e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Ehtiyatların təchizatçılardan daxil olması

Ehtiyatların təchizatçılardan daxil olmasının düzgün sənədləşdirilməsi üçün ilk öncə təchizatçıları təsnifləşdirək:

  • vergiödəyicisi kimi uçotda olan şəxslər, o cümlədən
    • ƏDV ödəyicisi;
    • ƏDV ödəyicisi olmayan;
  • vergi orqanında uçotda olmayan şəxslər

Vergi uçotunda olan təchizatçıdan mədaxil.

Müəssisə ehtiyatları vergiödəyicilərindən aldıqda, bu malların alışına dair AR Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-fakturanı malgöndərən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür.

İctimai iaşə fəaliyyəti göstərən vergiödəyicisi malları malgöndərənlərlə bağlanmış müqavilələrə uyğun olaraq "Alış sifarişi" (Purchase order) təqdim etməklə aldıqda, həmin malların sənədləşdirilməsi yuxarıda nəzərdə tutulmuş qaydada həyata keçirilir.

Yuxarıda qeyd edilən sənədlərdən başqa, müəssisə və təchizatçı arasında bağlanılan müqavilədə qeyd edilə bilər ki malların təhvil-təslimi ikitərəfli imzalanmış "Təhvil-təslim aktı" ilə sənədləşdiriləcəkdir. "Təhvil-təslim aktı" malların bir şəxsdən digər şəxsə malları təhvil verilməsini təsdiqləyən sənəddir. "Təhvil-təslim aktı"nın tərtib edilməsi müqavilədə qeyd edilibsə onu tərtib etmək mütləqdir. Gələcəkdə tərəflər arasında yaranan mübahisələrin məhkəmədə həll olunması üçün onların rolu böyük ola bilər.

Vergi uçotunda olmayan təchizatçıdan mədaxil.

Ehtiyatlar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda pərakəndə ticarət, ictimai iaşə və topdan satış sahələrində "Malların alış aktı" (Forma N MAA-1), istehsal sahəsində isə "İstehsal ehtiyatlarının alış aktı" (Forma № İEAA-1) və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.

AR Vergi Məcəlləsinin 16.1.11-10 maddəsinə əsasən vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktını tərtib etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

"Malların alış aktı"nda və ya elektron alış sənədində satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (SAA, FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Eyni zamanda, elektron alış sənədində satıcının əlaqə nömrəsi, ünvanı, alınan malın kodu, adı, miqdarı, qiyməti və s. məlumatlar qeyd edilir. Bundan başqa elektron alış sənədində "vergiyə cəlb olunan" və "vergidən azad olunan" sətirləri də əlavə edilib. Belə ki, AR Vergi Məcəlləsinin 101.6-cı maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin "Nağdsız hesablaşmalar haqqında" Qanunun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur. Bu cür hesablaşmalar zamanı "vergiyə cəlb olunan" sətri seçilməlidir.

Belə malların anbara təhvil verilməsi müvafiq olaraq "Malların təhvil-qəbul aktı" (Forma № MTQA-1)"İstehsal ehtiyatlarının təhvil-qəbul aktı" (Forma № İETQA-1) ilə sənədləşdirilir.

Vergi ödəyicisi tərəfindən tərtib edilmiş “Malların elektron alış aktı” çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda “Malların alış aktı“ tərtib edilmir. Vergi ödəyicisi malların vergi ödəyicisi olmayan şəxslərdən nağd şəkildə əldə etdikdə kassa-məxaric orderi yazıb qarşı tərəfin şəxsiyyət vəsiqəsinin surətini ona əlavə etməlidir.

Misal

"Müəssisə" MMC vergi ödəyici olmayan şəxsdən 1 000 manatlıq kənd təsərrüfatı məhsullarını öz ambarında qəbul edib. "Müəssisə" MMC-nin mühasibatlıq şöbəsinin əməkdaşı elektron alış sənədini hazırlayaraq vergi ödəyicisinə imzalatdırır. Belə olduqda, elektron alış sənədi malların alışını təsdiq edən sənəd hesab edilir və bu halda kağız daşıyıcıda alış aktı tərtib edilmir.

Ehtiyatlar təhtəhhesab şəxs tərəfindən alındıqda.

Müəssisə ehtiyatları təhtəlhesab şəxs vasitəsilə aldıqda, təhtəlhesab şəxsə vəkalətnamə (etibarnamə) verir. Malların alışı zamanı təhtəlhesab şəxs satıcıya vəkalətnamə (etibarnamə) təqdim etdikdən sonra satıcı vəkalətnamə (etibarnamə) verən vergiödəyicisinin adına sənədləşdirilmiş malların satışına dair qaimə-fakturanı və ya elektron qaimə-fakturanı, yaxud elektron alış aktı və ya "Malların alış aktı"nı təhtəlhesab şəxsə təqdim edir. Təhtəlhesab şəxsin malları anbara təhvil verməsi "Malların təhvil-qəbul aktı" (Forma N MTQA-1) ilə sənədləşdirilir.

