e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Məzuniyyət haqqının hesablanması və ödənilməsi

Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir.

12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır.

Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqının hesablanması ilə excel faylda tanış ola bilərsiniz. Mezun_hesablama.xls

Misal.

İşçi 01.09.2016 tarixindən əmək müqaviləsi ilə işə gəbul edilib. İşçi birinci iş ilinə düşən əmək məzuniyyətinə çıxmaq üçün 25.05.2017 tarixində ərizə ilə müraciət edib ki, ona 01.06.2017 tarixindən 21 gün əmək məzuniyyəti verilsin.

İşçinin son 12 ay aldığı əmək haqqı aşağıdakı cədvəldəki kimi olmuşdur:

Tarix Ödənilmiş məbləğ
Sentyabr 2016 1 400
Oktyabr 2016 1 400
Noyabr 2016 1 400
Dekabr 2016 1 600
Yanvar 2017 1 600
Fevral 2017 1 600
Mart 2017 1 600
Aprel 2017 1 600
May 2017 1 600
Cəmi 13 800
Beləliklə, işçi 9 ay işləyib və məzuniyyətə çıxıb. İşçinin məzuniyyət haqqını hesablayaq.

Orta aylıq əmək haqqı = (13 800)/9 = 1 533.33 manat

Bir günlük əmək haqqı = 1 533.33 / 30.4 = 50.44 manat

Məzuniyyət haqqı = 21 * 50.44 = 1 059.24 manat

İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir.

İşçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə AR İnzibati Xətalar Məcəlləsinin 192.5 maddəsinə əsasən

- vəzifəli şəxslər 700 manatdan 1 500 manatadək məbləğdə cərimə edilir.

Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlər.

Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır.

Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı, habelə məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydası AR nazirlər Kabinetinin 25.08.1999 tarixli 137 N*li Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş SİYAHISI qərarı ilə müəyyən edilir.

Nəzərə alınan ödənişlər:

  • faktiki işlənmiş vaxtı üzrə tarif (vəzifə) maaşı;
  • müəssisə, idarə və təşkilatlarda qüvvədə olan əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar **, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə"də nəzərdə tutulan kollektiv və fərdi mükafatlar;
  • kompensasiya və həvəsləndirici xarakter daşıyan daimi əlavələr (zərərli əmək şəraitində, gecə vaxtı, çoxnövbəli rejimli işə, peşələrin (vəzifələrin) əvəz edilməsi, elmi dərəcəyə, fəxri ada, qulluq stajına, xidmət illərinə, ixtisas dərəcəsinə, hakimiyyət səlahiyyətlərinin icrasına, xüsusi rütbə maaşına (əlavəsinə) görə və s.) və Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarının rəhbər işçilərinə və şəhər (rayon) icra hakimiyyəti başçılarına səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün əlavə pul təminatı;
  • uşağın yedizdirilməsi üçün ayrılmış fasilələrin ödənilməsi;
  • səhra, susuz və yüksək dağlıq yerlərdə əmsallar üzrə əlavə ödənişlər;
  • iş vaxtından artıq iş saatlarının ödənilməsi;
  • İstirahət, iş günü hesab edilməyən bayram və ümumxalq hüzn günlərində işə görə ödənilmə;
  • işçinin təqsiri olmadan zay (yararsız) sayılan məhsulun istehsalına, boşdayanmaya, hasilat normalarına yerinə yetirmədiyinə, soyuq və isti havalar şəraitində fasilələrə və işin dayandırılmasına görə ödəmələr;
  • müvəqqəti əvəzetməyə görə ödəmə; qanunvericilikdə işçilərin iş yerlərinin və orta əmək haqqının saxlanıldığı, əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərq ödənildiyi və əvvəlki vəzifəsi (peşəsi) üzrə əmək haqqı saxlanıldığı hallarda;
  • məcburi işburaxma dövrünün ödənilməsi;
  • əmək, təhsil və yaradıcılıq məzuniyyəti dövründə saxlanılan orta əmək haqqı;
  • əmək qabiliyyətini müvəqqəti itirməyə , hamiləliyə və doğuma görə müavinətlər;
  • qəzet, jurnal, nəşriyyat, radio və televiziya, informasiya agentlərinin ştatlarında olan əbədi işçilərə ədəbiyyat qonorarı fondlarından verilən qonorarlar, daimi xarakter daşıyan müəlliflik, artist qonorarları və quruluş haqqı.

