e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Nağd pulların verilməsi

Təhtəlhesab şəxslər müəyyən edilmiş məqsədlər üçün müəssisədən pul alımış müəssisənin işçiləridir. Təhtəlhesab şəxslərə avans olaraq pul vəsaitləri təşkilatın kassasından nağd şəkildə və ya bankda olan hesablarından onların əmək haqqı kartlarına köçürmə yolu ilə ödənilir. Təhtəlhesab şəxslərə nəğd pul aşağıdakı hallarda verilə bilər:

  • ezamiyyə xərcləri üçün;
  • inzibati-təsərrüfat və əməliyyat xərcləri üçün (dəftərxana mallarının alınması, xırda təmir, nümayəndəlik xərcləri və s.);
  • nümayəndəlik xərcləri üçün.
Təhtəlhesab şəxslərə pul verdikdə yaddan çıxartmaq lazım deyil ki, təhtəlhesab şəxslər aldıqları avansların təyinatından asılı olaraq 5 iş günü müddətində onların xərclənməsi barədə mühasibatlığa avans hesabatı təqdim etməlidirlər və xərclənməyən pul qalığını kassaya qaytarmalıdırlar. Eyni şəxsə yeni avans məbləği yalnız əvvəl verilmiş avans məbləği haqda hesabat təqdim edildikdən və pulun qalığı qaytarıldıqdan sonra verilir.

Ezamiyyə məqsədləri üçün verilən avans məbləğləri üzrə avans hesabatları isə təhtəlhesab şəxs ezamiyyətdən qayıtdıqdan sonra onun tərəfindən 3 iş günü müddətində mühasibatlığa təhvil verilməlidir.

Nəğd pullar işçinin ərizəsi əsasında verilir. Ərizə müəssisə rəhbəri tərəfindən təsdiqlənməlidir. Ərizədə müəssisə rəhbəri qeyd etməlidir: nə qədər pul verilir və hansı tarixədək.

Pullar kassadan verildikdə kassa məxaric orderi tərtib edilir (forma KO-2).

Alınan pullara görə təhtəlhesab şəxs avans hesabatı tərtib etməli və müəssisə mühasibatlığına təqdim etməlidir. Mühasibatlıqda təqdim оlunmuş avans hesabatı, оna əlavə оlunan ezamiyyə vəsiqəsi və digər sənədlər əsasında (çek, qaimə, qəbz, nəqliyyatla əlaqədar biletlər və s.) ətraflı yохlanılır və hesabat müəssisə rəhbəri tərəfindən təsdiq edilir.

Nəzərdə saxlamaq lazımdır ki, "Nağdsız hesablaşmalar haqqında" AR qanunun 3.3 maddəsinə əsasən ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30 000 manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15 000 manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

AR Vergi Məcəlləsinin 58.7-1maddəsinə əsasən:

58.7-1. Qanunla nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların nağd qaydada həyata keçirilməsinə görə malı (işi, xidməti) təqdim edən vergi ödəyicisinə qanunvericilik pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Kassadan pulun verilməsi və avans hesabatının təqdim edilməsi zamanı hansı müxabirləşmələr olur? Aşağıdakı misala baxaq:

Misal.

Müəssisənin işçisi Gəncə şəhərinə xüsusi avadanlıq almaq üçün ezamiyyətə göndərilir. İşçinin ezamiyyətə göndərilməsi əmrində ona 2 000 manat ezamiyyə xərcləri verilir. Ezamiyyətdən qayıdandan 1 gün sonra işçi hesabat təqdim edir. Onda qalan 100 manat artıq məbləği işçi müəssisənin kassasına qaytarır.



N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 İşçiyə ezamiyyə xərci verilir 244 "Təhtəlhesab məbləğlər" 221 "Kassa" 2 000
2 İşçi ezamiyyə hesabatını təqdim edir 731 "Sair əməliyyat xərcləri" 244 "Təhtəlhesab məbləğlər" 1 900
2 Artıq qalan pulun kassaya qaytarılması 221 "Kassa" 244 "Təhtəlhesab məbləğlər" 100


Yazı sonuncu dəfə 2019-01-05 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.