e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Elektron Vergi Hesab Faktura

DİQQƏT!!!

01.01.2020 tarixindən AR Vergi Məcəlləsinin 176-cı maddəsi ləğv edilərək "Elektron Vergi Hesab Faktura"-ların istifadəsi dayandırılıb.

01.01.2020 tarixindən etibarən vergi ödəyiciləri ƏDV məqsədləri üçün yalnız elektron qaimə faktura təqdim etməlidirlər.

Elektron vergi hesab-fakturası elektron formada hazırlanan sənəddir. Elektron vergi hesab-fakturalarının seriyaları və nömrələri Azərbaycan Respublikasının Vergilər Nazirliyində tətbiq edilən Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) vasitəsilə verilir.

ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyən şəxsin elektron vergi hesab-fakturanı verməyə hüququ yoxdur.Vergi ödəyicisi malın alıcısına (işlərin, xidmətlərin sifarişçisinə) Nazairlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada tərtib olunmuş elektron vergi hesabfakturasını mal göndəriləndən (iş görüləndən, xidmət göstəriləndən) sonra 5 gündən gec olmayaraq verməyə borcludur. Qeyd edək ki, verginin ödəyicisi EVHF gec də verə bilər. Bu zaman, vergi ödəyicisinə vergi qanunvericiliyində heç bir sanksiya nəzərdə tutulmayıb.

Elektron VHF özündə aşağıdakı məlumatları əks etdirir:

  1. vergi ödəyicisinin və alıcının (sifarişçinin) adı;
  2. vergi ödəyicisinin və alıcının (sifarişçinin) eyniləşdirmə nömrəsi;
  3. yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin adı;
  4. vergi tutulan əməliyyatın haqqının məbləği, həmçinin vergi tutulan əməliyyatın həcmi;
  5. aksizli mallarda aksizin məbləği;
  6. vergi tutulan əməliyyatdan ödənilməli olan verginin məbləği;
  7. elektron vergi hesab-fakturasının verilmə tarixi;
  8. elektron vergi hesab-fakturasının nömrəsi;
  9. ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicisinin qeydiyyat bildirişini vermiş vergi orqanının adı, bildirişin verilmə tarixi və nömrəsi;
  10. elektron vergi hesab-fakturasını imza etmiş məsul şəxsin vəzifəsi, soyadı, adı, atasının adı.

Elektron vergi hesab-fakturası uçotunun aparılması

Elektron vergi hesab-fakturasının uçotu hər bir əlavə dəyər vergisinin ödəyicisi üzrə AR Vergilər Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi vasitəsilə həyata keçirilir.

Elektron vergi hesab-fakturalarının eyni seriyada və eyni nömrədə təkrarlanmasına yol verilmir.

Elektron vergi hesab-fakturası yalnız əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatdan keçmiş şəxslər tərəfindən təqdim edilə bilər.

Elektron vergi hesab-fakturasının tətbiqi

Elektron vergi hesab-fakturası vergi ödəyicisi (satıcı) tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdən sonra AR Vergilər Nazirliyinin rəsmi internet səhifəsi olan İnternet Vergi İdarəsi tərəfindən avtomatik olaraq alıcının bu səhifədə yaradılmış şəxsi elektron qutusuna (e-qutusu) ötürülür.

Vergi ödəyicisi (satıcı) malın (işin, xidmətin) alıcısına (sifarişçisinə) elektron vergi hesab-fakturasını Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq mal (iş, xidmət) təqdim edildikdən sonra 5 gün müddətində verməlidir.

ƏDV-nin ödəyiciləri olmayan alıcılara pərakəndə mal göndərildikdə və ya xidmət göstərildikdə, elektron vergi hesab-fakturası əvəzinə qəbz və ya çek verilə bilər. Bu sənədlər ƏDV-nin əvəzləşdirilməsinə əsas vermir və əvəzləşdirildikdə etibarsız hesab edilir. Lakin, alıcılar (vergi ödəyicisi komi qeydiyyatdan keçmiş) elektron vergi hesab-faktura tələb edərlərlərsə vergi ödəyicisi onu təqdim etməlidir.