Nəzərə alınmayan ödənişlər:

  • birdəfəlik xarakteri daşıyan əlavə mükafatların bütün növləri, yubiley və bayram günləri, anadan olan günlər ilə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənclər (mükafatlar da daxil olmaqla);
  • işçinin öz vəzifəsinə aid olmayan ayrı-ayrı tapşırıqların yerinə yetirilməsinə görə ödəmələr;
  • əmək alətlərinin, vasitələrinin və digər əşyaların amortzasiyasına görə pul əvəzi;
  • maddi yardım şəklində verilən müxtəlif növ ödənişlər;
  • ezamiyyət ilə bağlı verilən ödəmələr, çöl xərcləri, daimi işi yolda olan, yaxud gediş-gəliş və ya gəzəri xarakter daşıyan işçilərə ödənilən əlavələr, bilavasitə tikintidə çalışan işçilər üçün səyyar xarakterli işə görə, işin növbə metodu ilə yerinə yetirilməsinə görə əlavələr;
  • ayrı-ayrı işçilərə pulsuz verilmiş mənzil, kommunal xərclərin, yanacağın, nəqliyyatda gediş biletlərinin dəyəri və ya onların kompensasiyası;
  • işçilərə verilən iş paltarlarının, iş ayaqqabılarının və başqa fərdi mühafizə vasitələrinin, sabunun, başqa yuyucu vasitələrin, südün və müalicə-profilaktika qidalarının dəyəri;
  • qanunvericilikdə nəzərdə tutulmuş hallarda pulsuz qidaların dəyəri (pulsuz kollektiv yeməklər, müəssisənin mənfəətinin hesabına işçilərə pulsuz və ya güzəştli şərtlərlə verilən yeməklər);
  • sanatoriya-kurort müalicəsinə və istirahət evlərinə yollayışların dəyəri;
  • başqa əraziyə işə keçirildikdə və yaxud köçdükdə mənzil kirayəsi və əmlakın daşınması üzrə xərclərin ödənilməsi;
  • istehsalatdan ayrılmaqla təhsil almağa göndərilmiş işçilərə müəssisə və təşkilatlar tərəfindən ödənilən təqaüdlər;
  • yarış, baxış və müsabiqə qaliblərinə verilən pul mükafatları;
  • gənc mütəxəssislərə ali və yaxud orta ixtisas təhsil müəssisəni qurtardıqdan sonra verilən məzuniyyət zamanı müəssisələr, idarələr, təşkilatların hesabına ödənilən müavinətlər;
  • mülki-hüquqi müqavilələr üzrə işlərin yerinə yetirilməsinə görə ödəmələr;
  • istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya.

Məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması Qaydası.

Məzuniyyət vaxtı üçün hesablanmış orta əmək haqqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsallaşdırılıb ödənilməlidir.

Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı aşağıdakı qaydada əmsallaşdırılır:

Orta aylıq əmək haqqı = ((ƏH1*Ə1+ƏH2*Ə2+...)+ƏH)/N

Burada, ƏH1, ƏH2, ... - tarif (vəzifə) maaşlarının sonuncu kütləvi artımından əvvəlki ayrı-ayrı artım dövrlərində işçinin əmək haqqının cəmi;

ƏH - tarif (vəzifə) maaşlarının sonuncu kütləvi artımından sonrakı aylar üzrə işçinin əmək haqqının cəmi;

Ə1, Ə2, ... - son kütləvi artımından sonra tarif (vəzifə) maaşının əvvəlki artım dövrlərində tarif (vəzifə) maaşlarına olan nisbətdən alınan təshih əmsalları;

N - məzuniyyət haqqı hesablanarkən nəzərə alınan ayların sayı.

Məzuniyyət vaxtı üçün orta əmək haqqı əmsallaşdırılarkən tarif (vəzifə) maaşına faizlə (əmsalla) müəyyən edilməyən əlavələr əmsallaşdırılmır.

Qanunvericilikdə müəyyən olunmuş tarif (vəzifə) maaşları büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda kütləvi şəkildə artırıldıqda və ya təsərrüfat hesabı müəssisələrdə kollektiv müqavilənin şərtlərinə əsasən tarif (vəzifə) maaşları kütləvi şəkildə artırıldıqda orta əmək haqqının əmsallaşdırılması hazırkı qaydada əsasən həmin müəssisə, idarə və təşkilatlarda müstəqil surətdə aparılır.

