e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Sənədlər: Lizinq müqaviləsi

AR Mülki Məcəlləsinin 747-5-ci maddəsinə görə lizinq münasibətləri 2 formada rəsmiləşdirilə bilər:

  1. iki müqavilənin bağlanması:
    • lizinq verənlə satıcı arasında "Alqı-satqı müqaviləsi". Alqı-satqı müqaviləsində göstərilməlidir ki, lizinq verən tərəfindən satın alınan əmlak xüsusi olaraq lizinqə verilmək üçün əldə edilir və lizinq alan bu müqavilədən irəli gələn alıcı hüquqlarına malikdir.
    • lizinq verənlə lizinq alan arasında bağlanmış "Lizinq müqaviləsi".
  2. üçtərəfli müqavilənin bağlanması: lizinq alan, lizinq verən və satıcı arasında. Beynəlxalq maliyyə lizinqi haqqında konvensiyaya görə lizinq münasibətləri məhz üçtərəfli müqavilə şəklində rəsmiləşdirilir.
DİQQƏT!!!

AR Vergi Məcəlləsinin 140.6 maddəsinə görə:

İcarəyə verən maliyyə lizinqi başlananadək aktivin sahibi olduğu hallarda, ssudanın verilməsi rejiminə əlavə olaraq, əqd əmlakı icarəyə verənin satması və icarəçinin alması kimi qiymətləndirilir.

Bu o deməkdir ki, lizinq obyekti lizinq müqaviləsi bağlandıqdan öncə lizinq verənin sahibliyində olarsa, vergi uçotunda lizinq əməliyyatından əlavə olaraq alqı-satqı əməliyyatı da baş verir, və, əgər lizinq verən ƏDV ödəyicisidirsə və ya ƏDV qeydiyyatından keçməlidirsə, bu əməliyyat müvafiq olaraq ƏDV-nə də cəlb ediləcəkdir.

Bu səbəbdən, üçtərəfli müqavilə bağlandıqda, və müqavilə bağlandıdan sonra lizinq obyektinə mülkiyyət hüququ lizinq verənə keçdikdə, bu əməliyyatda alqı-satqı elementi olmayacaq, və müvafiq olaraq ƏDV cəlb edilməyəcək.

Bundan başqa, lizinq əməliyyatlarında lizinq və alqı-satqı müqavilələrindən başqa digər tərəflər ilə köməkçi müqavilələrdə bağlanıla bilər: zəmanət müqaviləsi, pul vəsaitlərinin cəlb olunması müqaviləsi, girov müqaviləlsi, zamin durmaq müqavilələri və s.

Lizinqin formaları

AR Mülki Məcəlləsinə görə lizinq 2 formada olur: daxilibeynəlxalq lizinq.

Daxili lizinq həyata keçirildikdə lizinq verən və lizinq alan Azərbaycan Respublikasının rezidentləridir.

Beynəlxalq lizinq həyata keçirildikdə lizinq verən, yaxud lizinq alan (və ya onların hər ikisi) Azərbaycan Respublikasının qeyri-rezidentləridir.

Müqavilənin predmeti

Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

Lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur.

Lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır.

Lizinqin obyekti

Lizinqin obyekti qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır.

Lizinq müqaviləsinin subyektləri

Lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir).

Lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir.

Lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir.

Satıcı (mal verən) alqı-satqı müqaviləsinə əsasən lizinq obyektini lizinq verənə satan hüquqi və ya fiziki şəxsdir.

Lizinq müqaviləsinin forması

Lizinq müqaviləsi yazılı formada bağlanılır.

Lizinq müqaviləsində aşağıdakılar göstərilməlidir:

  • lizinq müqaviləsinin adında lizinqin forması;
  • lizinq obyektinin dəqiq təsviri;
  • lizinq obyekti üzrə verilən hüquqların həcmi;
  • lizinq obyektinin verilmə yeri və qaydası;
  • lizinq müqaviləsinin müddəti;
  • lizinq obyektinin balans uçotunun qaydası;
  • lizinq obyektinin saxlanması və təmiri qaydası;
  • lizinq müqaviləsi əsasında lizinqverənin göstərəcəyi əlavə xidmətlərin siyahısı;
  • lizinq ödənişinin ümumi məbləği və lizinqverənin mükafatının məbləği;
  • hesablaşma qaydasını əks etdirən lizinq ödənişlərinin qrafiki. Lizinq müqaviləsi vaxtından əvvəl icra edildikdə lizinq ödənişlərinin hesablanması qaydası;
  • tərəflərin lizinq obyektini lizinq müqaviləsi ilə bağlı risklərdən sığorta etməsi vəzifələri;
  • tərəflərin öhdəliklərinin mübahisəsiz və aşkar pozuntular sayılan və lizinq müqaviləsinin ləğvinə səbəb olan hallar;
  • tərəflər arasında hesablaşma və lizinq obyektinin geri götürülməsi proseduru;
  • lizinq alanın lizinq müqaviləsinin şərtlərini saxlamaq və ya dəyişməklə lizinq müqaviləsinin müddətini uzatmaq hüququ nəzərdə tutula bilər.

