e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Müddətli əmək müqaviləsinə xitam verilmə

Bildiyimiz kimi, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.

Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

Misal.

İşçi müəssisə ilə müddətli əmək müqaviləsi bağlayaraq fasilələr ilə müəssisədə 6 il müddətində çalışmışdir. Fasilələrin müddəti 5 ildən az olmuşdur. İşçi ilə bağlanılan müddətli əmək müqaviləsi fasilələr ilə olduğu üçün, həmin müqavilə müddətsiz müqavilə hesab edilə bilməz

Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, aşağıda qeyd edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

DİQQƏT! Yalnız aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər:

  • işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda;
  • təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı;
  • işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda;
  • müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda;
  • işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda;
  • müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən;
  • bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən;
  • tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə;
  • bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda;
  • qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona AR Əmək Məcəlləsinin 68.2 (b) bəndinə əsasən xitam verilə bilər. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı 1 həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

Lakin, müəssisə işçi ilə müqavilənin davam edirilməsini istəmirsə, o zaman, müəssisə rəhbəri müqaviləyə xitam verilməsi ilə bağlı əmr verməlidir. Əmr forması aşağıdakl kimi ola bilər:

Müddətli əmək müqaviləsinə xitam verilməsi əmrini yükləmək.

İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə AR Əmək Məcəlləsinin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Bir təqvim həftəsindən artıq vaxt keçərsə əmək müqaviləsinə xitam verilməsi ümumi qaydada aparılmalıdır.

Misal.

Müəssisə işçi ilə noyabr ayının 4 bir illik əmək müddətli əmək müqaviləsi bağlamışdır. Müqavilənin bitməsinə 5 gün qalmış işçi əmək məzuniyyətinə çıxır. İşçinin məzuniyyəti noyabr ayının 20 bitir.

Əmək müqaviləsinin müddəti 4 noyabr tarixində bitdiyinə baxmayaraq, müqavilənin müddəti məzuniyyətin son gününə kimi uzanır və müqaviləyə noyabr ayının 20 xitam verilir.

Müddətli əmək müqaviləsinin davam etməsini işçi istəmirsə, o zaman, o ərizə ilə müəssisə rəhbərinə müraciət etməlidir.

Əgər işçi müvəqqəti işə çıxa bilməyən işçinin yerinə işə götürülübsə, bu zaman, onun ilə bağlanılan əmək müqaviləsi müddətli hesab edilir. Bu cür müqaviləyə köhnə işçi işə çıxan kimi xitam verilə bilər.

Misal.

Müəssisənin işçisi uşağa qulluq üçün uşaq 3 yaşına çatanadək qismən ödənişli sosial məzuniyyətə çıxmışdır. Həmin işçi bu müddət bitənədək işə çıxa bilər. İşçinin hansı vaxtda işə çıxmağı bəlli olmadığı üçün müəssisə onu əvəz edən yeni işçi ilə müddətli əmək müqaviləsi bağlamışdır, və müqavilədə qeyd edilmişdir ki, sosial məzuniyyətə çıxan işçi işə qayıdan gün, müddətli müqavilənin müddətinin qurtardığı gün hesab edilir.

Beləliklə, yeni işçi ilə bağlanılmış müddətli əmək müqaviləsi sosial məzuniyyətə çıxmış işçinin işə qayıtması gün bitəcəkdir.



Yazı sonuncu dəfə 2020-01-05 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.