Elektron vergi hesab-fakturanın ləğvi fakturanı təqdim edən vergi ödəyicisi (satıcı) tərəfindən aparılır. Elektron vergi hesab-fakturası ləğv edildikdən sonra alıcının e-qutusuna bu barədə məlumat göndərilir. Məlumat göndərildikdən sonra elektron vergi hesab-fakturası üzərində düzəliş aparıla bilməz, yalnız ləğv olunub yenisi (dəqiqləşdirilmişi) yaradılmalıdır. Belə halda alıcı vergi ödəyicisinə (satıcıya) müraciət edərək, təqdim olunmuş elektron vergi hesab-fakturasının ləğvini xahiş edə bilər və ləğvetmə vergi ödəyicisi (satıcı) tərəfindən həyata keçirilir.

Elektron vergi hesab-fakturanın dəqiqləşdirilməsi elektron vergi hesab-fakturası təqdim edildikdən sonra vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar üzə çıxdıqda (əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və ya qismən geri qaytarıldıqda, əməliyyatın xarakteri dəyişdikdə, qiymətlərin aşağı düşməsi və s.) qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır. Dəqiqləşdirilmiş elektron vergi hesab-fakturasına dəqiqləşdirilən elektron vergi hesab-fakturasının seriya və nömrəsi qeyd edildikdən sonra proqram təminatı tərəfindən yeni seriya və nömrə verilir. Dəqiqləşdirilmiş elektron vergi hesab-fakturası təqdim edildikdən sonra alıcı vergi ödəyicisi tərəfindən təsdiq edilməlidir. Alıcı vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş elektron vergi hesab-fakturası təqdim edildiyi ayın sonuncu gününə kimi təsdiq edilmədiyi halda, dəqiqləşdirilmiş elektron vergi hesab-fakturası proqram təminatı tərəfindən silinir və dəqiqləşdirilməmiş sayılır.

ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən alıcı vergi ödəyicilərinə təqdim edilən dəqiqləşdirilmiş elektron vergi hesab-fakturasının təsdiq edilməsi tələb olunmur və dəqiqləşdirilmiş elektron vergi hesab-fakturası bu Qaydaların 5.3-cü bəndində göstərilən formada çap olunaraq təqdim edilir.

Belə ki, mallar (işlər, xidmətlər) vergi ödəyicisi (satıcı) tərəfindən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən və ya e-qutusu olmayan alıcılara, həmçinin pərakəndə ticarət, ictimai iaşə və məişət xidməti sahələrində təqdim edildikdə, elektron vergi hesab-fakturası alıcıların tələbi ilə AR Vergilər Nazirliyinin rəsmi internet səhifəsi olan İnternet Vergi İdarəsində yaradılmış elektron vergi hesab-fakturası sistemində hazırlanır, qeydə alınır, çap edilir və hüquqi şəxs olan vergi ödəyicisinin imza və möhürü ilə, fiziki şəxs olan vergi ödəyicisinin isə imzası ilə təsdiqlənməklə verilə bilər.

Gömrük orqanları tərəfindən verilmiş idxalda ƏDV-nin ödənildiyini göstərən idxal sənədləri (gömrük bəyannaməsi) ödənişin formasından (nəğd, köçürmə, depozit hesabından) asılı olmayaraq ƏDV-nin əvəzləşdirilməsinə əsas verir. İdxal əməliyyatında elektron vergi hesab-faktura təqdim edilmir.

Misal.

ƏDV ödəyicisi olan müəssisə xaricdən mallar idxal etmişdir. İdxal edilən mallara görə 5 000 AZN ƏDV hesablanmışdır. Müəssisə bu məbləği gömrük orqanlarına nəğd ödəmişdir. Ödənişin formasından asılı olmayaraq müəssisə gömrük orqanlarına nəğd ödədiyi 5 000 AZN ƏDV məbləğini əvəzləşdirə bilər.

Elektron vergi hesab-fakturasının hazırlanması

Elektron vergi hesab-fakturası malı (işi, xidməti) təqdim edən vergi ödəyicisi tərəfindən AR Vergilər Nazirliyinin rəsmi internet saytının İnternet Vergi İdarəsində yaradılmış elektron vergi hesab-fakturası sistemində Azərbaycan dilində hazırlanır.

Elektron vergi hesab-fakturasında məbləğ milli valyutada (manatla) göstərilməlidir. Elektron vergi hesab-fakturası doldurularkən, onun boş qalmış sətirləri olarsa, bunlar proqram təminatı tərəfindən "0" (sıfır) kimi qəbul edilir.

Elektron vergi hesab-fakturasının hazırlanaraq qeydə alındığı tarix həmin elektron vergi hesab-fakturasının verilmə tarixi sayılır və bu tarix elektron vergi hesab-fakturasında proqram təminatı vasitəsilə avtomatik olaraq qeyd olunur.

