e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Orta əmək haqqı

AR Əmək Məcəlləsinə əsasən, bəzi hallarda işçilərin əmək haqqısı yalnız orta əmək haqqı əsasında hesablanmalıdır.

Orta əmək haqqı — işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin AR Əmək Məcəlləsi və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir.

İşçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla ona orta əmək haqqı ödənilməlidir.

Aşağıdakı hallarda işçinin iş yeri və orta əmək haqqı saxlanılır (AR Əmək Məcəlləsi, Maddə: 179):

  1. şahid, zərərçəkmiş şəxs, ekspert, mütəxəssis, tərcüməçi, hal şahidi sifəti ilə təhqiqat, ibtidai istintaq və məhkəmə orqanlarına çağırıldıqda;
  2. ictimai ittihamçı və müdafiəçi, ictimai təşkilatların və əmək kollektivlərinin, habelə qanuni və ya etibarnamə əsasında işçilərin nümayəndəsi qismində məhkəmə iclaslarında iştirak etmək üçün cəlb edildikdə;
  3. münsiflər və kollektiv mübahisələrin həlli üçün yaradılan arbitraj məhkəməsinin tərkibinə daxil edildikdə;
  4. seçkilərin hazırlanması və keçirilməsi dövründə, habelə seçici siyahılarının hazırlanması dövründə dairə və məntəqə seçki komissiyasının həlledici səs hüquqlu üzvü olduqda;
  5. müvafiq dövlət hakimiyyəti orqanlarının ictimai təşkilatların keçirdiyi forumlarda, müşavirələrdə, iclaslarda və digər tədbirlərdə iştirak etmək üçün işəgötürən tərəfindən və ya onun razılığı ilə cəlb olunduqda;
  6. kollektiv danışıqların aparılmasına, kollektiv müqavilələrin, sazişlərin hazırlanması və bağlanmasında iştirak etməyə, kollektiv əmək mübahisələrin həlli üçün barışdırıcı, vasitəçi, arbitr və digər nümayəndə qismində cəlb edildikdə;
  7. fərdi əmək mübahisələrinin həlli zamanı məhkəmə araşdırmalarının aparılmasında iştirak etdikdə;
  8. mülkiyyətçinin maraqlarının və qanuni mənafelərinin müdafiəsi üçün məhkəmələrdə iqtisadi mübahisələrin həllində iştirak etmək üçün cəlb edildikdə;
  9. hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi və xüsusi toplanışlara və səlahiyyətləri daxilində hərbi komissarlıqların cəlb etdiyi digər hərbi tədbirlərdə iştirak etdikdə, habelə hərbi nəqliyyat vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar ezam olunduqda;
  10. hərbi və fövqəladə vəziyyətlə əlaqədar, habelə təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün müvafiq işlərin görülməsinə cəlb olunduqda;
  11. işəgötürən tərəfindən istehsalatdan ayrılmaqla əlavə təhsil müəssisələrinə göndərildikdə;
  12. yaşadığı inzibati ərazi vahidindən başqa bölgəyə, habelə xarici ölkələrə ezamiyyətə göndərildikdə;
  13. müvafiq tədbirlərdə mülkiyyətçinin maraqlarını və qanuni mənafelərini müdafiə etmək və işəgötürəni təmsil etmək zəruriyyəti ilə bağlı iş yerindən kənara göndərildikdə;
  14. kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda;
  15. donor olan işçilər tibbi müayinədən keçdikləri, qan və qan komponentlərini verdikləri gün;
  16. tibbi müayinədən keçirilən zaman işçilər tibb müəssisəsində olduqları vaxt ərzində;
  17. işçilərin öz ixtiralarını və səmərələşdirmə təkliflərini əsas iş yerindən kənarda tətbiqi işlərində iştirak etdikdə;
  18. bilavasitə qanunvericilikdə nəzərdə tutulmuş, habelə işəgötürən tərəfindən müəyyən edilən digər hallarda.
  19. dövlət və ya bələdiyyə orqanlarının işçiləri seçki qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda nəzarət-təftiş xidmətinə cəlb edildikdə.
  20. Məhkəmə-Hüquq Şurasına və ya Hakimlərin Seçki Komitəsinə üzv təyin edildikdə;
  21. dövlət orqanlarının, elmi müəssisələrin, idarə və təşkilatların əməkdaşları, mütəxəssisləri və ekspertləri Məhkəmə-Hüquq Şurasının fəaliyyətinə cəlb edildikdə;
  22. hakim vəzifəsinə namizədlər üçün ilkin uzunmüddətli tədris kurslarına göndərildikdə.

