e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Əvəzçilik üzrə işləyərkən əməyin ödənilməsi

Əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra əsas iş yerindən əlavə olaraq, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır.

İşçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində 0,5 ştatla, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman həftəlik normal iş vaxtının müddəti 20 saatdan çox ola bilməz.

Əlavə iş yerində əvəzçilik üzrə əmək fəaliyyəti göstərən işçilərə heç bir məhdudiyyət qoyulmadan əmək qanunvericiliyi ilə müəyyən edilmiş bütün normalar, qaydalar və müddəalar şamil edilir.

Diqqət:

Əgər işçi əsas iş yerində zərərli, təhlükəli və insanın sağlamlılığına mənfi təsir göstərən amillər olan əmək şəraitində işləyirsə, onda onun eyni əmək şəraitli əlavə iş yerində əvəzçilik üzrə çalışması yolverilməzdir.

Yaşı 18-dən az olan işçilərin əvəzçilik qaydasında əlavə iş yerində çalışmalarına yalnız onların həm əsas, həm də əlavə iş yerində gündəlik iş vaxtının cəmi AR Əmək Məcəllənin 91-ci maddəsində onlar üçün nəzərdə tutulmuş qısaldılmış iş vaxtından çox olmadıqda, yol verilə bilər. Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər üçün 36 saatdan artıq olmamalıdır.

Bilavasitə qanunvericilikdə nəzərdə tutulmuş hallarda dövlət hakimiyyəti orqanlarının müvafiq vəzifəli şəxslərinə Əmək Məcəlləsinin 58-ci maddəsində nəzərdə tutulan əvəzçilik üzrə əmək müqaviləsi bağlayaraq əlavə iş yerində işləmək hüququ şamil olunmur (qadağandır).

Əvəzçilik üzrə iş vaxtının müddəti AR Əmək Məcəlləsinin 89-cu maddəsi ilə müəyyən edilmiş normanın yarısından çox olmamaqla tərəflərin razılığı ilə müəyyən edilir.

Beləliklə, əvəzçilik üzrə iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən edilir. Lakin, bilmək lazımdır ki, əvəzçilik üzrə:

  • gündəlik normal iş vaxtının müddəti 4 saatdan və
  • gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 20 saatdan çox olma bilməz

Nəzərə alın ki, müəssisədə əvəzçilik üzrə işləyənlərin gündəlik iş vaxtı normasını (4 saat) təyin etmək mümkün olmadıqda, müəssisə onların iş vaxtının cəmlənmiş uçotunu apara bilər.

Əvəzçilik üzrə işləyənlərin iş vaxtının cəmlənmiş uçotu aparıldıqda, hesabat dövrü üzrə iş vaxtının müddəti AR Əmək Məcəlləsinin 89 maddəsi ilə müəyyən edilmiş normanın yarısından çox olmamalıdır. Gündəlik normal iş vaxtı - 4 saatdan, həftəlik normal iş vaxtı isə 20 saatdan çox olmamalıdır.

İş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməyə əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilmir. İş vaxtı ərzində isə əvəzçilik üzrə işləməyə işəgötürənin razılığı ilə yol verilir. Əvəzçilik üzrə əmək şəraitinin şərtlərini, əmək funksiyasının həcmini əlavə iş yerinin işəgötürəni ilə əmək müqaviləsi bağlanarkən tərəflərin özləri müəyyən edirlər.

Əvəzçilik üzrə işləyən işçilərin əməyinin ödənilməsi mövcud əmək şəraiti nəzərə alınmaqla faktiki yerinə yetirilən işə görə ödənilir.

Əvəzçilik üzrə işləyənlərin tarif (vəzifə) maaşı, mükafatlandırılması, əmək haqqına əlavələrin, artımların verilməsi əsas işçilər üçün müəyyən olunmuş qaydalara uyğun olaraq həyata keçirilir.

Vergi uçotu

Bildiyimiz kimi, AR Vergi Məcəlləsinin 102.1.6 maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2 500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır. Lakin, əvəzçilik qaydasında işləyən işçinin əməkhaqqından gəlir vergisi hesablandıqda bu güzəşt tətbiq olunmur.

Bundan başqa, AR Vergi Məcəlləsinin 102.8 maddəsinə əsasən əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin 102-ci maddədə sadalanan vergi güzəştləri hüququ yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.

Misal.

Müəllim universitetdə əvəzçilik üzrə çalışır. Bundan başqa, onun himayəsində üç uşağı var. Onun saatlıq əmək haqqısı 18 AZN-dir. Cari ilin aprel ayında müəllim 16 saat dərs demişdir.

Müəllimin hesablanmış əmək haqqısı olacaqdır:

18 AZN * 16 saat = 288 AZN

Müəllim əvəzçilik üzrə işlədiyi üçün, ona AR Vergi Məcəlləsinin 102.1.6 maddəsində qeyd edilən 200 manat gədərində azadolma, və 102.5 maddəsində qeyd edilən 50 AZN güzəşt tətbiq olunmur.

Müəllimin əmək haqqısından tutulmalar çıxılandan sonra alacağı əmək haqqı olacaqdır:

288 - 14% - 3% = 239.04 AZN

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə və hamiləliyə və doğuma görə müavinət işçinin hər iki iş yerində aldığı ümumi qazancın əsasında hesablanır. Belə ki, "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"-yə əsasən:

İşçi əsas iş yerindən əlavə başqa müəssisədə də müqavilə üzrə işləyirsə, bu zaman əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işçinin hər iki iş yerində aldığı ümumi qazancın əsasında hesablanır və əsas iş yerində müəyyən olunmuş stavkanın ikiqat məbləğindən artıq olmamaq şərti ilə ödənilir.

AR Əmək Məcəlləsinin 110.2 maddəsnə əsasən əlavə iş yerində əvəzçiliklə işləyən işçilərin də AR Əmək Məcəlləsi ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Əlavə iş yerində məzuniyyət əsas iş yerində məzuniyyət ilə eyni vaxtda verilir. Əlavə iş yerində işçi altı ay işləməyibsə, ona məzuniyyət avans olaraq verilir.

Bundan başqa, işçi əlavə iş yerində məziniyyətindən istifadə etməyibsə, ona kompensasiya verilir.

Yazı sonuncu dəfə 2018-12-05 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.