriyyəti olduqda;
  4. işçilərin əksəriyyətinin işinin dayandırılmasına səbəb olan sıradan çıxmış mexanizmlərin, qurğuların təmiri, bərpası ilə əlaqədar işlərin görülməsi zərurəti olduqda;
  5. əvəz edən işçinin işdə olmaması ilə əlaqədar işə fasilə verilməsinə yol vermək mümkün olmadıqda.

İşəgötürən işdə olmayan işçinin başqa işçi ilə əvəz olunmasını, habelə yuxarıda nəzərdə tutulan müstəsna hallarda iş vaxtından artıq işlərə işçilərin cəlb edilməsini doğuran səbəblərin vaxtında aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməyə borcludur.

İş vaxtından artıq işlərə işçiləri cəlb etdikdə nəzərə almaq lazımdır ki

  • Xüsusilə ağır və zərərli sahələrdə işləyən işçilərin, habelə hamilə və üç yaşınadək uşağı olan qadınların, yaşı on səkkizdən az olan işçilərin iş vaxtından artıq işə cəlb edilməsinə yol verilmir.
  • Əmək şəraiti ağır və zərərli olan sahələrdə bütün iş günü (növbəsi) ərzində iş vaxtından artıq işlərin müddəti 2 saatdan çox ola bilməz.
  • Hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz.

3 yaşından 14 yaşınadək uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınların iş vaxtından artıq işlərə yalnız onların yazılı razılığı ilə yol verilir.

İş vaxtından artıq işlərin görülməsinə cəlb olunmuş işçilər üçün işəgötürən bu AR Əmək Məcəlləsinin "Əməyin mühafizəsi" bölməsində nəzərdə tutulmuş normalara uyğun istehsalat və sosial-məişət şəraiti yaratmalı, əməyin təhlükəsizliyini təmin etməlidir.

İş vaxtından artıq işlərə işçilər müəssisə rəhbərinin əmri ilə cəlb olunurlar. Əmrdə iş vaxtından artıq işin səbəbləri, vaxtı, işçilərin siyahısı və əlavə əmək haqqının məbləği qeyd olunur.

İş vaxtından artıq işə görə ƏMR bu formada hazırlana bilər:

İş vaxtından artıq işə görə ƏMR-i yükləmək

İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir:

  • əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla;
  • əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.

Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər.

İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir.

Yazı sonuncu dəfə 2019-02-03 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.