e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Xidməti müqavilə ilə işləyənlərin əməyinin ödənilməsi

Müəssisənin daxilində lazımi mütəxəssis olmadıqda, və ya hər-hansı bir işin görülməsi müəssisə üçün çətin olduqda, kənar fiziki şəxslər ilə mülki-hüquq müqaviləsi bağlamaq mümkündür.

"Xidmət müqaviləsi"-nə əsasən vətəndaş müqavilədə qeyd edilən xidmətləri müəssisəyə göstərməlidir (misal üçün, maliyyə, hüquqi, informasiya, tibbi və s. xidmətlər). Müəssisə isə göstərilən xidmətlərin haqqını ödəməlidir.

Xidməti müqavilə ilə işə cəlb edilmiş şəxslər fərdi sahibkar kimi verqi orqanlarında qeydiyyatdan keçiblərsə gəlir vergisi və sosial sığorta ödənişçləri onlar tərəfindən hesablanır və ödənilir. Müəssisə isə yalnız görülən işə görə məbləği ödəyir. Yox, əgər fərdi sahibkar kimi qeydiyyatdan keçməyiblərsə, o zaman, müəssisə özü ödəmə mənbəyində gəlir vergisi və məcburi sosial sığörta haqqı hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Qeyd etdiyimiz kimi, müəsissə və fərqdi sahibkar xidməti müqaviləni vergi orqanlarında uçotda olan və uçotda olmayan fiziki şəxslər ilə bağlaya bilər. Bu zaman, vergilərin hesablanması və ödənilməsi fərqli qaydada aparılacaqdır.

Vergi orqanlarında uçotda olan fiziki şəxslər üzrə

Vergi ödəyicisi tərəfindən vergi orqanlarında uçotda olan fiziki şəxslə Mülki Məcəllənin müddəalarına uyğun olaraq mülki-hüquqi müqavilə bağlanarkən həmin xidmətlərə görə ona edilən ödənişlər ödəmə mənbəyində vergiyə cəlb olunmur. Bu zaman gəliri əldə edən fiziki şəxs tətbiq etdikləri vergitutma sistemindən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) asılı olaraq müvafiq vergiləri özü müstəqil olaraq hesablayıb bəyan edilməklə dövlət büdcəsinə ödəyir.

Qeyd.

Onu da qeyd edək ki, AR Vergi Məcəlləsinin 218.5.10 maddəsinə əsasən xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilməz. Aşağıdakı xidmətlər istisna omaqlar:

  • vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlər,
  • aylıq sabit verginin ödəyiciləri olan fiziki şəxslər və
  • Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) həyata keçirən şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla).
Bu müddəalar icbari sığorta müqavilələri üzrə xidmət göstərən sığorta agentlərinə tətbiq edilmir.

Məcburi dövlət sosial sığorta haqqı

Budan başqa, vergi orqanlarında uçotda olan və digər sahələrdə (Ticarət və tikinti sahələrində olmayan) sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər aşağıda qeyd edilmiş miqdarda məcburi dövlət sosial sığorta haqqı ödəməlidirlər:

01.04.2020 tarixindən - 01.01.2021 tarixinə kimi

digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər isə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının (2019-cu il sentyabrın 1-dən 250 manat) 15 faizi miqdarının:

Bakı şəhərində 100 faizi - 37.5 manat;

Sumqayıt və Gəncə şəhərlərində 90 faizi - 33.75 manat;

digər şəhərlərdə 80 faizi - 30 manat;

rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi - 22.5 manat;

kənd yerlərində 50 faizi 18.75 manat.

miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər

Məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir.

Ödəmə mənbəyindən qonorar ödəyən hüquqi və fiziki şəxslər tərəfindən məcburi dövlət sosial sığorta haqqı qonorarın hesablandığı aydan sonrakı ayın 15-dək ödənilir.

Bank orqanlarında hesaba malik olmayan sahibkarlar məcburi dövlət sosial sığorta haqqını təsdiq olunmuş mədaxil qəbzləri əsasında, eləcə də bank orqanları və ya poçtamt vasitəsilə nağd qaydada ödəmə yolu ilə DSMF orqanlarının hesabına köçürürlər.

İcbari tibbi sığorta

01.04.2020 tarixindən etibarən vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər üzrə ( fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) – minimum aylıq əməkhaqqının 4 faizi (2019-cu il sentyabrın 1-dən 250 manat) - 10 manat məbləğində icbarı tibbi sığorta haqqı ödəməlidirlər.

Vergi orqanlarında uçotda olmayan fiziki şəxslər üzrə

Vergi ödəyicisi olan işəgötürən tərəfindən vergi orqanlarında uçotda olmayan fiziki şəxslə Mülki Məcəllənin müddəalarına uyğun olaraq mülki-hüquqi müqavilə bağlanarkən həmin xidmətlərə görə edilən ödənişlərdən Vergi Məcəlləsinin 102.1.6-cı maddəsində qeyd olunan güzəşt (2019-ci il üzrə 200 manat) nəzərə alınmadan ödəmə mənbəyində Vergi Məcəlləsinin 101.1-ci maddəsində qeyd edilən vergi dərəcələrinə uyğun gəlir vergisi hesablanıb, "Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi" ilə hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına bəyan edilməli və həmin müddətədək büdcəyə ödəməlidir

Beləliklə, AR Vergi Məcəlləsinin 101.1-3 maddəsinə əsasən həmin məcəllənin 150.1.7. maddəsi tətbiq edilərkən vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar ödənilən məbləğdən aşağıdakı dərəcələr ilə ödəmə mənbəyindən vergi tutmalıdırlar:

Cədvəl 1

Vergi tutulan aylıq gəlirin məbləği Verginin məbləği
2500 manatadək 14 faiz
2500 manatdan çox olduqda 350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi
Misal.

Tədris mərkəzi cari ilin 1-ci rübündə imtahanların keçirilməsi üçün 2 nəfər nəzarətçi müəllimlər ilə mülki-hüquq xarakterli müqavilələr bağlamışdır. Nəzarətçi-müəllimlər vergi ödəyicisi kimi vergi orqanlarında uçotda deyillər. Onlara ödənilən xidmət haqqlarından aşağıdakı dərəcələr ilə ödəmə mənbəyindən vergi tutulacaqdır:

Vergi Məcəlləsinin 101.1 maddəsində göstərilən cədvəl üzrə:

1-ci müəllim (xidmət haqqı 1 000 manat) - 1 000 * 14% = 140 manat

2-ci müəllim (xidmət haqqı 2 600 manat) - 350 + (2 600- 2 500) * 25% = 375 manat

Bundan başqa, mülki-hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslərə münasibətdə sığortalı qismində onları işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edən şəxslər çıxış edir.

Mülki hüquqi xarakterli müqavilələrlə işləyən və vergi orqanlarında uçotda olmayan fiziki şəxslərə hesablanmış məbləğdən ödəmə mənbəyində gəlirlərin 25 faizi miqdarında məcburi dövlət sosial sığorta ayırması tutulub dövlət büdcəsinə ödənilməlidir.

Bu sığortaolunanlar üzrə icbari tibbi sığorta haqqı isə – gəlirlərinin 8000 manatadək olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi icbarı tibbi sığorta haqqı ödənilməlidir.

Yazı sonuncu dəfə 2020-10-12 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.