Misal.

İşçi büdcədən maliyyələşən müəssisədə çalışır və 01 oktyabr 2011-ci il tarixindən AR Prezidentinin müvafiq sərəncamıyla büdcədən maliyyələşən təşkilatlarda çalışan işçilərin əmək haqları orta hesabla 10% artırılmışdır. Əmək Məcəlləsinə əsasən işçiyə 56 gün məzuniyyət verilməlidir. Məzuniyyət haqqının hesablanmasına baxaq.

İşçinin son 12 ay aldığı əmək haqqı aşağıdakı cədvəldəki kimi oluşdur:

Tarix Ödənilmiş məbləğ
İyul 2010 400
Avqust 2010 400
Sentyabr 2010 400
Oktyabr 2010 440
Noyabr 2010 440
Dekabr 2010 440
Yanvar 2011 440
Fevral 2011 440
Mart 2011 440
Aprel 2011 440
May 2011 440
İyun 2011 440
Cəmi 5 160
Beləliklə,

ƏH1 olacaqdır: 1200(400+400+400)

ƏH olacaqdır: 3960(440+440+440+440+440+440+440+440+440)

Ə1 olacaqdır: 1.1(440/400)

Orta aylıq əmək haqqı = (1200*1.1+3960)/12=440 manat

Bir günlük əmək haqqı = 440 / 30.4 = 14.47 manat

Məzuniyyət haqqı = 56 * 14.47 = 810.32 manat

Məzuniyyəti nə vaxt götürmək sərfəlidir: məzuniyyət haqqının "sirli" kalkultatoru.

Adətən çoxlarımız düşünürük ki, məzuniyyət üçün bizə hesablanan məzuniyyət haqqı aldığımız əmək haqqına bərabər olacaqdır. Lakin, bu tam düşündüyümüz kimi deyil. Bəzən məzuniyyət götürdüyümüz ayda aldığımız əmək haqqı az, bəzən isə çox ola bilər. Ona görə "Məzuniyyəti nə vaxt götürək ki, bizə sərfəli olsun?" sualı hamımıza maraqlı olacaqdır. Gəlin bu sualın cavabını misallar ilə araşdıraq.

Məzuniyyət bir neçə hallarda bizim üçün sərfəli ola bilər:

  • Məzuniyyət günlərinin sayı: məzuniyyət günləri az götürülür, lakin istirahət daha uzunmüddətli olur
  • Məzuniyyət haqqının məbləğinə görə

İstirahətinizin uzun olmasını istəyirsinizsə:

İstirahət günlərinizi uzadmaq istəyirsinizsə, yanvar və ya mart bayramlarından istifadə edə bilərsiniz. Çünki, məzuniyyətin müddəti bayram günlərinə təsadüf edən məzuniyyət günləri miqdarında uzanacaq. Bundan başqa, məzuniyyəti bazar ertəsindən cümə gününə kimi, 5 təqvim günü müddətinə götürə bilərsiniz. Belə olduqda, 9 gün istirahət edə biləcəksiniz (dörd istirahət gününü nəzərə alaraq).

Məzuniyyət haqqı məbləğinin yüksək olmasını istəyirsinizsə:

Alacağınız məzuniyyət haqqı məbləğinin yüksək olmasını istəyirsinizsə, məzuniyyətinizi istirahət günlərinə salın. Çünki məzuniyyət haqqı hesablanarkən istirahət günləri də məzuniyyətin təqvim günlərinə daxil edilir və ödənilirlər. Qalan bəzi hallarda da məzuniyyət haqqında əlavə qazanc əldə etmək olar, bu da asılıdır ondan ki, məzuniyyət dövrünə qeyri iş günü olan bayram günləri daxildir və ya yox, və məzuniyyətə çıxdığı ayda işçi neçə gün işləmişdir.

Qeyd edək ki, qeyri-iş günləri 2 cür olur: istirahət günləri (şənbə və bazar) və bayram günləri.

İşçinin məzuniyyətə çıxdığı ayda işçiyə ödənilən haqq iki hissədən ibarət olur:

  • İşlənmiş günlərin sayına görə hesablanan əmək haqqı;
  • Məzuniyyət haqqı;
İşlənmiş günlərin sayına görə hesablanan əmək haqqı

İşlənmiş günlərin sayına görə əmək haqqı aylıq əmək haqqı məbləğinin müvafiq aydakı iş günlərinin sayına bölməklə və alınan gündəlik əmək haqqının işlənmiş günlərin sayına vurmaq ilə müəyyən edilir.