Elektron vergi hesab-fakturasının "Təqdim edən" rekvizitində mal təqdim edən, iş görən və ya xidmət göstərən vergi ödəyicisinin (satıcının), "Alıcı" rekvizitində isə malın (işin, xidmətin) alıcısının (sifarişçisinin) tam adı və VÖEN-i göstərilməlidir.

Elektron vergi hesab-fakturası malların (işlərin, xidmətlərin) alıcıya (sifarişçiyə) təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (qaimələr, qəbzlər, müqavilələr (əqdlər), təhvil-təslim aktları və s.) əsasında doldurulmalı və bu barədə məlumat elektron vergi hesab-fakturasının "Əsas" rekvizitində öz əksini tapmalıdır. Təsdiqedici sənədlər olmadıqda, elektron vergi hesab-fakturası ƏDV-nin və aksizin əvəzləşdirilməsinə əsas vermir.

Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş elektron vergi hesab-fakturası təqdim edildiyi halda, "Əlavə qeydlər" rekvizitində "Dəqiqləşdirilmiş" sözü yazılmaqla, dəqiqləşdirilən elektron vergi hesab-fakturasının seriyası, nömrəsi və tarixi göstərilməlidir.

Elektron vergi hesab-fakturası verilməsi zamanı vergi ödəyicilərinin iş xüsusiyyətlərindən, təsərrüfat əməliyyatlarının xarakterindən asılı olaraq müvafiq qeydlər aparıla bilər.

Elektron vergi hesab-fakturasının bütün xanalarının doldurulması zəruridir:

"Sıra №-si" sütununda - alıcıya (sifarişçiyə) yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin adları ardıcıl nömrələnməli;

"Yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin adı" sütununda - təqdim edilmiş malların (işlərin, xidmətlərin) adları;

"Ölçü vahidi" sütununda - malların (işlərin, xidmətlərin) ölçü vahidi;

"Miqdarı, həcmi" sütununda - malların (işlərin, xidmətlərin) ölçü vahidi ilə miqdarı (həcmi);

"Vahidinin buraxılış qiyməti" sütununda - malların (işlərin, xidmətlərin) müəyyən olunmuş ölçü vahidinin qiyməti (ƏDV və aksiz nəzərə alınmadan);

"Cəmi" sütununda - yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin (ƏDV-siz və aksizsiz) ümumi dəyəri;

"Aksiz" qrafasının ikinci ("məbləği") sütununda - aksizli mallar üzrə aksizin ümumi məbləği;

"Yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin dəyəri (ƏDV-siz)" qrafasının "cəmi" sütununda - yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri ilə aksizin məbləğinin cəmi;

"o cümlədən, ƏDV-yə cəlb edilən" sütununda - yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin əlavə dəyər vergisinə cəlb olunan dəyəri;

"o cümlədən, ƏDV-yə cəlb edilməyən" sütununda - yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin qanunvericiliyin müddəalarına əsasən əlavə dəyər vergisinə cəlb olunmayan dəyəri;

"o cümlədən, ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb edilən" sütununda - yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin qanunvericiliyin müddəalarına əsasən əlavə dəyər vergisinə sıfır (0) dərəcəsi ilə cəlb edilən dəyəri;

"Vergi tutulan əməliyyatdan ödənilməli ƏDV" sütununda göstərilən məbləğ eyni bir sətir üzrə "ƏDV-yə cəlb edilən" sütununda göstərilən rəqəmin ƏDV-nin qanunvericiliklə müəyyən edilmiş dərəcəsinə hasil edilməklə hesablanır;

"Yola salınmış mallar, görülmüş işlər və ya göstərilmiş xidmətlər üçün məbləğ" sütununda göstərilən məbləğ eyni bir sətir üzrə "Yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin dəyəri (ƏDV-siz)" "cəmi" sütunu ilə "Vergi tutulan əməliyyatdan ödənilməli ƏDV məbləği" sütununda göstərilən məbləğlərin cəminə bərabər olmalıdır;

"Yekunu" sətrində müvafiq bəndlərin sütunlarının yekunu göstərilməlidir, elektron vergi hesab-fakturası bir neçə səhifədən ibarət olduqda yekun sətri sonuncu səhifədə doldurulur.

Elektron Vergi Hesab Fakturanın təqdim edilməməsinə görə məsuliyyət

Elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası verilmədən təqdim edilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Elektron Vergi Hesab Fakturanın çap versiyası.

Yazı sonuncu dəfə 2020-01-02 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.