e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Yük avtonəqliyyatı üçün yol vərəqi

Yük avtonəqliyyatı üçün yol vərəqi (Forma N YV-1) - ciddi hesabat blankıdır. Onun forma və rekvizitləri AR Maliyyə Nazirliyinin Kollegiyasının 30.06.17-ci il tarixli Q-08 №li qərarı ilə təsdiq edilmişdir. Bu sənədi yalnız AR Maliyyə Nazirliyinin xüsusi razılıq (lisenziya) verdiyi şəxs (mətbəə) tərəfindən sifarişçilərin vəsaiti hesabına çap edilib yayılır.

Hər hansı bir sifarişçi üçün eyni adda, eyni seriyada və eyni nömrədə ciddi hesabat blankından təkrar çap etmək qadağan edilir. Ciddi hesabat blanklarının istifadəsinə nəzarət onun seriya və nömrələrinə əsasən həyata keçirilir.

Yol vərəqi yola çıxan müxtəlif markalı avtonəqliyyat vasitəsinə verildiyindən onların rekvizitləri xüsusiyyətlərinə uyğun olaraq doldurulur. Yol vərəqini bir nüsxədə dispetçer və ya müəssisə rəhbəri tərəfindən təyin edilən məsul şəxs doldurur.

Yol vərəqinin üz səhifəsində müəssisənin adı və VÖEN-İ, yol vərəqinin yazıldığı gün, ay və il göstərilir.

Sürücünün adı, atasının adı, soyadı, sürücülük vəsiqəsinin dərəcəsi, avtonəqliyyatın adı, markası və dövlət qeydiyyat nişanı avtonəqliyyat vasitəsi işə göndərən işçi - "dispetçer" tərəfindən doldururlur.

"Yanacaq(litrlə)" bölməsində işin əvvəlində yanacaq qalığı, verilmiş yanacağın miqdarı, iş ərzində sərf olunub qrafasında sərfiyyat və sona qalıq yazılır. Yanacaq bölməsini yanacaq və sürtkü materialları üzrə məsul şəxs imza edir.

"Xəttə çıxma vaxtı", "Xətdən qayıtma vaxtı" və "Sayğacın göstəricisi km." qrafaları dispetçer tərəfindən doldurulur.

Rekvizitlərin düzgün doldurulması istismar şöbə rəisi və baş dispetçer tərəfindən imza ilə təsdiq edilir.

Cari ay başa çatdıqdan sonra yol vərəqi baş dispetçer və istismar şöbə rəisi tərəfindən yoxlanılır və imza edilir.

Nəqliyyat vasitəsinin gördüyü iş ilə bağlı məlumatları sürücü doldurur. Yol vərəqəsi müəssisənin möhürü ilə təstiqlənir.

Adətən yol vərəqəsi bir günlük verilir. Yol vərəqində göstərilən işlər yerinə yetirildikdən sonra tam doldurulmuş və yoxlanılmış "yol vərəqələri" 3 gün müddətində mühasibatlığına təhvil verilir.

"Yük avtonəqliyyatı üçün yol vərəqi" (Forma N YV-1)-nin forması ilə buradan tanış ola bilərsiniz.

Yazı sonuncu dəfə 2020-01-06 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.