Misal üçün, ən az iş günləri 2017-ci ilin yanvar, mart və iyun aylarındadır. Ona görə, bu aylarda hər iş gününə düşən əmək haqqı başqa aylarda olan iş günlərinə nisbətən daha "bahalıdır".

Ən "ucuz" iş günü bayramları olmayan və eyni zamanda 31 təqvim günü olan aylardadır.

Misal üçün, işçinin aylıq əmək haqqısı 800 manatdır. Əgər 2017-ci ilin avqust ayında 23 iş günü vardırsa, o zaman, avqust ayında hər iş gününün "qiyməti" 34.78 manat (800/23) olacaqdır. Və əgər 2017-ci ilin mart ayında 17 iş günü varsa, o zaman, hər iş gününün "qiyməti" 47.06 manat (800/17) olacaqdır.

Məzuniyyət haqqı.

Məzuniyyət haqqı isə iş günləri əsasında deyil, təqvim günləri əsasında hesablanır. Məzuniyyət haqqı hesablanarkən bir günlük əmək haqqı ayın təqvim günlərinin orta illik miqdarına - 30.4 günə (365/12) bölməklə hesablanır. Bu 30.4 gün isə hər hansı bir ayda olan iş günlərinin sayından daha çoxdur (iş günlərinin sayı maksimum 23 gün ola bilər).

Bu o deməkdir ki əmək haqqı dəyişməz qalarsa, məzuniyyət haqqı bütün aylarda eyni olacaqdır. İşlənmiş günlərin sayına görə əmək haqqı isə iş günlərinin sayı çox olan aylarda daha çox olacaqdır.

Məzuniyyət haqqının yüksək olması üçün məzuniyyəti bayram və istirahət günləri az olan, və iş günləri çox olan ayda götürmək sərfəlidir.

Gəlin misallar ilə baxaq niyə məzuniyyəti bayram və istirahət günləri çox olan ayda götürmək sərfəli deyil.

Qeyd edək ki, bayram və istirahət günlərinin sayı hər il müxtəlif aylarda eyni olmur və hər il dəyişir. Misal üçün, Qurban və Ramzan bayramlarının günləri təqvimdə "hərəkət edir" və hər il müxtəlif aylara düşə bilər.

Belə ki, 2017-ci ilin iyun ayında 12 bayram və istirahət günü və 18 iş günü vardır. Qeyri-iş günü olan bayram günləri məzuniyyət haqqının hesablanması zamanı nəzərə alınmırlar, lakin məzuniyyətin müddəti bayram günlərinə təsadüf edən məzuniyyət günləri miqdarında uzanacaq.

Gəlin aşağıdakı misallara baxaq.

Misal. İyun ayında götürülən məzuniyyət bayram günlərinə təsadüf edir.

İşçi 2017-ci ilin iyun ayının 16-dan 14 günlük məzuniyyət gütürür (16-29). İşçinin aylıq əmək haqqısı – 800 manatdır. İşçi tərəfindən aldığı məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləği 9 600 manat təşkil etmişdir (800 man. * 12 ay).

Bir günlük əmək haqqı = Orta aylıq əmək haqqı / 30.4

Bir günlük əmək haqqı = 800 / 30.4 = 26.32 man.

Məzuniyyət dövrünə 3 qeyri-iş günü olan bayram günü düşür 26-27-28 iyun, AR Əmək Məcəlləsinin 114.6 Maddəsinə görə - "Əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir." Əvəzində işçinin məzuniyyəti 3 gün uzadılır.

Məzuniyyət haqqı olacaqdır: 26.32 * 14 = 368.48 man.

Bayram günlərinə görə işçinin məzuniyyəti 3 gün uzadılacaqdır.

İyun aynın qalan 10 iş günü üçün əmək haqqını hesablayaq:

800 man. / 18 iş günü * 10 = 444.44

Cəmi iyun ayı üçün işçiyə 812.92 man. (368.48 + 444.44) əmək haqqı hesablanacaqdır.

İndi isə gəlin başqa bir misala baxaq. İşçi iyun ayında məzuniyyət götürür, lakin, məzuniyyət günləri bayram günləri ilə təsadüf etmir.