Orta əmək haqqının hesablanması qaydası AR Əmək Məcəlləsinin 60, 77, 123, 170, 172, 179, 181, 198, 224, 230, 232, 236, 243, 244, 245 və 293-cü maddələrində nəzərdə tutulmuş hallarda tətbiq edilir. Bu hallar aşağıdakılardır:

  • İşəgötürənin təşəbbüsü ilə başqa işə müvəqqəti keçirilmə müddətində işçinin əməyi görülən işin müqabilində, lakin əvvəlki orta əmək haqqından aşağı olmamaqla ödənilir.(AR ƏM, 60)
  • Müəssisə ləğv edildikdə və ya işçilərin sayı və ya ştatları ixtisar edildikdə, əmək müqaviləsi ləğv edilərkən işçilərə işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir.(AR ƏM, 77.3)
  • Ödənişli təhsil məzuniyyəti müddətində işçiyə orta əmək haqqı ödənilir.(AR ƏM, 123)
  • Yeni istehsalın (məhsul buraxılışının) başlandığı gündən onun tam mənimsənildiyi dövr ərzində işçilərin əmək haqqının miqdarı əvvəlkindən az olarsa, onların əvvəlki orta əmək haqqı saxlanılır.(AR ƏM, 170)
  • İşçinin əmək kitabçasının sonuncu iş günü verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir.(AR ƏM, 172.6)
  • İxtiraçı və səmərələşdirmə təkliflərinin müəllifləri olan, qan və qan komponentləri verən, ezamiyyətə göndərilən işçilərin iş yeri və orta əmək haqqı saxlanılır.(AR ƏM, 181)
  • Tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır.(AR ƏM, 200)
  • İşçi peşə xəstəliyinə tutulmağa yüksək təhlükə mənbəyi olan işə qəbul edilərkən belə xəstəliyə tutulmağın ehtimal olunan müddəti barədə işəgötürən onu hökmən xəbərdar etməlidir. Bu halda yalnız həmin müddətlə məhdudlaşan müddətli əmək müqaviləsi bağlanmalı və onun müddəti bitdikdən sonra işçiyə əvvəlki orta əmək haqqı saxlanılmaq şərtilə başqa iş verməlidir.(AR ƏM, 224)
  • İşçilərin təqsiri olmadan müəssisələrdə və ya bilavasitə iş yerlərində əməyin mühafizəsi qaydalarının pozulması nəticəsində işin dayandırıldığı müddətdə onların iş yeri, vəzifəsi (peşəsi) və orta əmək haqqı saxlanılır.(AR ƏM, 230)
  • İşçi sağlamlığının mühafizəsinin təmin olunması məqsədi ilə səhhətinə mənfi təsir göstərməyən yüngül və əvvəlkinə nisbətən aşağı maaşlı işə keçirilə bilər. Bu halda işçilərin yüngül işə keçirildiyi gündən etibarən bir ay ərzində əvvəlki işi (vəzifəsi) üzrə orta əmək haqqı saxlanılır.(AR ƏM, 232)
  • Əməyin mühafizəsi üzrə müvəkkilin öz vəzifələrini yerinə yetirməsi üçün işəgötürən ona hər həftə orta əmək haqqını ödəməklə iş vaxtında azı iki saat vaxt ayırır.(AR ƏM, 236)
  • Tibbi rəyə uyğun olaraq hamilə qadınlar, yaş yarımına çatmamış uşağı olan qadınlar əmək funksiyasını yerinə yetirməklə yanaşı uşağını yedizdirməkdə və ya əmizdirməkdə çətinlik çəkirlərsə onlar başqa yüngül işə keçirilirlər, və onların əsas vəzifələri üzrə orta əmək haqqı saxlanılır.(AR ƏM, 243)
  • Yaş yarımına çatmamış uşağı olan qadınlara iş vaxtı ərzində istirahət və yemək üçün verilən ümumi fasilədən başqa, həm də uşağını yedizdirmək (əmizdirmək) üçün əlavə fasilələr verilməlidir. Uşağın yedizdirilməsi ilə əlaqədar fasilələr iş vaxtına daxil edilir və orta əmək haqqı saxlanılır.(AR ƏM, 244)
  • Hamilə və 3 yaşınadək uşağı olan qadınların həm özünün, həm də uşağının tibb müəssisələrində dispanser və ambulator müayinələrinin keçirildiyi, həkim məsləhətləri aparıldığı günlərdə orta əmək haqqı saxlanılır.(AR ƏM, 245)
  • Əmək mübahisəsinin həllinə işçinin iş vaxtı ərzində baxıldıqda həm əsas, həm də əlavə iş yerində onun orta əmək haqqı saxlanılır.(AR ƏM, 293)

Orta əmək haqqının hesablanması qaydası

Orta əmək haqqının hesablanması qaydası AR Əmək Məcəlləsinin 177-ci maddəsi ilə təsdiq edilmişdir. Eyni zamanda, orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclər AR Nazirlər Kabineti tərəfindən müəyyən edilir - Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə. AR Nazirlər Kabinetinin Qərarı N 126.

Əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki 2 təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.

2 aydan az işləmiş işçilər üçün orta aylıq əmək haqqı aşağıdakı qaydada hesablanır: işçinin faktiki işlənmiş günlər ərzində qazandığı əmək haqqını həmin günlərə bölməklə bir günlük əmək haqqı müəyyən edilir, alınan məbləğ əmək haqqı saxlanılan iş günlərin sayına vurulur.

Beləliklə, orta əmək haqqını hesablamaq üçün bizə lazımdır:

  • hesablama dövrü;
  • hesablama dövründə iş günlərinin sayı;
  • hesablama dövründə işçinin qazandığı əmək haqqının cəmi.

Hesablama dövrü - orta əmək haqqı hesablandığı dövrdən öncə olan 2 təqvil ayıdır. Təqvim ayı dedikdə müvafiq ayın 1-dən 30-na (31-nə) kimi dövr hesab edilir (fevral ayında 28 (29)-kimi dövr hesab edilir).

Hesablama dövründə iş günlərinin sayı hesablanarkən, müəyyən etmək lazımdır ki, bu iş günlərinin hamısında işçi işləmişdir ya yox. Əgər hesablama dövründə olan bütün iş günlərində işləmişdirsə, o zaman, beşgünlük iş həftəsini nəzərə alaraq hesablama dəvründə (2 təqvim ayı) iş günlərinin sayı hesablanmalıdır. İş günlərinin sayı hesablanarkən bayram və istirahət günləri nəzərə alınmır. Bunun üçün "İstehsalat təqvimindən" istifadə edə bilərsiniz.

Hesablama dövründə işçinin qazandığı əmək haqqının cəmini hesablanarkən AR Əmək Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş əməyin ödənilməsi üzrə bütün növ ödənclər (aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar) hesaba alınır.

Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclər AR Nazirlər Kabineti tərəfindən müəyyən edilir - Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə. AR Nazirlər Kabinetinin Qərarı N 126.

Misal.

İşçi 2017-ci ilin may ayının 1-dən 3 günlük xidməti ezamiyyətə göndərilmişdir. AR Əmək Məcəlləsinin 179-cu maddəsinə görə ezamiyyətə göndərilən zaman işçinin iş yeri və orta əmək haqqı saxlanılır.

Ezamiyyət zamanı saxlanılan orta əmək haqqının hesablanması üçün hesablama dövrü olacaqdır - 1 mart - 30 aprel.

İşçinin aylıq əmək haqqısı - 1200 AZN-dir. Mart ayında işçiyə 300 AZN miqdarında mükafat hesablanmışdır. Müəssisədə işçilərin əməyin ödənilməsi sistemləri üzrə mükafatlandırma sistemi təsdiq edilmişdir.

Aprel ayında isə işçiyə 100 AZN miqdarında maddi yardım edilmişdir.

Orta əmək haqqı hesablanarkən nəzərə alınan ödənclər aşağıdakılar olacaqdır:

  • Mart və Aprel aylarında hesablanan əmək haqqı - 1 200 * 2 = 2 400 AZN
  • Mart ayı üçün hesablanan mükafat - 300 AZN
Beləliklə, hesablama dövründə işçinin qazandığı əmək haqqının cəmini olacaqdır 2 700 AZN.

Mart və Aprel aylarında işçi bütün iş günləri işləmişdir. İstehsalat təqviminə görə 2017-ci ilin Mart ayında 17, Aprel ayında isə 20 iş günü vardır.

Beləliklər, işçinin xidmət ezamiyyətdə olduğu 3 gün ərzində orta əəmək haqqı olacaqdır:

Orta əmək haqqı = 2 700 AZN / 37 iş günü * 3 gün = 218.92 AZN

İxtiraçı və səmərələşdirmə təkliflərinin müəllifləri olan, qan və qan komponentləri verən, ezamiyyətə göndərilən işçilərin iş yeri və orta əmək haqqı saxlanılmaqla onlara digər müvafiq təminatların verilməsi qüvvədə olan normativ hüquqi aktlarla tənzim edilir.

Yazı sonuncu dəfə 2019-07-05 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.