Ehtiyatlar idxal olunduqda.

İdxal mallarının anbara mədaxili alış dəyərini təsdiq edən sənəd və malların anbara təhvil verilməsi ilə bağlı tərtib olunan "Malların təhvil-qəbul aktı" (Forma N MTQA-1) ilə sənədləşdirilir. İdxal malları uçota alınarkən həmin malların idxalına dair gömrük bəyannaməsi, faktura (invoys)müqavilə əsas götürülür. Həmin sənədlərə idxal mallarının daşınmasına dair müqavilə, gömrük təmsilçiliyi birbaşa, yaxud dolayı yolla həyata keçirildikdə – müvafiq səlahiyyətin verilməsini təsdiq edən sənəd, əmtəə-nəqliyyat qaiməsi, gömrük ödənişlərinin ödənilməsini və ya gömrük borcuna görə təminatın verilməsini təsdiq edən sənədlər əlavə edilir. İdxal malları uçot sənədlərində qeydiyyata alınarkən həmin malların alış qiymətinin (faktura qiyməti), nəqliyyat xərclərinin, malların yüklənmə, boşaldılma, yenidən yüklənmə, saxlanma xərclərinin və sığorta xərclərinin cəmi nəzərə alınır.

Ehtiyatların geri qaytarılması nəticəsində mədaxil.

Pərakəndə ticarət və topdan satış sahələrində fəaliyyət göstərən müəssisənin mədaxil etdiyi mallar, həmin malların alqı-satqısına dair müqaviləyə uyğun olaraq, yararlılıq müddətinin bitməsinə və ya digər səbəblərə görə geri qaytarıldıqda, tərəflər arasında "Malların qaytarılması aktı" (Forma N MQA-1) tərtib edilir.

İctimai iaşə fəaliyyəti göstərən müəssisə malları mərasimlərin təşkili ilə bağlı həmin mərasimlərin təşkilatçılarına malların istifadə edilməyən hissəsinin sonradan geri qaytarılmasını nəzərdə tutan müqavilə əsasında təqdim etdikdə, istifadə olunmayan mallar müqavilə şərtlərinə uyğun olaraq geri qaytarıldığı zaman müəssisə onları anbara və ya malların saxlandığı digər təsərrüfat subyektlərinə (obyektlərə) mədaxil edir. Malların mərasimlərin təşkilatçılarına təqdim edilməsi sənədlərlə, malların istifadə edilməmiş hissəsinin geri qaytarılması isə tərəflər arasında imzalanmış "Malların qaytarılması aktı" (Forma N MQA-1) ilə sənədləşdirilir.

Ehtiyatların komissiyaya və ya məsuliyyətli mühafizəyə qəbul edilməsi.

Pərakəndə ticarət və Topdansatış ticarət sahəsində fəaliyyəti göstərən şəxslər komissiyaya və ya məsuliyyətli mühafizəyə qəbul edilmiş malları "Malların təhvil-qəbul aktı" (Forma N MTQA-1) ilə sənədləşdirir və həmin sənədlərdə göstərilən qiymətlərlə uçota alırlar. Malların komissiyaya qəbul edilməsi ilə bağlı tərəflər arasında müqavilə bağlanır.

Ehtiyatların mədaxilinin uçotu.

Ehtiyatların anbara mədaxilinin uçotu məsul şəxslər, malların adları (növləri, partiyaları və s.), miqdarı və ya digər kəmiyyət göstəriciləri və saxlanma yerləri üzrə aparılır.

Pərakəndə və Topdansatış ticarətdə mallar alış və ya satış qiyməti ilə uçota alınmalıdır. Mallar satış qiyməti ilə uçota alındıqda, alış dəyəri ilə satış qiyməti arasındakı fərq ticarət əlavəsi hesabında ayrıca uçota alınmalıdır.

Müəssisə pərakəndə və topdansatış ticarətlə yanaşı, digər fəaliyyət növlərini həyata keçirdikdə, alınmış malları təyinatına uyğun olaraq ayrıca uçota almalıdır. Bu zaman həmin mallar "anbarda olan mallar", "pərakəndə ticarətdə olan mallar", "topdansatış ticarətdə olan mallar" "dolu və boş taralar", "satın alınan məmulatlar", "kirayə (yolda olan) mallar" və digər təyinatlar üzrə mədaxil edilir.

Yazı sonuncu dəfə 2020-03-02 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.