e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Hesablaşma hesabının açılması

Hesablaşmaların aparılması üçün müəssisələr banklarda hesablar açırlar. Məqsədlərinə görə aşağıdakı hesablar açıla bilər:

  1. Cari hesablar
  2. Cari subhesablar
  3. Valyuta hesabı
Bank hesabların açılması, aparılması və bağlanması "Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları"-na əsasən aparılır.

Cari hesablar

Cari hesab hüquqi şəxslərin, onların filial, nümayəndəlik və digər ayrıca bölmələrinin, həmçinin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı bank əməliyyatlarının aparılması üçün açılır.

Bank hesabının açılması üçün hüquqi şəxs (müəssisə) aşağıdakı sənədləri banka təqdim etməlidir:

  • hesablaşma hesabının açılması üçün ərizə;
  • hüquqi şəxsin nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti;
  • hüquqi şəxsin dövlət qeydiyyatına alınması barədə sənədin notarial qaydada təsdiqlənmiş surəti;
  • hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın notariat qaydasında təsdiq edilmiş surəti;
  • vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli;
  • imza və möhür nümunələri vərəqəsi.

Bank hesabının açılması üçün fərdi sahibkar aşağıdakı sənədləri banka təqdim etməlidir:

  • hesablaşma hesabının açılması üçün ərizə;
  • fərdi sahibkarın şəxsiyyətini təsdiq edən sənəd (sənəddəki məlumatların hesabın açılmasına dair ərizədə və imza nümunəsi vərəqəsində göstərilənlərə uyğunluğu yoxlanılır, bankda saxlanılması üçün sənədin surəti çıxarılır və sənəd geri qaytarılır);
  • vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli;
  • imza və möhür nümunələri vərəqəsi.

Banka təqdim edilmiş sənədlər bankın əməkdaşları və hüquqşunasları tərəfindən yoxlandıqdan sonra hesabın açılması üçün qərar gəbul edilir. Əgər sənədlərdə heç bir uyğunsuzluq yoxdursa müəssisəyə imzalanmış bank hesabı müqaviləsi təqdim edilir.

Cari hesablara müvəqqəti cari hesablar və xüsusi cari hesablar da aiddir:

Müvəqqəti cari hesablar təsərrüfat ortaqlıqları, cəmiyyətləri, kooperativlər və digər təsərrüfat subyektlərinə, onların dövlət qeydiyyatına alınanadək, müvafiq olaraq, nizamnamə, şərikli kapitallarının, habelə, paylarının ödənilməsi üçün açılır.

Xüsusi cari hesablar dövlət və xüsusi notariusların notariat fəaliyyətləri ilə əlaqədar olaraq notariat orqanlarına açılır.

Cari subhesablar

Cari subhesablar hüquqi şəxslərə, onların regional fəaliyyətləri ilə əlaqədar, filial və nümayəndəlik statusu daşımayan yerli qurumlarına açıla bilər. Bu hesablara daxil olan vəsaitlər yerli qurumların işçilərinin əməkhaqları, habelə, bu qurumların fəaliyyətini təmin edən zəruri kommunal xərclərin ödənilməsi üzrə ödənişləri istisna olmaqla, baş təşkilatla bağlanmış bank hesabı müqaviləsində müəyyən olunmuş müddətlərdə, baş təşkilatın cari hesabına köçürülməlidir.

Cari subhesabın açılması üçün ərizə ilə birlikdə aşağıdakı sənədlər təqdim olunur:

  • hüquqi şəxsin dövlət reyestrindən çıxarışın notariat qaydasında təsdiq olunmuş surəti;
  • vergi orqanı tərəfindən hüquqi şəxsə verilmiş şəhadətnamə-dublikatın əsli (yerli qurum vergi ödəyicisi olduqda özünün şəhadətnamə-dublikatının əsli);
  • imza və möhür nümunələri vərəqəsi.

Valyuta hesabı

Valyuta hesabı- xarici valyutalarda hesablaşmaların həyata keçirilməsi üçün istifadə olunan hesabdır.

Valyuta hesabının açılması üçün banka hesabın ərizə və hesablaşma hesabının açılması üçün tələb olunan sənədlər təqdim olunur. Milli valyutada bank hesabı olan bankda xarici valyutada bank hesabının açılması üçün hesabın açılmasına dair ərizə, habelə müvafiq olaraq vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli təqdim olunur.

Onu da qeyd edək ki, vergi ödəyicisi sahibkarlıq fəaliyyəti çərçivəsində qeyri-rezident bankda və ya kredit təşkilatında hesab açarkən vergi orqanından alınmış şəhadətnamə-dublikatların bildiriş hissəsində müvafiq qeydləri özü aparmalı və bu hesablar üzrə əməliyyatlar aparıldığı tarixədək vergi orqanına təqdim etməlidir.

Bank hesabı nömrələri

Banklar tərəfindən bank hesabları rəsmiləşdirilərkən hesab nömrələri aşağıda qeyd edilən 28 simvoldan ibarət İBAN (International Bank Account Number) strukturu üzrə açılır:

  1. "AZ" – ilk 2 (iki) simvol Azərbaycan Respublikasının ölkə kodu;
  2. "NR" – sonrakı 2 (iki) simvol nəzarət rəqəmləri;
  3. "BANK" – növbəti 4 (dörd) simvol maliyyə institutunun SWİFT BİC-inin ilk 4 simvolu;
  4. "HHHHHHHHHHHHHHHHHHHH" – son 20 (iyirmi) simvol müştəri hesab nömrəsi (müştəri hesab nömrəsinin simvollarının sayı 20-dən az olduqda onun əvvəlinə sıfırlar əlavə edilir).


Yazı sonuncu dəfə 2018-10-16 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.