Tərəflərin hüquq və vəzifələri

Lizinq verən

  • Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir.
  • Lizinq verən müvəqqəti sahibliyə və istifadəyə verilən lizinq obyektinin lizinq müqaviləsi bağlanarkən şərtləşdirilmiş və ya lizinq alana əvvəlcədən məlum olan, yaxud lizinq alanın lizinq obyektini nəzərdə keçirərkən və ya lizinq müqaviləsinin bağlanması zamanı onun sazlığını yoxlayarkən aşkar oluna bilən çatışmazlıqlar üçün məsuliyyət daşımır.
  • Lizinq verən müvəqqəti sahibliyə və istifadəyə verilən lizinq obyektinin lizinq müqaviləsi bağlanarkən şərtləşdirilmiş və ya lizinq alana əvvəlcədən məlum olan, yaxud lizinq alanın lizinq obyektini nəzərdə keçirərkən və ya lizinq müqaviləsinin bağlanması zamanı onun sazlığını yoxlayarkən aşkar oluna bilən çatışmazlıqlar üçün məsuliyyət daşımır.
  • Lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq verən lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq alan tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır.
  • Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır.
  • Lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır.
  • Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır:
    • lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə;
    • lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə;
    • lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə;
    • lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə.

Lizinq alan

  • Lizinq alan əmlakı qəbul edərkən hər hansı bir çatışmazlıq aşkar edərsə, qəbul protokolunda bu barədə qeyd etməli və çatışmazlıqları aradan qaldırmaq məqsədilə bu əmlakı satan hüquqi və ya fiziki şəxslər qarşısında tələb irəli sürmək üçün lizinq verənə məlumat verməlidir.
  • Lizinq alan bilavasitə lizinq obyektinin satıcısı qarşısında bu obyektin keyfiyyət və komplektliyi, göndərilmə müddətləri barədə və satıcı ilə lizinq verənin arasında alğı-satqı müqaviləsi ilə nəzərdə tutulan digər tələbləri irəli sürə bilər.
  • Lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır.
  • Lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir.
  • Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.
  • Əgər lizinq alan lizinq verənin yazılı razılığı ilə lizinq obyektini öz vəsaiti hesabına yaxşılaşdırıbsa və bu, lizinq obyektinə zərər vurmadan ayrıla bilmirsə, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, bu yaxşılaşdırılmaların dəyərinin ona ödənilməsini tələb etmək hüququna malikdir.
  • Əgər lizinq alan lizinq verənin yazılı razılığı olmadan lizinq obyektini öz vəsaiti hesabına yaxşılaşdırıbsa və bu lizinq obyektinə zərər vurmadan ayrıla bilmirsə, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan bu yaxşılaşdırmaların dəyərinin ona ödənilməsini tələb etmək hüququna malik deyildir.

Satıcı

  • müqavilədə göstərilən müddətlərdə Lizinq obyektini Lizinq alanın göstərdiyi yerə çatdıraraq, quraşdırmaq və lazımi sazlama işləri aparıb, tam işlək vəziyyətə gətirmək. Lizinq obyektini və ona aid bütün ləvazimatı, ehtiyat hissələrini və texniki sənədləri “Təhvil-təslim Akt”-ı əsasında Lizinq alana təhvil vermək.
  • Lizinq obyektinin dəyərinin tam şəkildə vaxtında ödənilməsini Lizinq verəndən tələb etmək;
  • Lizinq obyektində və onun işləməsində hər-hansı çatışmazlıqları aradan qaldırmaq, ehtiyac yarandıqda onu yenisi ilə əvəz etmək.
  • Lizinq obyektinin istismarı müddətində ona zəmanətli xidmət göstərmək;

"Daxili lizinq müqaviləsinin" (3 tərəfli) nümunəvi formasını buradan yükləyə bilərsiniz.

"Lizinq obyektinin alqı-satqı müqaviləsi"-nin nümunəsini yükləmək

Yazı sonuncu dəfə 2019-08-29 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.