Misal. İyun ayında götürülən məzuniyyət bayram günlərinə təsadüf etmir.

İşçi 2017-ci ilin iyun ayının 1-dən 14 günlük məzuniyyət gütürür. İşçinin aylıq əmək haqqısı – 800 manatdır. İşçi tərəfindən aldığı məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləği 9 600 manat təşkil etmişdir (800 man. * 12 ay).

Bir günlük əmək haqqı = Orta aylıq əmək haqqı / 30.4

Bir günlük əmək haqqı = 800 / 30.4 = 26.32 man.

Məzuniyyət dövrünə düşən bütün təqvim günləri ödənilməlidir.

Məzuniyyət haqqı olacaqdır: 26.32 * 14 = 368.48 man.

İyun aynın qalan 8 iş günü üçün əmək haqqını hesablayaq:

800 man. / 18 iş günü * 8 = 355.56

Cəmi iyun ayı üçün işçiyə 724.04 man. (368.48 + 355.56) əmək haqqı hesablanacaqdır.

İndi isə, işçinin bayram günləri olmayan Avqust ayında məzuniyyət götürməsinə baxaq:

Misal. İşçi bayram günləri olmayan Avqust ayında məzuniyyət götürür.

İşçi məzuniyyəti Avqust ayının 18-dən 14 gün müddətinə götürür (18-31 avqust 2017). Yuxarıdakı misalların şərtlərini nəzərə alaq.

Məzuniyyət haqqı olacaqdır: 26.32 * 14 = 368.48 man.

Avqust ayında 23 iş günü var. Onlardan işçi 13 günü işləmişdir.

Avqust aynın əmək haqqısını hesablayaq:

800 man. / 23 iş günü * 13 = 452.17

Cəmi avqust ayı üçün işçiyə 820.65 man. (368.48 + 452.17) əmək haqqı hesablanacaqdır.

Beləliklə, məzunuiyyəti iş günləri daha çox olan ayda götürmək məsləhətdir. Bayram günləri çox olan aylarda isə işləmək sərfəlidir.

Vergi uçotu

Əvvəlki illərdə istifadə olunmamış əmək məzuniyyətinə görə işçiyə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları hər il üzrə ayrı-ayrılıqda, tam olmayan sonuncu iş ilinin kompensasiya haqqı isə onun verildiyi ayın əmək haqqı ilə birlikdə qanunvericiliyə uyğun olaraq gəlir vergisinə cəlb olunur.

Gəlir vergisinin məqsədləri üçün hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqlarından AR Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi ilə müəyyən edilən 200 manat çıxılır.

İşçinin məzuniyyətə çıxması barədə əmr əsas götürülməklə həmin şəxsin məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanır, avans şəklində ödənilir, hesablanmış məbləğə uyğun olaraq gəlir vergisi tutulur.

Məzuniyyət götürülən ay başa çatdıqdan sonra məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı ilə həmin ayda işlənmiş günlərin sayına uyğun olaraq hesablanan əmək haqqı məbləği cəmlənir, məzuniyyət haqqı ödənilən zaman hesablanmış vergi məbləği dəqiqləşdirilir.

Bundan başqa, əmək məzuniyyətinin günləri müxtəlif aylara təsadüf etdiyi halda məzuniyyət haqqının hər aya düşən hissəsi həmin aylar üçün hesablanan əmək haqqı məbləği ilə cəmlənməklə hər ay üzrə ayrılıqda gəlir vergisi hesablanır.

Diqqət!

İşəgötürən tərəfindən işçiyə əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiyası ayrı-ayrılıqda gəlir vergisi və sosial sığorta haqları cari ildə qüvvədə olan dərəcələrlə hesablanır.

Misal üçün, işçi 2019-cu ilin yanvar ayında işdən çıxdıqda 2017, 2018 ci illərdə istifadə etmədiyi məzuniyyət günləri üçün kompensasiya hesablanarkən əmək haqqından gəlir vergisi 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan dərəcələrlə hesablanır.

Bundan başqa, əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əmək haqqına əlavə edilmədən ayrılıqda fiziki şəxslərin gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqlarına cəlb edilir.

Eyni zamanda gəlir vergisinin məqsədləri üçün hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi ilə müəyyən edilən 200 manat çıxılır.



Yazı sonuncu dəfə 2020-12-24 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.