e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Kassa məxaric orderi

Kassadan nəğd pulların verilməsi kassa məxaric orderi ilə sənədləşdirilir. Kassa məxaric orderi, təsərrüfat məqsədləri ilə kassadan pul götürmək üçün, təhtəlhesab şəxsin ərizə əsasında tərtib edilir. Müəssisə rəhbəri təhtəlhesab şəxsin ərizəsi üzərində verilən pulların miqdarı, onların verilmə müddəti, tarixi qeyd edir, və imzası ilə pulun kassadan verilməsinə icazə verir.

Kassa məxaric orderi ciddi hesabat blankı deyil. Onun forması aşağıdakı kimi ola bilər.

Kassa məxaric orderi tərtib edildikdən sonra müəssisənin rəhbərinə təqdim olunur və rəhbər sənədi imzaladıqdan sonra baş mühasib kassa məxaric orderini imzalayır.

Bundan sonra kassa məxaric orderi kassaya təqdim olunur. Kassir vəsaiti alan şəxsin şəxsiyyət vəsiqəsinə baxır, kassa məxaric orderində şəxsiyyət vəsiqəsinin lazımi qeydlərini yazır və vəsaiti ona verir. Bu zaman kassa məxaric orderini vəsaiti alan şəxs və kassir imzaladıqdan sonra əməliyyat bitmiş hesab olunur.

Kassadan nəğd pul verərkən, "Nağdsız hesablaşmalar haqqında" AR qanununda olan məhdudiyyətləri nəzərə almağa unutmayın. Limitlər pozularsa müəssisəyə qarşı cərimə tətbiq edilə bilər. Cərimənin məbləği: Eyni zamanda, müəssisə rəhbəri də cərimələnə bilər.

Belə ki, Qanunun 3.4.4-cü maddəsində qeyd olunduğu kimi, tətbiq olunan vergitutma sistemindən asılı olmayaraq əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər əmək haqlarını və s. sözügedən ödənişləri nağd qaydada ödəyə bilərlər.

Bununla belə, ƏDV ödəyicilərinə münasibətdə Qanunun 3.3-cü maddəsi nəzərə alınmalıdır, yəni həmin şəxslərin nağd hesablaşmlarının ümumi məbləği təqvim ayı ərzində 30.000 manatdan artıq olmamalıdır.

Bax: "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanununun 3-cü maddəsi.

Misal.

Kassa məxaric orderi iki nüsxədə tərtib edilir. Kassa məxaric orderinin bir nüsxəsi kassadan pul götürən şəxsə verilir, ikinci nüsxəsi isə kassada qalır. Kassa məxaric orderinin hər iki nüsxəsi müəssisənin məsul şəxsləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir.

"Müəssisənin, təşkilatın adı" rekvizitində kassa məxaric orderindən istifadə edən müəssisə, idarə və ya təşkilatın adı əks etdirilir.

"Müxabirləşən hesab,subhesab" rekvizitində kassa məxaric əməliyyatını mühasibat hesablarında əks etdirmək üçün müxabirləşmənin debetində olan hesab qeyd edilir (misal üçün).

"Analitik uçotun şifri" rekvizitində kassa məxaric əməliyyatını mühasibat uçotunun analitik hesabı əks etdirlir.

"Məqsədli təyinatın şifri" rekvizitində kassa məxaric əməliyyatını müəssisədaxili büdcə təsnifat şifri əks etdirilir.

"Verilsin" rekvizitində pul vahidini kassadan təhvil alan şəxsin soyadı, adı və atasının adı əks etdirilir.

"Əsas" rekvizitində kassadan məxaric edilən pul vahidinin məqsədi aydın göstərilməlidir və məxaric orderinə təhtəlhesab şəxsin ərizəsi və digər hər hansı bir ilkin uçot sənədi əlavə verilibsə, o vaxt həmin sənədin adı, №-si, tarixi və qısa məzmunu göstərilir.

"Məbləğ (yazı ilə)" rekvizitində kassadan məxaric edilən məbləğ yazı ilə tam aydın göstərilir.

"Əlavə" rekvizitində kassa məxaric orderinə təhtəlhesab şəxsin ərizəsi və digər hər hansı bir ilkin uçot sənədi əlavə verilibsə, o vaxt həmin sənədin adı, №-si, tarixi və qısa məzmunu göstərilir.

"Üzrə" rekvizitində kassadan pulu alan şəxsin şəxsiyyətini müəyyən edən sənədin adı, seriyası, nömrəsi, verildiyi yer və tarix göstərilir.

"Xəzinadar təhvil verdi" rekvizitində kassadan pulu verən xəzinadarın adı, soyadı və imzası əks olunur.

Kassadan işçilərin əmək haqqısı verildikdə hesablama-ödəmə cədvəli əsasında bir kassa məxaric orderi hazırlanır. Hesablama-ödəmə cədvəlində kassa məxaric orderinin nömrəsi və tarixi qeyd edilir. Kass məxaric orderi ilə aparılan kassa əməliyyatları mühasibatlıqda aşağıdakı müxabirləşmələr ilə əks olunur

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Təhtəlhesab şəxsə pul verilib 244 "Təhtəlhesab məbləğlər" 221 "Kassa" 850
2 Kassada olan nəğd pul bank hesabına daxil edilib 223 "Bank hesablaşma hesabları" 221 "Kassa" 3 000
3 Kassadan təchizatçının borcu ödənilib. 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" 221 "Kassa" 500
4 Kassadan işçinin əmək haqqısı ödənilib. 533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" 221 "Kassa" 600
5 Kassadan təsisçiyə divident ödənilib. 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları" 221 "Kassa" 1 000

Kassa məxaric orderinin müəssisənin arxivində saxlanılma müddəti:

AR Vergi Məcəlləsinin 71.4. maddəsinə görə

Mühasibat uçotu sənədləri, o cümlədən elektron və (və ya) kağız formatda məlumatlar tam oxunaqlı şəkildə 5 ildən az olmamaqla qanunla müəyyən edilmiş müddətdə saxlanmalıdır.

Kassa məxaric orderinin nümunəvi forması



Normativ-hüquqi aktlar:

AR Vergi Məcəlləsi, Maddə 71.4

Yazı sonuncu dəfə 2020-01-06 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.